16 may 2022 16:28
696

Türkiyə Avropaya qaz tədarük etməyə hazırdır

Türkiyə Rusiyadan tədarükə alternativ olaraq Şərqi Aralıq dənizindən Avropaya qaz göndərməyə hazır olduğunu bir daha bəyan edib.

“İki sahil” xəbər verir ki, bunu “Reuters” agentliyinə müsahibəsində Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın deyib.

“Rusiyanın mavi yanacağına əsas alternativlərdən biri Şərqi Aralıq dənizindən qazdır. Türkiyə bu məsələdə kömək etməyə və bu prosesin bir hissəsi olmağa hazırdır. Biz bu fikrə açığıq. Mütəxəssislər Şərqi Aralıq dənizindən qaz nəqli üçün ən uyğun marşrutun Türkiyə üzərindən keçdiyini bildirirlər. Bizim Ceyhana gedən qaz kəmərimiz var və qazı buradan Avropa paytaxtlarına nəql edə bilərik”- deyə, o bildirib.

Fevralın əvvəlində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan etmişdi ki, Ankara İsrailin Şərqi Aralıq dənizində hasil etdiyi qazdan daxildə istifadə etməyə və onu Avropaya çatdırmağa hazırdır. Aprel ayında respublikanın xarici işlər naziri Mövlud Çavuşoğlu isə bildirdi ki, müvafiq qərar qəbul olunarsa, Türkiyə ilə İsrail arasında qaz kəməri 4-5 il ərzində tikilə bilər.