11 mart 2016 00:09
246

Neftin bahalaşması bu tempdə davam etsə...

“Qara qızıl”ın  qiymətinin 40 dollardan yuxarı olması büdcəyə yenidən baxılması məsələsini gündəmə gətirir

Martın 7-dən etibarən dünya bazarında “Brent” markalı neftin qiyməti 40 dolları ötüb.  Dünən isə ICE London qitələrarası birjasında “Brent” markalı neftin 1 barelinin dəyəri 0,13 dollar azalaraq 39,52 dollarda qərarlaşıb. Bununla da neftin qiyməti ötən ilin dekabrından bəri ilk dəfə 41 dolları keçib.

Bəs, neftin bahalaşması Azərbaycanın dövlət büdcəsində hansı dəyişikliklərə gətirib çıxara bilər?

Bəri başdan deyək ki, növbəti günlərdə neftin qiymətinin bir qədər də artacağı istisna edilmir. Belə olan halda Azərbaycanın neft satışından əldə etdiyi gəlirlər də artmış olacaq ki, bu da dəqiqləşdirilmiş büdcəsinin gəlirlərinin proqnozda nəzərdə tutulduğundan çox olması deməkdir. Mütəxəssislər hesab edirlər ki, neftin qiymətinin uzun müddət indiki səviyyədə qalması 2016-cı ilin dürüstləşdirilmiş dövlət büdcəsinə yenidən baxmaq zərurətini ortaya çıxaracaq.

Xatırladaq ki, ötən ilin sonlarında təsdiq edilmiş 2016-cı ilin dövlət büdcəsində neftin baza qiyməti 50 dollardan götürülmüşdü. Ötən ilin dekabrından dünya bazarında “qara qızıl”ın satış qiymətlərinin sürətlə ucuzlaşması və 27 dollaradək enməsi səbəbindən Azərbaycan hökuməti 2016-cı ilin dövlət büdcəsinə yenidən baxmalı oldu. Bununla da dürüstləşdirilmiş dövlət büdcəsində neftin baza qiyməti 50 dollardan 25 dollara endirildi. Ancaq son vaxtlar dünya bazarında neftin qiyməti yenidən artmağa başlayıb və bu, dürüstləşdirilmiş büdcəyə yenidən baxılması məsələsini gündəmə gətirir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov neftin qiymətinin bahalaşmasının problemlərin həllində müsbət rol oynayacağını bildirib. Onun sözlərinə görə, neftin qiymətinin 40 dollardan yuxarı olması təkcə Azərbaycanın deyil, neft istehsalı ilə məşğul olan bütün ölkələrin gəlirlərinin artmasına ciddi təkan verir. Bu isə dünya iqtisadiyyatında davam edən qlobal böhranın böyüməsinin qarşısını alan əsas faktorlardandır. Amma millət vəkil hesab edir ki, neftin qiymətinin epizodik olaraq artması fonunda bunun iqtisadi proseslərə təsirlərindən, yaxud da neft ölkələrinin gəlirlərinin artacağından danışmaq hələ tezdir: “Gözləmək lazımdır ki, görək bu qiymətlər uzunmüddətlidir, yoxsa sadəcə epizodik bir proses olacaq. Hər halda prosesi izləmək lazımdır. Çünki həm OPEC ölkələri, həm də dünyanın beynəlxalq iqtisadiyyatla məşğul olan məşhur təşkilatları öz aralarında danışıqlar aparırlar. Üstəlik İran nefti dünya bazarlarına yeni çıxıb, martın sonunda toplantı da gözlənilir. Yəni vəziyyət hələ tam stabilləşməyib, proses davam edir və ona görə də bu proseslərin başa çatmasını gözləmək lazımdır. Yəqin ki, yaxın bir ay ərzində neftin qiymətində baş verən bu artımların müvəqqəti, yoxsa uzunmüddətli xarakter daşıdığı bəlli olacaq”.

Vahid Əhmədov neftin qiymətinin artması fonunda büdcəyə yenidən baxılıb-baxılmamasının hər hansı problem yaratmayacağını bildirib: “Neftin qiymətinin artımı əlbəttə, Azərbaycanın dövlət büdcəsinə, Dövlət Neft Fonduna əlavə vəsait toplanmasına gətirib çıxaracaq. Büdcənin 25 dollardan hesablanması, hazırda neftin 40 dollar olmasının yalnız müsbət tərəfləri ola bilər. Hesab edirəm ki, neftin qiymətinin qalxması fonunda dövlət büdcəsinə yenidən baxılmaması elə bir problem yaratmaz. Amma izləmək lazımdır. Hazırda proqnoz vermək çox çətindir. Amma hər halda prosesi izləmək lazımdır”.

Elxan Salahov, “İki sahil”