17 may 2022 23:23
625

Əbədi qardaşlıq, rəsmi tərəfdaşlıq

Füzuli və Rize-Artvin Beynəlxalq Hava limanlarının istifadəyə verilməsində birgə iştirak edən prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev Zəngilan, Laçın Hava limanlarının, Zəngəzur dəmir və avtomobil yollarının açılışlarını da eyni sevinclə qeyd edəcəklər

«Hökumətin iki məqsədi vardır. Biri millətin qorunması, ikincisi, millətin rifahının təmin edilməsi. Bu iki şeyi təmin edən hökumət yaxşı, edə bilməyənlər pisdir» söyləyən Türk dünyasının böyük öndəri Mustafa Kamal Atatürk Türkiyənin hər qarış torpağı üçün millətini vahid bir orqanizm kimi ayağa qaldıraraq xalqına müqəddəratına hakim olmaq hüququnu qazandırdı. «Mustafa Kamal Atatürk şəxsiyyəti bir də ona görə qiymətlidir ki, həm Türkiyə xalqı üçün, həm bütün Türk dünyası, həm də bütün dünya üçün o, qurub yaratdığı Cümhuriyyəti yaşada bildi» söyləyən, müasirləri arasında və özündən sonrakı dövrdə də dünya siyasətçiləri arasında adı birincilər sırasında çəkilən Atatürkə rəğbətini bu sözləri ilə bildirən ulu öndər Heydər Əliyevin vurğuladığı kimi, Türkiyənin müstəqilliyinə qovuşması üçün yadellilərə qarşı mübarizələrdə əsl komandan olduğunu şücaəti ilə təsdiqləyən M. K. Atatürk bir ideya naminə vuruşdu: «Türkiyə inkişafa məhkumdur». Atatürkün əsas ideyası bu idi ki, millətin istiqlalını xalqın əzm və qərarı təyin edəcək.

Türk xalqının sevimli öndərinin ideyalarını davam etdirən, varislik borcunu əməli işi, Vətəninə, xalqına xidmətləri ilə yerinə yetirən Prezident Rəcəb Tayyib Ərdoğan bu amala sadiq qalaraq adı dünyanın ən qüdrətli ölkələri ilə eyni sırada çəkilən qüdrətli Türkiyəni daha böyük inkişaf yolu ilə irəliyə aparır.

İqtisadi inkişafı, hərbi qüdrəti ilə dünya dövlətləri arasında söz sahibi olan qardaş Türkiyənin Azərbaycanın təşəbbüsü ilə reallaşan qlobal enerji, nəqliyyat, infrastruktur layihələrindəki iştirakı, nüfuzlu beynəlxalq təşkilatların tədbirlərində Azərbaycan –Türkiyə birlik və həmrəyliyinin sarsılmazlığı ulu öndər Heydər Əliyevin «Bir millət, iki dövlət» aforizmini əbədiləşdirdi. Türk dünyasının həmrəyliyinin güclənməsində həlledici rola malik, müasir dünyamızın qarışıq və mürəkkəb zamanında bu birliyin lokomotivi olan Azərbaycan –Türkiyə qardaşlığı son illərdə bütün sahələr üzrə daha da güclənmişdir.

Qardaş ölkənin artıq tarixin arxivinə gödərilən Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi 30 ildə daim Azərbaycanın yanında olması, Prezident Rəcəb Tayyib Ərdoğanın ölkəmizə hər səfərinin xalqımız tərəfindən bayram kimi qeyd olunması, İkinci Qarabağ müharibəsinin davam etdiyi günlərdə Türkiyənin mənəvi, siyasi dəstəyi soykökü bir olan hər iki xalqın əsrlərdən bəri davam edən qardaşlıq münasibətlərinin sarsılmazlıq nümunəsi idi. Prezidentlər İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın ötən il imzaladıqları «Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında» Şuşa Bəyannaməsi, işğaldan azad edilmiş Azərbaycan ərazilərində aparılan bərpa- quruculuq işlərində türk şirkətlərinin daha yaxından iştirakı münasibətlərin geniş miqyasda davamına imkanlar yaradır.

«İkinci Qarabağ müharibəsi başlanan gündən, ilk saatlardan əziz qardaşım, sayın Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə etmişdir. Müharibənin ilk saatlarından o demişdir ki, Azərbaycan tək deyil. Bu, həm bizi ruhlandırdı, eyni zamanda, müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı, durdurdu. Dedi ki, Türkiyə Azərbaycanın yanındadır və müharibənin ilk saatlarından son dəqiqələrinə qədər əziz qardaşımın və Türkiyə Cümhuriyyətinin, qardaş türk xalqının dəstəyi bizə əlavə güc verirdi. Bu siyasi və mənəvi dəstək bizi ruhlandırırdı» söyləyən Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında, Vətən müharibəsini Zəfərlə başa vuran Azərbaycanın Ermənistan üzərində Qələbəsində Türkiyənin böyük dəstəyi olmuşdur. Türkiyə ilə həmrəyliyindən güc alan Azərbaycan İkinci Qarabağ müharibəsində tarixi missiyanı yerinə yetirdi, ərazi bütövlüyünü, ədaləti bərpa etdi. «Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür» söyləyən Rəcəb Tayyib Ərdoğanın Füzuli Beynəlxalq Hava Limanının açılışında, Zəngəzur dəhlizinin bərpasını gerçəkləşdirən Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlqoyma mərasimində iştirakı dünyada böyük gücə çevrilən Türkiyə-Azərbaycan dostluğunun sarsılmazlıq nümunəsidir.

Bu gün regional mövqeyi möhkəmlənən Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə artıq dünya miqyasında böyük gücə çevrilib və heç kim Türkiyəyə öz iradəsini diktə edə bilməz. Bu dostluq Türkiyə-Azərbaycan birliyinin bəhrəsi olan Zəngəzur dəhlizinin bərpasına böyük əminlik yaratmaqla bütün Türk dünyasını birləşdirəcək. Prezident Rəcəb Tayyib Ərdoğanın vurğuladığı kimi, gün gələcək Zəngəzurdan çıxıb İstanbula qədər gedə biləcəyik və bölgənin tranzit, logistika mərkəzinə çevrilmə imkanı möhkəmlənəcək.

Azərbaycanın nümunəvi inkişaf yolu ilə irəlilədiyini «Azərbaycanda fərqli bir inkişaf var. Ümid edirəm ki, Füzulidən İstanbula birbaşa nəqliyyat dəhlizi olacaq. Bu yolların tikintisi ilə bağlı işlər sürətlə davam edir. Şükürlər olsun ki, azərbaycanlılarla türklər birgə işləri ilə yaxşı bir qardaşlıq nümayiş etdirirlər. Azərbaycan bununla çox ciddi bir inkişafın, dirçəlişin nümunəsini göstərir. Aramızda olan bu həmrəyliyin davam etməsi ilə Azərbaycan çox qısa zamanda barmaqla göstərilən nümunəvi ölkələr arasında yer alacaq» sözləri ilə ifadə edən Rəcəb Tayyib Ərdoğan Zəngəzur dəhlizini hər iki dövlətin gələcək inkişafının bələdçisi adlandırır. Zəngəzur dəhlizinin icrası ilə bağlı göstərilən qətiyyəti qardaş ölkə ilə birgə səyin nəticəsi kimi dəyərləndirən Prezident İlham Əliyevin «Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik» sözləri iki qardaş ölkənin qətiyyətinin ifadəsidir.

 Artıq bütün dünya birliyi tərəfindən qəbul və etiraf edilən «Türkiyə və Azərbaycan qədər biri-birinə bağlı ölkələr yoxdur» sözləri real həyatda əksini tapıb. Bu, birlik hər iki xalqın böyük sərvətidir. Məhz bu dostluq, qardaşlıq sayəsində nəhəng enerji, nəqliyyat layihələri gerçəkləşdirildi. Dünyada mövcud olan ikili standartların yaratdığı milli münaqişələrə, terrorlara son qoyulmasını tələb edən hər iki dövlətin başçıları bölgədə sabitliyin təminatına da eyni dərəcədə diqqət göstərirlər.

Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu günlərdə qardış ölkəyə işgüzar səfəri, Rize-Artvin Hava Limanının açılışında türkiyəli həmkarı ilə birgə iştirak Azərbaycanla Türkiyə arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyinin təsdiqidir. Füzuli Beynəlxalq Hava Limanından sonra Rizə-Artvin Hava Limanının açılması iki ölkə arasındakı nəqliyyat –kommunikasiya infrastrukturunun şaxələnmiş istiqamətinin nümunəsidir.

Hər iki dövlət başçısı arasında aparılan söhbət zamanı ölkələrarası siyasi, iqtisadi, hərbi əlaqələrin yüksək səviyyədə olmasının diqqətə çatdırılması, Şuşa Bəyannaməsinin önəminin xüsusilə vurğulanması, energetika, nəqliyyat, enerji təhlükəsizliyi ilə bağlı əməkdaşlıq məsələlərinin, həmçinin bölgədəki vəziyyət, Azərbaycan ilə Ermənistan və Türkiyə ilə Ermənistan arasında əlaqələr barədə fikir mübadiləsinin aparılması dünya ictimaiyyətini maraqlandıran məsələlər kimi, bu görüşdə də aktuallığını qorudu.
Səfər çərçivəsində Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalının Prezident İlham Əliyevə ulu öndər Heydər Əliyevlə görüşlərini əks etdirən fotolar və üzərində «Qarabağ Fatehi»” yazısı olan tapança hədiyyə etməsi siyasi birliyin tərkib hissəsi idi.

