23 iyun 2022 20:04
240

Müstəqil Azərbaycan dövlətinin memarı

Tarix səhifələrində yetişən insanlar çətin anlar üçün qəhrəman kimi yetişirlər. Ən ağır günlərin mərdliyində yoğrulur onlar. Onlar bir millətin yüksəlişi üçün dirçəlirlər köklərindən. Gələcək xoş günlər onların budaqlarında tumurcuqlanırlar. Azərbaycan xalqının əbədi Öndəri Heydər Əliyevdə məhz belə şəxsiyyətlərdəndir.

Ulu Öndər Heydər Əliyev hər zaman memar olmaqı arzu edirdi. O, bu arzusuna çatdı. Çünki bugünkü Azərbaycan dövlətinin memarı məhz Odur. Onun titanik fəaliyyətləri nəticəsində Azərbaycan öz güclü sabahlarına addımladı.

Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının tarixində nadir şəxsiyyətlərdəndir ki, Onun zəngin irsi hər zaman politoloqların, filosofların, tarixçilərin və müxtəlif profilli tədqiqatçıların daim diqqət mərkəzində olacaq. O, Azərbaycan xalqının milli dövlətçilik mübarizəsindəki misilsiz xidmətləri ilə bütün dünya azərbaycanlılarının sonsuz sevgisini qazanmışdır. Ulu öndər çıxışlarının birində deyirdi: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycana, Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub”.

Ötən yüzillikdə cərəyan edən hadisələrin təhlili göstərir ki, respublikanın müstəqilliyə gedən yolu 1969-cu ildən başlayaraq ulu öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirilən məqsədyönlü siyasətlə tamamlanıb. Zaman və ictimai-iqtisadi formasiya baxımından kifayət qədər fərqli olan hər iki tarixi dövrün əsas ortaq cəhətləri isə ulu öndərin Azərbaycana böyük nailiyyətlər qazandıran fədakar xidməti, eləcə də ölkənin inki¬şafında yeni impuls və tərəqqi meyillərinin geniş vüsət alması olub. Heydər Əliyevin hələ Sovet Azərbaycanına rəhbərliyi dövründə həyata keçirdiyi çoxşaxəli fəaliyyəti xalqımızda milli qürur, milli mənlik şüurunun formalaşmasına, azadlıq, müstəqillik duyğularının baş qaldırmasına gətirib çıxarmışdır.1969-cu il iyulun 14-də Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi seçilməsi, ilk dəfə ölkəmizdə hakimiyyət sükanına doğma xalqının taleyinə tam sahib çıxmaq iqtidarında olan Vətən oğlunun yüksəlməsi ilə Azərbaycanın həyatında həlledici və şərəfli bir mərhələnin başlanğıcını qoydu.

Azərbaycana rəhbərlik etdiyi dövr bütövlükdə xalqın azadlıq, müstəqillik arzularının gerçəkləşməsinə real hüquqi, siyasi və iqtisadi əsasların yaradılması, bu möhkəm baza üzərində qazanılmış dövlət müstəqilliyinin möhkəmləndirilməsi, xalqın təbii konstitusion hüquqlarına sahib çıxması, milli-mənəvi yüksəlişə nail olması, fərdin özünü vətəndaş kimi dərk etməsi kimi iftixar doğuran şanlı epoxanı əhatə edir. Ümummilli liderin Azərbaycan qarşısındakı əvəzsiz tarixi xidmətlərinin ən qabarıq siyasi təzahürü isə onun dayanıqlı milli dövlət qurması, onu möhkəmləndirməsidir. Hələ 1991-ci il 18 oktyabr tarixində  qəbul edilən “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” dövlətimizi rəsmi olaraq 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Demokratik Respublikasının varisi və müstəqil respublika elan etdi.

