18 may 2022 10:52
293

Lökbatanda küçələr təmir olunur - FOTO/VİDEO

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən aparılan bu işlər 2022-ci ilin "İnvestisiya Proqramı"na uyğun olaraq Qaradağ rayonunda da həyata keçirilir.

AAYDA-dan “İki sahil”ə verilən məlumata görə, proqram çərçivəsində hazırda rayonunun Lökbatan qəsəbəsində uzunluğu 1 200, eni 6 metr olan Vilayət Əsgərov küçəsində təmir işləri aparılır. Sözügedən küçə torpaq əsaslı olduğu üçün gediş-gəlişdə, xüsusən payız-qış mövsümündə problemlərə səbəb olurdu.

Məlumata görə, yenidənqurma işləri çərçivəsində küçə boyu zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol yatağının və küçənin profilə salınması işləri görülüb, yol əsası işlənilib, kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunub.

Hazırda küçə boyu yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Təmir işlərinin aparıldığı sahə 7 200 kv.m təşkil edir.

Sadalanan təmir işləri qəsəbənin 2 430 metr uzunluğa, 6 metr enə malik Massiv 1, küçə 2 ünvanında da icra olunur. İşlərinin aparıldığı 14 580 kv.m sahədə asfaltlanma işlərinə də strat verilib.

Ümumilikdə, qəsəbənin 1 və 2-ci yaşayış massivləri üzrə 8 430 metr uzunluğa malik küçə və yollarında hazırda təmir işləri icra olunur.

Xatırladaq ki, 2021-ci ildə Qaradağ rayonunda ümumi uzunluğu 6.5 km olan küçə və yollarda təmir işləri aparılıb. Cari ildə təmiri nəzərdə tutulan küçələrin uzunluğu isə 19.6 km təşkil edir.

Təbii ki, təmiri aparılan və nəzərdə tutulan küçələr Qaradağ rayonunda vətəndaşların əsas istifadə etdiyi ərazilər olduğu üçün gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da asanlaşmasına gətirib çıxarır.