18 may 2022 00:58
702

Qlobal böhran şəraitində inkişaf tempini qoruyan ölkə

Azərbaycan regionda ÜDM artımının ən yüksək dinamika nümayiş etdirdiyi yeganə ölkə olaraq qalmaqdadır

Qlobal iqtisadiyyat COVID-19 pandemiyasının mənfi təsirlərini üzərindən atmamış yeni streslərin təsiri altına düşdü. Söhbət ilk növbədə Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədən gedir. Hərbi əməliyyatlar başlayana qədər qlobal miqyasda tələb və təklif arasında kəskin disbalans mövcud idi. Bunun kökündə isə pandemiya ilə mübarizə çərçivəsində bir çox ölkələrin qapanmalara getməsi dururdu. Bütün bunlar nəticə etibarı ilə qlobal inflyasiyanı tətikləyən amillərə çevrildi. Hələ müharibədən öncə ABŞ-da və bir sıra Avropa ölkələrində inflyasiya son 40 ilin maksimumlarına çatdı. Qlobal iqtisadiyyatın inkişaf perspektivlərinə dair meyillər beynəlxalq maliyyə institutlarının gözləntilərində də öz əksini tapıb. Bu il Dünya Bankı qlobal iqtisadiyyatın artımına dair proqnozunu iki dəfə yeniləməli oldu. Son olaraq artıma dair gözləntilər 4,1 faizdən 3,2 faizə endirilib. Ümumdünya Ticarət Təşkilatı (ÜTT) isə proqnozunu birdən-birə 4,1 faizdən 2,8 faizə salıb. Beynəlxalq Valyuta Fondu (IMF) bu il dünya üzrə iqtisadi artıma dair proqnozunu yanvarda elan etdiyi 4,4 faizlik səviyyədən 3,6 faizə endirib.

Azərbaycanla bağlı proqnozlar nikbindir

Dünya üzrə iqtisadi artım proqnozları gələn il üçün ürəkaçan olmasa da, bunların fonunda beynəlxalq maliyyə institutlarının Azərbaycanda iqtisadi artım perspektivlərinə dair gözləntiləri kifayət qədər nikbindir. Elə IMF-in yenilənmiş proqnozunda Azərbaycan iqtisadiyyatının artımına dair gözləntilər 0,5 faiz bəndi artaraq 2,8 faizə çatdırılıb. Bu da təbii ki, ölkəmizdə formalaşdırılan iqtisadi inkişaf modelinin xarici şoklara və streslərə dayanıqlığını bir daha sübut edir. Bu ilin ötən aylarının sosial-iqtisadi nəticələri bunu bir daha təsdiq edir. Belə ki, cari ilin ilk 4 ayında da ÜDM artımı 7,2 faiz olub ki, bu da ciddi nailiyyətdir. ÜDM istehsalının 54,8 faizi sənaye, 7,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,0 faizi tikinti, 2,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,4 faizi informasiya və rabitə, 1,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 14,5 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 7,9 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 3938,4 manata bərabər olub.

Bundan əlavə sahibkarlıqda özəl sektorun payı artıq 84 faizə yüksəlib. Artıq Qarabağdakı layihələrdə iştirak üçün hökumətə sahibkarlıq subyektləri tərəfindən 1 100-ə yaxın müraciət daxil olub ki, onların 390-a yaxını xarici şirkətlərdəndir. İşğaldan azad edilmiş ərazilərin iqtisadi dövriyyəyə cəlbi üçün görülən işlər də Azərbaycana yeni üstünlüklər qazandırır. Burada kənd təsərrüfatı, turizm, sənaye, aqrar-emal, xalq sənətkarlığı və digər bu kimi ənənəvi iqtisadi sektorlarının yenidən canlandırılması və xarici bazarlara çıxış təkcə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına yox, bütünlükdə Azərbaycan iqtisadiyyatına yeni böyük perspektivlər vəd edir.

Logistika və nəqliyyat dəhlizləri üzrə intensivlik artır

Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycan əhəmiyyətli logistika kanallarının və nəqliyyat dəhlizlərinin mühüm hissəsidir. Bura Bakı-Tbilisi-Qars, Orta dəhliz, Şimal-Cənub kimi nəqliyyat koridorları daxildir. Yeni reallıqlar fonunda həmin dəhlizlər üzrə intensivliyin artacağı gözlənilir. Mərkəzi Asiyadan Avropaya Rusiya üzərindən daşınan yüklərin təqribən 10 faizə qədərinin Azərbaycan, Qazaxıstan və Gürcüstan üzərindən keçəcəyi ehtimal olunur. Bu isə Azərbaycan üzərindən yükdaşımaların ən azı 5-6 dəfə artması deməkdir. Orta Asiya, Azərbaycan və Gürcüstan üzərindən yükdaşımalarda 150 min konteynerə qədər artım gözlənilir. Həmçinin Avropa-Qafqaz-Asiya nәqliyyat dәhlizi (TRACECA) vasitəsilə əlavə 35 minə yaxın avtomobillə yükdaşıma nəzərdə tutulur. Bunun səbəbi Rusiya və Ukrayna üzərindən daşımaların azalmasıdır. Çinin daşıma şirkətləri və digər beynəlxalq yükdaşıyıcıların çoxu hələ ki, Rusiya üzərindən daşımalardan çəkinir. Nəticədə diqqət Azərbaycan marşrutuna yönəlib.

Hazırda dəhliz ölkələri arasında infrastrukturun hazır olması, gəmilərin kifayət qədər olması, konteyner yükdaşımalarının həyata keçirilməsi üçün müvafiq prosedurların aparılması ilə bağlı müəyyən məsləhətləşmələr gedir. Beləliklə, yükdaşımaların həcminin artması Azərbaycanın tranzit gəlirlərinin artması deməkdir. Maddi dividendlərlə yanaşı bu ölkəmizə siyasi çıxarlar da vəd edir. Bu isə nəticə etibarı ilə Azərbaycanın Cənubi Qafqazın lideri statusunu daha da möhkəmləndirəcək.

Sevinc Azadi, “İki sahil”