Dövlət müstəqilliyinin ilk illərində – 1991-ci ildən 1993-cü ilin iyununa qədərki mərhələdə respublikada mövcud olmuş fəlakət və sarsıntılar, ağır sosial-iqtisadi böhran, hərc-mərclik, anarxiya təsdiqlədi ki, dövlət müstəqilliyinin qorunub saxlanılması onun qazanılmasından qat-qat çətindir. 1991-1993-cü illərdə respublikamız de-yure müstəqil sayılsa da, əslində, bu müstəqillik formal xarakter daşımış, xalqımız ədalətli və sivil dövlətdə yaşamaq arzusunu tam mənada gerçəkləşdirə bilməmişdir. Həmin illərdə Azərbaycanda hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə yanaşı, daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermiş, qanunçuluğun və hüquq qaydalarının təmini, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun, ən nəhayət, ictimai asayişin qorunması sahəsində əsaslı problemlər yaratmışdı. O zaman hakimiyyətdə olan qüvvələrin səriştəsiz və yarıtmaz fəaliyyəti nəticəsində hüquq-mühafizə orqanlarının üzərinə düşən qanuni vəzifələri həyata keçirə bilməməsi ictimai həyatın müxtəlif sahələrində hərc-mərcliyin baş alıb getməsinə, daxildə qeyri-sabit və təhlükəli vəziyyətə səbəb olmuşdu.

3 oktyabr 1993-cü ildə Heydər Əliyevin Prezident seçiləmsi Azərbaycanda xoş və əbədi günlərin təməli oldu. Ulu Öndərin xalqımıza qazandırdığı müstəqilliyin daha da möhkəmləndirilməsi üçün ilk növbədə Azərbaycanın iqtisadi müstəqilliyinin təmin olunmasının mahiyyətini dərindən dərk edirdi. Heydər Əliyev neft sektoruna xarici sərmayələrin cəlb edilməsi istiqamətində ciddi addımların atılmasını təmin etmiş, 1994-cü ilin 20 sentyabrında “Əsrin müqaviləsi”nin imzalanmasına nail olmuşdur. Xəzər hövzəsində beynəlxalq əməkdaşlığın əsasını qoymuş bu müqavilənin imzalanması ilə respublikamızın gələcək inkişafının fundamental bünövrəsi qoyulmuşdur. “Əsrin müqaviləsi”nin imzalanması ilə Qərb şirkətlərinin Xəzər hövzəsinə külli miqdarda investisiya yatırması Azərbaycana ən müasir innovasiya və informasiya texnologiyalarını gətirməklə yanaşı, demokratik proseslərin, hüquqi-siyasi islahatların sürətlənməsinə, vətəndaş cəmiyyətinin formalaşmasına, habelə Avropanın nüfuzlu beynəlxalq təşkilatları ilə əməkdaşlıq xəttinin güclənməsinə ciddi təkan verdi.

Ulu Öndər siyasətinin uğurlu siyasət olduğuna biz 44 günlük Vətən müharibəsindəki qələbəmizlə bir daha şahid olduq. Xalqımızın arzularını gerçəkliyə çevirməyi bacaran Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin mahir sərkərdəlik bacarığı, qətiyyəti ilə müasir texnologiyalara yiyələnən, son nəsil silahlara sahib olan rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsində erməni faşizminin məhvi, tarixi ədalətin bərpa edilməsi, torpaqlarımızın əsl sahiblərinə qaytarılması, bir sözlə, düşmən üzərində tarixi Qələbə, Zəfər böyük geosiyasi məkanda proseslərin bütöv məcrasını tamamilə dəyişdi. Prezident İlham Əliyevin özünün də dediyi kimi, O, ata vəsiyyətini, ümummilli lider Heydər Əliyevin ən böyük arzusunu - Qarabağın mənfur düşmənlərdən, işğalçı ermənilərdən azad olunmasını gerçəkləşdirmişdir.

Ulu Öndər Heydər Əliyev Azərbaycan durduqca qəlblərdə yaşayacaq!

Ruslan Qasımov,
YAP üzvü, Qərbi Azərbaycan İcmasının Gənclər birliyinin sədr müavini, 
"Qeyd” İB-nin Debat klubunun rəhbəri, Türkiyədə Atatürk Düşüncə Birliyinin fəxri üzvü