Rize-Artvin Hava Limanının təntənəli açılış mərasimində bütün Türkiyə xalqını təbrik edən Azərbaycan Prezidenti İlham Əliyevin çıxışının dəfələrlə alqışlarla qarşılanması xalqlarımız arasındakı əməkdaşlığın təntənəsi idi. İstifadəyə verilən hava limanını Türkiyədə gedən çox xoş və uğurlu inkişafın təzahürü adlandıran Prezident İlham Əliyevin vurğuladığ kimi, qardaş Türkiyə nəinki dünya miqyasında böyük güc mərkəzinə çevrilib, söz sahibi olub, eyni zamanda, ölkə içində insanlara xidmət naminə həyata keçirilən bütün layihələr Türkiyənin inkişafını, gücünü göstərən amillərdir. Sevindirici haldır ki, görülən işlərin təməlində insan amili, dövlət siyasəti dayanır.

«Bu gün sizinlə bərabər olmaq mənim üçün böyük xoşbəxtlikdir. Bu gün bu gözəl mərasimdə Azərbaycan Prezidentinin iştirakı Türkiyə-Azərbaycan birliyinin növbəti təzahürüdür. Biz hər zaman bir yerdəyik - xoş günlərdə, yaxşı günlərdə, çətin günlərdə də və İkinci Qarabağ savaşı bunu bir daha bütün dünyaya göstərdi. Savaşın ilk saatlarından son gününə qədər mənim qardaşım bizim yanımızda idi, qardaş Türkiyə xalqı bizim yanımızda idi» söyləyən dövlət başçımız Azərbaycanın ən ağır günlərində, çətin məqamlarda Türkiyənin ölkəmizə dəstəyini qardaşlıq köməyi, bizim müştərək, ortaq şanlı tariximizin davamı kimi bir daha xatırlatdı. Şuşa şəhərində bayrağımız ucalana qədər Türkiyənin vəfa borcu adlandırdığı Azərbaycanla qoşa dayandığını xalqımız unutmayacaq. Hazırda bu birlik daha geniş miqyasda, Qarabağın bərpası işində azərbaycanlılarla birgə çalışan Türkiyə şirkətlərinin simasında davam etdirilir. Çox böyük sınaqlardan çıxmış bu həmrəyliyin gündəmdə olan nümunəsi də Rize-Artiv Hava Limanının açılışında hər iki dövlət başçısının birgə iştirakıdır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xalqa xidmət siyasətinin növbəti nümunəsi olan bu hava limanının açılışı Türkiyənin gələcəyə inamla, qətiyyətlə addımladığının ifadəsi, dost və qardaş ölkələr üçün əlverişli hava məkanının yaradılmasıdır. Bölgədə əmin-amanlığın təminatına dəstəyini Liviyada sübut edən, Qabarda, Cudidə, Tendürekdə, Beşlər dərəsində bütün terror təşkilatlarına qarşı barışmaz mübarizəsi Türkiyənin dünyada təhlükəsizliyə verdiyi töhfələrdəndir.

«Bu duyğularla bir daha Rize-Artvin Hava Limanımızın şəhərlərimizə və bölgəmizə xeyirli olmasını diləyirəm. Bu hava limanının ölkəmizə qazandırılmasında əməyi keçən başda nəqliyyat nazirimə, heyətinə, memar, mühəndis və işçilərimizə, podratçı firmalarımıza sizin hüzurunuzda xüsusilə təşəkkür edirəm. Hava limanımızın açılış sevincini bizimlə bölüşən hörmətli Əliyev qardaşıma bir daha minnətdarlığımı bildirirəm» söyləyən Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanla Türkiyə arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini məmnuniyyətlə bildirdi. Hər iki dövlət başçısının iştirakı ilə açılış mərasimləri keçirilən Füzuli, Rize-Artvin Hava limanları iki dövlət arasındakı qardaşlığın, nəqliyyat-kommunikasiya əlaqələrinin sonuncu məkanı deyil. Yaxın illərdə Zəngilan, Laçın Beynəlxalq Hava limanları, Zəngəzur dəmir və avtomobil yollarının açılış mərasimləri qardaşlıq bayramları kimi tarixə yazılacaq. Bu yollar Türk dünyasını daha sıx əlaqələrlə birləşdirəcək.

Xuraman İsmayılqızı, «İki sahil»