22 iyun 2022 15:08
16378

Qalib Ordu

26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri günü

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir.Ordumuzun yaradılması prosesi əslində ölkəmizin müstəqilliyinin tarixidir.

1918-ci il mayın 28-də yaranmış Azərbaycan Demokratik Respublikası cəmi 23 ay yaşamasına baxmayaraq,ölkədə çox böyük işlər görmüşdür.Bu işlərdən biri də ordu quruculuğu sahəsində görülən tədbirlərdir.Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə-əlahiddə korpus yarandı.Bu qerar Şerqin müselman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi.Bunun ardınca ölkədə hərbi mükəlləfiyyət orduya çağırış haqqında hökumət tərəfindən fərman verildi.Az bir vaxt ərzində Azərbaycanda milli ordu quruculuğunda əsaslı nəticələr əldə olundu.

İlk dəfə Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 18 sentyabr tarixli fərmanı ilə təsis edilmiş və 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan ordusunun yaradılması barədə Azərbaycan Ali Sovetinin qərarının qəbul edildiyi tarix 9 oktyabr,Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir.Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən həmin fərman qüvvədən düşürülmüş və 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir.Milli Ordumuzun yaradılması hələ Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövrünə təsadüf edir.O vaxtlar Rusiya imperiyasının müsəlman xalqlarına həqarətli münasibəti,onların orduda xidmətdən “azad” edilməsi bu xalqların hərbi işləri yadırğamasına gətirib çıxarmışdı.1917-1918-ci illərdə erməni təcavüzünün güclənməsi Azərbaycan türklərini fiziki cəhətdən məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu.Yaranmış vəziyyət təcili olaraq ordu quruculuğuna başlamağı tələb edirdi.1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlanıldı.Avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis edildi.Istedadlı general Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir,general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin edildilər.Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi.Bu hərbi birləşmələr Muğanda və Əsgəranda milli hökumətə qarşı baş vermiş qiyamları yatırmaqda yüksək səriştəlilik göstərdi. AXC süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi.Onun rəhbərlərinin əksəriyyəti Nargin adasına aparılıb güllələndi.

Əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan ordusunun ənənələri müasir dövrdə də qorunub saxlanılır və inkişaf etdirilir.Bu isə ümummilli liderimiz Heydər Əliyevin ciddi səyləri nəticəsində mümkün olmuşdur. Ali Baş Komandan Heydər Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələr quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil,qüdrətli ordu yaratmağa imkan vermiş,onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratmışdır.

Azərbaycan Ordusu yaradılmasına başlanıldığı vaxtdan müxtəlif təzyiqlərə məruz qaldı. Həm xaricdən,həm də daxildən göstərilən təzyiqlərin əsas məqsədi ordu quruculuğunun qarşısını almaqla Azərbaycanın müstəqil bir dövlət kimi mövcudluğuna yol verməmək idi.Sovet hakimiyyəti dövründə də Rusiya imperiyasının azərbaycanlılara qarşı hərbi siyasəti dəyişməmişdi. Sovet dövründə çar dövründən fərqli olaraq azərbaycanlı gənclər hərbi xidmətə çağrılırdılar. Lakin onlar döyüş üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən tikinti batalyonlarında xidmət edirdilər. Məqsəd Azərbaycanlılar arasında hərb elminə dərindən yiyələnən,müasir silahlarla rəftar etməyi bacaran hərbçilərin yetişdirilməsinə imkan verməmək. Bu siyasətin mahiyyətini yaxşı başa düşən Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra,1971-ci il iyunun 20-də C.Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbi təşkil etdi.Dövlət başçımız azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə,eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına nail olmuşdu.Bu gün C.Naxçıvanski adına Hərbi Liseyin milli zabit kadrlarımızın yetişdirilməsində və o dövrdə ali hərbi məktəbləri bitirmiş şəxslərin silahlı qüvvələrin formalaşmasında müstəsna rolu vardır.Bu məktəblərdə yetişən Azərbaycan hərbçiləri Birinci ve İkinci Qarabağ müharibələrində misilsiz igidliklər göstərmişlər.Lakin bu nailiyyətlər asanlıqla əldə edilməmiş,çox mürəkkəb və çətin tarixi inkişaf yolu keçmişdir.

Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa edərkən artıq Ermənistan Respublikası ilə müharibə vəziyyətində idi. Tarix boyu Azərbaycana qarşı ərazi iddiasında olan ermənilər onlara havadarlıq edən və ölkəmizi parçalamaq,onun müstəqilliyinə mane olmaq istəyən digər qüvvələrlə birlikdə bir hissəsini işğal etmişdilər.O zaman Azərbaycana rəhbərlik edən şəxslər qətiyyətsizlik və iradəsizlik nümayiş etdirərək Silahlı Qüvvələri yarada bilmədilər.1991-ci ilin sentyabrın 5-də Müdafiə Nazirliyinin yaradılması baradə qərarın və həmin ilin oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti tərəfindən Silahlı qüvvələrin yaradılması haqqında qanunun qəbul edilməsinə baxmayaraq,Respublika rəhbərliyi bu qərarların həyata keçirilməsi üçün heç bir səy göstərmirdi.SSRİ-nin tərkibində qalmağa,ittifaq orqanlarının himayəsi altında yaşamağa və onun vahid ordusunun saxlanmasına meyli olan Ayaz Mütəllibov Azərbaycanın müstəqil ordusunun formalaşmasında heç də maraqlı deyildi.Ona görə də orduya dövlət səviyyəsində lazımi diqqət yetirilmir,onun təşkilatlanması üçün zəruri tədbirlər görülmürdü.Bu qısa dövrdə dörd müdafiə nazirinin dəyişdirilməsi ordu quruculuğuna mənfi təsir göstərməklə yanaşı,ona olan münasibəti təzahür etdirirdi.

AXC-Müsavat hakimiyyəti dövründə də ölkəmizin ərazi bütövlüyünün qorunması üçün lazımi tədbirlər həyata keçirilmirdi. O vaxtkı iqtidar səriştəsizliyi üzündən düşünülmüş hərbi siyasət yeritmək qabiliyyətində olmadığına görə ölkəni və əhalini hər cür silah və hərbi texnika ilə təchiz edilmiş düşmənin ordusundan qoruya bilmir,onun qarşısında aciz qalırdı. Belə vəziyyətin yaranmasında günahkar olan o zamankı dövlət rəhbərləri sonralar bu halı etiraf etmək məcburiyyətində qalmışdılar. Daxili qeyri-sabitlik,siyasi çəkişmələrin geniş vüsət alması,cinayətkar mafioz dəstələrin fitnələri,xarici xüsusi xidmət orqanlarının qarşısı alınmayan kəşfiyyat-təxribat fəaliyyətinin ordu quruculuğu prosesinə göstərdiyi dağıdıcı təsiri 1993-cü ilin ortalarında artıq ordunu məhv olmaq təhlükəsi qarşısında qoydu.

Bütün bunların nəticəsində işğalçı Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarının 20 faizini zəbt etmiş,1 milyondan artıq vətəndaşımızı öz yurdlarından didərgin salmış, on minlərlə insanı məhv etmişdi. Ölkə daxilində hakimiyyətsizlik,qarışıqlıq və xaos, siyasi çəkişmələr, ordunun iflic vəziyyətində olması,ərazilərin işğalı,ölkənin parçalanması və müstəqilliyin itirilməsi təhlükəsi əhalidə ruh düşkünlüyü,vahimə və qorxu,dövlətə və orduya,sabahkı günə inamsızlıq hissləri yaratmışdı. Belə bir ağır böhranlı şəraitdə Azərbaycan xalqı öz müstəqil dövlətinin məhv edilməsi təhlükəsi qarşısında üzünü Naxçıvana, xalqın layiqli oğlu Heydər Əliyevə tutaraq onu hakimiyyətə dəvət etdi. Azərbaycan xalqı o ağır günlərdə müdriklik göstərərək Heydər Əliyevə üz tutdu, Onu hakimiyyətə dəvət etdi. O,hakimiyyətə gələndən sonra Azərbaycanda işlər müsbət istiqamətdə getməyə başlamışdır.O cümlədən ordu quruculuğu sahəsində böyük islahatlar aparılmışdır.Nizami ordu quruculuğu məhz o illərdə başlamışdır.

Yalnız Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gəlməsi və Azərbaycan Respublikasının Prezidenti seçilməsi vəziyyəti kökündən dəyişdi,respublikamızda ordu quruculuğu sahəsində mühüm tədbirlərin həyata keçirilməsinə güclü təkan verdi,cəbhədə vəziyyətin müsbət istiqamətdə inkişafına şərait yaratdı.Bu dövrdən etibarən ölkədəki silahlı qüvvələr dövlətin tam nəzarətinə keçdi.Görülmüş tədbirlər nəticəsində qısa zaman kəsiyində Füzuli və Ağdam rayonlarının bir sıra yaşayış məntəqələri işğaldan azad edildi,cəbhədə təşəbbüs Azərbaycan ordusunun əlinə keçdi.Bu uğurların müvəqqəti olduğunu güman edən düşmən öz havadarlarının köməyindən və silahlı sursatından istifadə edərək 1994-cü ilin ilk aylarında bütün cəbhə boyu irimiqyaslı hücum əməliyyatlarına başladı.Lakin Azərbaycan ordu hissələrinin Füzuli,Beyləqan,Ağdam və Tərtər istiqamətlərindəki müqaviməti ilə rastlaşan və Azərbaycan əsgərinin qəhrəmanlıq nümunələrinin şahidi olan düşmən cəbhədə atəşkəsə razılıq verməli oldu.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzalamışdır.Prezidentin 20 avqust 2001-ci il tarixli fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmışdı.Bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır.

Tarixi varislik ənənəsinə uyğun olaraq ümummilli liderimiz Heydər Əliyevin fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun günü Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilir.

Bu gün Azərbaycan ordusu dünyanın güclü orduları sırasındadır. Ordu quruculuğu əsas vəzifəmizdir.Güclü ordunu yaratmaq üçün güclü iqtisadiyyatımız olmalıdır.Bütün aparıcı beynəlxalq təşkilatların reytinqlərində Azərbaycan ən qabaqcıl yerlərdədir.Öz zəhmətimizlə qazanılan vəsaiti ölkə qarşısında duran əsas məqsədlərin həllinə yönəldirik və onların arasında ordu quruculuğu birinci yerdədir.Ordumuz ən müasir silahlarla,texnika ilə təchiz edilmişdir.O cümlədən Azərbaycanda istehsal olunan bir çox hərbi təyinatlı məhsullar ordumuzun potensialını gücləndirir.Son illər ərzində 20-dən çox hərbi zavod yaradılmışdır.Bu zavodlarda 1200 adda hərbi təyinatlı müxtəlif məhsullar istehsal olunur,ordumuz təchiz edilir.Eyni zamanda,biz artıq hərbi məhsullarımızı ixrac etməyə də başlamışıq.Həmçinin Azərbaycan bir çox ölkələrdən ən müasir silah və texnika alır.Ordumuz maddi-texniki təchizatı baxımından Azərbaycan dünya miqyasında nadir ölkələrdən biridir.

Ali Baş Komandan İlham Əliyev daimi nəzarəti, diqqət və qayğısı ordumuzun inkişafında mühüm rol oynamışdır. Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda hərbi sənaye kompleksləri də yaradılıb.Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir.Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur.İnanıram ki,qələbə əzmi ilə xidmət edən ordumuzun şəxsi heyəti xalqımızı daha çox qələbələrlə sevindirəcək. Bu isə Azərbaycan Ordusunun dövlət qayğısına,xalq sevgisinə ən düzgün cavabı olmalıdır.

Silahlı Qüvvələr Gününü biz Müzəffər Ordu kimi, qəhrəman xalq kimi qeyd edirik. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

Orxan İsmayılov, 
Eskşehir Osmangazi üniversitetinin tələbəsi, 
YAP Xətai rayon təşkilatının fəal üzvü