20 may 2022 17:58
727

Deputatlar AŞPA-nın komitə iclasına qatılacaq

Milli Məclisin deputatları – Kamal Cəfərov və Erkin Qədirli Avropa Şurasının Parlament Assambleyasının Hüquq komitəsinin iclasında iştirak etmək üçün mayın 22-dən 23-nə kimi Fransanın Paris şəhərində səfərdə olacaqlar.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən “İki sahil”ə verilən xəbərə görə, Avropa Şurasının Parlament Assambleyasının Hüquq komitəsinin iclasında qurumun əvvəlki iclasının protokolu təsdiqlənəcək, insan hüquqlarının müdafiəsi vəziyyəti ilə bağlı müxtəlif məruzələr dinləniləcək, COVİD-19-un nəticələri, vaksin diskriminasiyasının qarşısının alınması və digər məsələlər müzakirə ediləcək və müvafiq qərarlar qəbul olunacaq.

Sonra deputatlar mayın 23-dən 25-nə kimi Belçikanın Brüssel şəhərində səfərdə olacaqlar. Səfər çərçivəsində Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamal Cəfərov və qrupun üzvü Erkin Qədirli Belçika parlamentində görüşlər keçirəcək. Görüşlərdə parlamentlər səviyyəsində əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılacaq.