KÖŞƏ

Yaqut Ağaşahqızı

Dünyamıza sülh gərəkdir!

08 iyun 2022 23:15
15301

Bu ülvi məqsədə xidmət edən uğurlu xarici siyasət Azərbaycanın beynəlxalq səviyyədə üstün mövqeyini şərtləndirən başlıca amildir

Azərbaycan Vətən müharibəsini şanlı Zəfərlə başa vurduqdan sonra düşmənin dağıdaraq viran qoyduğu ərazilərimizin yenidən qurulması və canlandırılması  işləri ilə məşğul olmaqla yanaşı, regionda sülh yaradılmasına intensiv səylər göstərir. Ölkəmizin beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunan sülh gündəliyi, bu istiqamətdə təşəbbüsləri hazırda Cənubi Qafqazda regional inkişaf üçün yeni imkanlar yaradıb.

Azərbaycanın sülh və təhlükəsizliyin gerçəkləşdirilməsi istiqamətində çevik, konstruktiv siyasətinin beynəlxalq səviyyədə dəstəklənməsi Prezident İlham Əliyevə ayrı-ayrı dövlət və hökumət başçıları tərəfindən müxtəlif vaxtlarda ünvanlanan məktublardan, dövlətimizin başçısı ilə aparılan telefon danışıqlarından, respublikamıza səfər edən rəsmi şəxslərin söhbətlərindən də aydın görünür. Bütün bunlar, eyni zamanda, Azərbaycanın regionda yaratdığı reallıqların qlobal miqyasda qəbul olunmasından, ölkəmizin suveren hüquqlarına hörmət bəslənilməsindən, həmçinin Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması, davamlı sülhün əldə olunması prosesinə mövcud gerçəkliklər çərçivəsindən yanaşılmasından xəbər verir. Müstəqillik Günü münasibətilə dövlətimizin başçısına təbrik məktubu göndərən ABŞ Prezidenti Cozef Bayden İkinci Qarabağ müharibəsində parlaq qələbə əldə edən Azərbaycanın regionda yeni reallıq yaratdığını bildirərək, ölkəmizin Qafqaz və trans-Xəzər regionunun çiçəklənməsi istiqamətində səylərini, respublikamızla Ermənistan arasında diplomatik təmasların qurulması yönündə atılan addımları müsbət dəyərləndirib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda iki dövlət arasında ortaq səylərin, nümunəvi həmrəyliyin və sarsılmaz qardaşlığın keçmişdə olduğu kimi, gələcəkdə də regionda sülhü, rifahı və sabitliyi şərtləndirəcəyi əminliklə xatırladılıb. Daim Azərbaycanın yanında olan Türkiyənin siyasi-mənəvi dəstəyi bizim sülh naminə səylərimizin real nəticələr verəcəyinə inamı daha da artırır. Bu gün Qafqazın üzərində ay­dın səmanın bərqərar olması üzrə səylərimizdə Türkiyənin və digər dost ölkələrin bizə göstərdikləri dəstək olduqca zəruridir. Rusiya Prezidenti Vladimir Putinin Azərbaycanın milli bayramı– Müstəqillik Günü münasibətilə dövlətimizin başçısına göndərdiyi təbrikində isə ölkəmizin uğurları, qlobal məsələlərə verdiyi töhfələr yüksək qiymətləndirilib. Eyni zamanda, respublikamızın dünya arenasında haqlı nüfuz qazanması, beynəlxalq gündəliyin bir çox aktual məsələlərinin həllində mühüm rol oynaması ilə bağlı fikirlər diqqətə çatdırılıb.  İsrail Prezidenti İsxak Hersoqun Prezident İlham Əliyevə məktubunda  isə Azərbaycanın sabitlik adası olması və  buranın əsrlər boyu yəhudi xalqı üçün isti, qonaqpərvər və təhlükəsiz bir ev olması vurğulanmışdır. Əlavə edilib ki, İsraildə Azərbaycan əsilli vətəndaşlar cəmiyyətimizə böyük töhfələr verirlər və onlar milli rəngarəngliyimizin mühüm hissəsidir. Bu iki icma xalqlarımız arasında canlı körpü rolunu oynayır, ikitərəfli əlaqələrimizi daha da gücləndirir.

Azərbaycanın humanizm dəyərlərinə sadiqliyi, regionda sülh və təhlükəsizliyin gerçəkləşdirilməsi istiqamətində çevik, konstruktiv siyasət həyata keçirməsi indiyədək nüfuzlu beynəlxalq qurumlar tərəfindən də dəstəklənib. Bunun nəticəsidir ki, ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və başqa aparıcı beynəlxalq təşkilatların ayrı-ayrı vaxtlardakı bəyanatlarında mövqeyimiz müsbət dəyərləndirilib, postmünaqişə reallıqlarına yüksək qiymət verilib.

 Sadalanan faktlar onu deməyə əsas verir ki, dövlətimizin başçısı Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması məsələsinə daim konstruktiv yana­şıb, hər zaman əsas diqqəti Cənubi Qafqazda postmüharibə vəziyyətinə yönəldərək, Azərbaycanın sülhə, sabitliyə və proqnozlaşdırılmaya sadiq­liyini bəyan edib. Dövlətimizin başçısı regionda hər hansı yeni müharibə risklərinin minimuma endirilməsinə nail olmağa xüsusi önəm verib. Bu, ölkə rəhbərinin nüfuzlu dövlət başçıları, beynəlxalq təşkilatların rəhbərləri ilə söhbətlərində də öz aydın ifadəsini tapıb.

Dünyada ciddi narahatlıq doğuran hadisələrin, ziddiyyətli dəyşikliklərin baş verdiyi bir dövrdə Prezident İlham Əliyev regionda sülhə nail olmağa, inkişaf və tərəqqinin təminatçısı kimi bölgəyə töhfələrini verməyə ciddi səy göstərir.  Dövlətimizin başçısı Qarabağ münaqişəsinin artıq qapanmış səhifə olduğunu, münasibətlərin nor­mallaşmasına xidmət edən fəaliyyətin vacibliyini dəfələrlə öz çıxışlarında, bəyanatlarında ifadə edib. Bu mesaj­ların başlıca motivi ondan ibarətdir ki, Azərbaycan sülhyaratma prinsipinə sadiqdir və beynəlxalq güclər eyni davranış sərgiləməyi Ermənistana da təlqin etməlidirlər ki, sözlə konkret əməl vəhdətinə nail olunsun. Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsində əldə edilən parlaq qələbə ilə ədalətin bərpa olunmasından sonra ordusu və iqtisadiyyatı acınacaqlı duruma düşən Ermənistana vəziyyətdən çıxmağın yeganə yolunu sülh müqaviləsinin bağlanmasında gördüyünü dəfələrlə xatırladıb, Qarabağın təhlükəsizlik, sabitlik və sülh şəraitində inkişafı məsələlərini önə çəkib.

Yaxşısı budur ki, qarşı tərəf Azərbaycanın bölgə üçün olduqca faydalı olacaq təkliflərini düzgün təhlil etsin, regionun inkişafı naminə üzərinə düşən öhdəlikləri yerinə yetirsin. Sülhdə maraqlı olmayan, danışıqların uzadılmasına çalışan erməni siyasətçilər birdəfəlik anlamalıdırlar ki, sülh təşəbbüslərini ləngitsələr də, onu tamamilə dayandıra bilməzlər. İrəvanın üzərinə götürdüyü öhdəliklər üçtərəfli bəyanatlarda, Moskva, Soçi və Brüssel razılaşmalarında aydın əks et­dirilib. Ermənistanın bütün bunları qəbul etməkdən başqa yolu yoxdur. Qarşı tərəf birdəfəlik dərk etməlidir ki, artıq Qarabağ problemi həllini tapıb, Azərbaycan ərazi bütövlüyünü bərpa edib, regiona yeni reallıqlar hakimdir. Ermənistan istər-istəməz qalib və haqlı Azərbaycanın diktə etdiyi şərtləri qəbul etməlidir. Çünki Ermənistan başa düşməlidir ki, həm delimitasiya komissiyasının yaradılması, həm sülh müqaviləsinin hazırlanması, həm də kommunikasiyaların açılması ilə bölgədə davamlı sülh təmin ediləcək, region dövlətlərinin iqtisadiyyatı güclənəcək, logistika imkanları yaranacaq, Ermənistan isə hazırkı təcrid vəziyyətindən xilas olacaq. Əks halda…