23 iyun 2022 19:35
226

Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafı Türk dünyasında yeni reallıqların yaranmasına nümunədir

Sovet imperiyasına daxil olan ölkələr müstəqillik qazandıqdan sonra beynəlxalq hüququn subyekti kimi bir-biri ilə müstəqil əlaqələr qurmağa başladı. Bu tip əlaqələrin ən unikal nümunələrindən biri də Azərbaycan-Özbəkistan münasibətləridir. 

Bu münasibətlərin kökündə özbək və azərbaycan xalqları arasındakı tarixi dostluq və qardaşlıq münasibətləri, milli bağlılıq dayanır. Bu gün Özbəkistanda 40 mindən çox Azərbaycanlı yaşayır və onlar cəmiyyətin ictimai həyatında fəal iştirak edir. Dövlətlər səviyyəsində də Azərbaycan və Özbəkistan arasında qarşılıqlı əməkdaşlıq, siyasi-iqtisadi əlaqələr mövcuddur. 

Qardaş Özbəkistan bizim haqq savaşımızda bizi dəstəkləyən dövlətlərdən olmuş, ədalətli mövqeyimizi dəstəkləmişdir. Özbəkistanın ərazi bütövlüyümüzlə bağlı məsələlərdə beynəlxalq təşkilatlar qarşısında mövqeyi də hər zaman birmənalı olub. Türk dövlətlərinin belə bir birliklə bir-birinə dəstək olması sübhəsiz ki, beynəlxalq ictimaiyyətin mövqeyinə təsir göstərə bilir. Bu birlik özlüyündə dünyada yeni bir güc mərkəzi formalaşdırır.

Cənab prezidentin Özbəkistan respublikasına səfəri isə  iki ölkə arasındakı münasibətlərin yeni inkişaf mərhəsinə qədəm qoyması deməkdir.  21 iyun tarixli səfərdə Strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında Bəyannamənin imzalanması bu əməkdaşlığı daha böyük hədəflərə aparır. Bu hədəflər əsasında  xarici siyasətin prioritetləri ilə yanaşı qarşılıqlı dəstək, iqtisadi və mədəni əməkdaşlıq və s. konkret fəaliyyət planları müəyyən edilib. 

İnanırıq ki, bu planlar tezliklə həyata keçəcək, ölkələrimiz daha çox inkişaf edəcək.

Sevinc Orucova,
Bakı Şəhər Statistika İdarəsinin əməkdaşı