17 may 2022 21:18
513

“Çempionumuz” sosial idman layihəsinin növbəti tədbiri

Cənub mirvarisi Lənkəranda  Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan İdman Könüllüləri ictimai birliyinin birgə təsdiq etdiyi əsasnaməyə uyğun olaraq yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin, idmanın təbliğ edilməsi,  qalib idmançıları cəmiyyətdə tanıtmaq məqsədi daşıyan “Çempionumuz” sosial idman layihəsi çərçivəsində tədbirlər davam edir.

Növbəti belə bir tədbir   Lənkəran şəhər 8  saylı tam orta məktəbdə  baş tutdu.  Şagirdlərin görüşünə gələn qonaqlar isə  taekvando idman növü üzrə yeniyetmələr və gənclər arasında Respublika çempionu, beynəlxalq yarışın qalibi, yeniyetmələr və gənclər arasında Avropa birinciliyinin iştirakçısı, yeniyetmələr arasında dünya üçüncüsü, taekvando idman növü üzrə milli komandanın  kapitanı Nizami Hacıyev, taekvando idman növü üzrə yeniyetmələr və gənclər arasında Respublika çempionu və beynəlxalq yarışın qalibi, yeniyetmələr və gənclər arasında Avropa birinciliyinin, eləcə  yeniyetmələr arasında Dünya birinciliyinin iştirakçısı, taekvando idman növü üzrə milli komandanın üzvü Fərid Əliyev  idi.  90 nəfərin iştirak etdiyi tədbir  öz maraq dairəsinə görə yaddaşlara  yazıldı.

Məktəbin direktoru İlqar Paşayev tədbirin açılışında dövlətin idmana olan diqqət və qayğıya, insan həyatında idmanın əhəmiyyətinə geniş toxundu, sağlam həyat tərzinin təbliğinə həsr olunan  belə maarifləndirici tədbirdən şagirdləri faydalanmağa çağırdı. Daha sonra Lənkəran Gənclər və İdman İdarəsinin əməkdaşları Sadiq Həmidov, Yusif Xamiyev  çıxış etdilər. Onlar  tədbirin keçirilmə məqsədindən, layihənin əhəmiyyətindən, idmanla məşğul olmağın faydasından ətraflı danışdılar, şagirdlərə zərərli vərdişlərdən uzaq  durmağı, idmanla məşğul olmağa, sağlam həyat tərzi keçirməyi məsləhət  bildilər .  Söz idmançılara da verildi. Nizami Hacıyev və Fərid Əliyev, eləcə  taekvando idman növü üzrə məşqçi-müəllim Əfqan Rzayev tədbir iştirakçılarına  öz həyatlardan, idmanla məşğul olaraq əldə etdiyi yüksək nəticələrdən söhbət aşdılar , sağlam həyat tərzi naminə hamını idmanla  yaşamağa  çağırdılar.

Çıxışlardan sonra idmana aid video çarx nümayiş olundu.  Qonaq idmançılar  şagirdləri  düşündürən suallara  da həvəslə cavab verdilər. İdmançılarla çəkilən xatirə şəklilər lap yerinə düşdü.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü