20 may 2022 21:58
618

Pirallahıda növbəti səyyar görüş

Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov vətəndaşların təkliflərinin, müraciətlərinin və mövcud problemlərinin həllini sürətləndirmək məqsədilə növbəti qəbul keçirib. Rayon sakinlərinin iştirak etdiyi səyyar qəbul 168 nömrəli tam orta məktəbin akt zalında baş tutdu. Qəbulda RİH-nin məsul əməkdaşları, idarə, təşkilatların rəhbərləri iştirak etdilər.

“İki sahil” xəbər verir ki, RİH-nin başçısı Vasif İmanov görüş iştirakçılarını salamlayaraq  qeyd etdi ki, vətəndaşların qəbulu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhali ilə daha sıx təmasda olmaq barədə tapşırığına uyğun olaraq keçirilir və əsas məqsəd insanların problemlərini bilavasitə dinləmək və operativ şəkildə həll etməkdir.

Natiq bildirdi ki, Vətən müharibəsində dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun parlaq qələbəsi 30 illik işğala son qoydu və ədaləti bərpa etdi. 44 günlük müharibə zamanı ölkəmizin yanında olan, “Azərbaycan tək deyil” mesajını dünyaya ünvanlayan qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın və türk xalqının dəstəyi ölkəmizə güc verdi, daha böyük ruh yüksəkliyi ilə irəliyə doğru addımlamağımızı şərtləndirdi. Həm ikitərəfli formatda, həm regional müstəvidə Türkiyə-Azərbaycan qardaşlığı və birgə fəaliyyəti çox önəmli bir amilə çevrilib. Azərbaycanın uğurlarından danışarkən, hər bir zaman xalqımıza və dövlətimizə öz mənəvi və siyasi dəstəyini əsirgəməyən qardaş Türkiyə ilə iqtisadi, siyasi, diplomatik, hərbi əməkdaşlığın önəmini vurğulamamaq olmur.  Bu gün Azərbaycan və Türkiyəni bir-birinə bağlayan strateji layihələr fəaliyyət göstərir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolunun reallığa çevrilməsi hazırda bu iki qardaş xalq arasındakı əlaqələrin möhkəmliyini daha da artırmaqdadır. Ən əsası, Azərbaycan-Türkiyə əlaqələri bütün türk dünyası üçün də mühüm rol oynayır və türkdilli dövlətlər arasında münasibətlərin inkişafına da güclü təsir göstərir. Ölkə başçısı İlham Əliyevin  mayın 14-də   Türkiyəyə işgüzar səfəri çərçivəsində türkiyəli həmkarı ilə birlikdə  Rize-Artvin Hava Limanının açılış mərasimində iştirak etməsi bu birliyin, həmrəyliyin növbəti təzahürü kimi dəyərləndirildi. Dövlət başçısı İlham Əliyevin “Biz hər zaman bir yerdəyik” çağırışı dünyaya ünvanlanan növbəti mesaj oldu. Bütün dünyaya nümunə olan və daim güclənən Azərbaycan və Türkiyə münasibətləri dayanmadan inkişaf edir, əməkdaşlığın  yüksək səviyyəsi hərtərəfli əlaqələrin gücündən və sarsılmazlığından xəbər verir. Hazırda dünyada çox mürəkkəb siyasi proseslərin getdiyini vurğulayan natiq bildirmişdir ki, NATO öz əhatə dairəsini genişləndirməkdə davam etməkdədir. Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzvülüyü məsələsinə müsbət yanaşmır. Azərbaycan Respublikası həm regional, həm də beynəlxalq aləmdə sülhsevər siyasəti ilə dünyada şöhrət qazanmışdır. Azərbaycan Ermənistanla sülh sazişinin bağlanılması üçün güclü səylər göstərsə də, Ermənistan bu müqavilənin imzalanmasına mane olmağa çalışır. Beynəlxalq arenada Azərbaycanın nüfuzunun artması sayəsində ölkəmiz bir-birinin ardınca yüksək səviyyəli iqtisadi forumlara və səfərlərə ev sahibliyi edir. İşğaldan azad edilmiş ərazilərimizdə kənd təsərrüfatının dirçəldilməsi ilə bağlı Azərbaycan Respublikası ilə Türkiyə və İsrail dövlətləri ilə sıx əməkdaşlıq həyata keçirilir. Eyni zamanda qeyd edildi ki, ölkə başçısının işğaldan azad olunan ərazilərə müntəzəm səfərləri və həmin torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərin miqyası göstərir ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası prioritet istiqamətlərdən biridir. Bu gün bu ərazilərdə tikinti-quruculuq işləri getdikcə geniş vüsət alır. İnfrastruktur obyektlərinin sürətlə inşası, tarixi-mədəni abidələrin bərpası, minatəmizləmə əməliyyatlarının miqyasının genişləndirilməsi burada yaşayış məhəllələrinin, inzibati binaların tikilməsinə əlverişli imkan yaradır.

Sonda vətəndaşların müraciətləri dinlənildi. Görüşdə iştirak edən qəsəbə sakinləri əsasən, işsizlik, mənzil şəraitinin yaxşılaşdırılması, yaşadığı mənzilin sənədləşdirilməsi və s. məsələlər ilə bağlı müraciət etdilər.  Vətəndaşlar tərəfindən qaldırılan məsələlər qeydiyyata alındı və həlli istiqamətində yerində aidiyyəti üzrə idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi. Qəbuldan razı qalan sakinlər göstərilən diqqət və qayğıya, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər.