18 may 2022 00:09
641

Düşməni xar edən “Xarıbülbül”

Prezident İlham Əliyevin Şuşa şəhərini ölkənin mədəniyyət paytaxtı elan etməsindən sonra  «Xarıbülbül» festivalının bərpa olunması ölkəmizin mədəni həyatında əlamətdar hadisələrdən biridir. Bu  festival mədəniyyət, mənəviyyat baxımından ruhumuzun qələbəsi olmaqla bərabər, həm də siyasi baxımdan bütün Dünya azərbaycanlılarının qürur mənbəyidir. Biz bir xalq olaraq 28 il Şuşasız yaşasaq da bir gün də mənən Şuşasız olmadıq. Düzdür, düşmən bu 28 ildə Şuşada daşı-daş üstünə qoymadı. Çünki onlar anlayırdılar ki, Şuşa gec-tez öz sahibinə qovuşacaq.

Əvəzində, Şuşada yallı gedərək xalqımıza, bütün türk dünyasına acıq verirdilər. Hətta Çıdır düzündə çaxır içərək Prezident İlham Əliyevin də dediyi kimi, təlxəklik  edən Ermənistanın baş naziri Nikol Paşinyan, hətta Azərbaycanın birinici xanımı Mehriban Əliyevanı ironiya ilə Şuşada muğam dinləməyə dəvət edən Nikolun ədəbsiz arvadı Anna Akkopyan 44 günlük müharibədən sonra rəzil duruma düşdülər. Məhz 44 günlük müqəddəs savaşımızda Müzəffər Ali Baş Komandan «dəmir yumruğu» ilə meydanı işğalçıya dar etdi. Beləliklə, 2020-ci ilin noyabrın 8-də Şuşanın işğalçılardan azad olunması bütün acıları unutduracaq müqəddəs tarixə çevrildi.

İşğaldan azad edildikdən sonra Azərbaycanın mədəniyyət paytaxtı Şuşada ikinci dəfə keçirilən «Xarıbülbül» Beynəlxalq Folklor musiqi festivalının keçirilməsi Azərbaycan xalqının tolerantlığının, multikulturalizm dəyərlərinə sadiqliyinin nümayişi, 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin mədəniyyət sahəsində davamıdır. Bir sıra xarici ölkələrin və Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi və folklor kollektivlərinin çıxış etdiyi, xalq və klassik musiqi nümunələrindən ibarət proqramın təqdim olunduğu festivalda xalqımız bir daha bütün dünyaya özünün zəngin mədəniyyətini nümayiş etdirdi. Hər il bu festivalın keçirilməsi bir daha onu göstərir ki, ermənilər nə qədər çalışsalar da Şuşadan Azərbaycan ruhunu silə bilmədilər. Festival sözün əsl mənasında milli birlik, qürur, zəfər, ləyaqət bayramına çevrildi.

Bəli, bu gün Azərbaycan Şuşa şəhərini yenidən bərpa edir, dirçəldir, onun əvvəlki şöhrətinin qaytarılması üçün genişmiqyaslı işlər həyata keçirir. Bu dövr dirçəliş dövrü olmaqla bərabər, həm də milli qürur, milli ləyaqət və inkişaf dövrüdür. Qarabağımızın mirvarisi Şuşa hər gün daha da inkişaf edərək mədəni, milli -mənəvi ruhunu özünə qaytarır. Artıq bu şəhər təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının mərkəzinə çevrilir. Azadlığına qovuşandan qısa zaman sonra, Azərbaycanın mədəniyyət paytaxtı elan olunan Şuşa mühüm tədbirlərə ev sahibliyi etməklə yanaşı, beynəlxalq toplantıların keçirildiyi məkan kimi də dünyada məşhurlaşdı.

Azərbaycan dövləti ilə bərabər, Şuşanın inkişafı üçün Heydər Əliyev Fondu da böyük əmək sərf edir. Fondun təşkilatçılığı ilə Birinci Beynəlxalq Kulinariya Festivalının Şuşada keçirilməsi dünyada böyük mədəni rezonans yaratdı.  Məhz mədəniyyət paytaxtımızda  bu kimi mədəni tədbirlərin keçirlməsi dünyaya  sülh və əmin-amanlıq mesajlarıdır. Biz bununla beynəlxalq aləmə  bir daha göstəririk ki,  Azərbaycan bütün insanlara, millətlərə öz torpaqlarında bir səmanın altında bərabər, xoşməramla, sevgi ilə, məhəbbətlə, qarşılıqlı hörmətlə yaşamağa imkan verən bir dövlətdir.

Elçin Zaman, «İki sahil»