23 iyun 2022 21:02
297

Azərbaycan və Özbəkistan arasında strateji əməkdaşlıqdan əlavə güclü mədəni əməkdaşlıq var

Tarixə nəzər salsaq, Azərbaycan və Özbəkistan arasında siyasi əlaqələrin fonunda güclü mədəni əlaqələrin olduğunu da görə bilərik.  Bu əlaqələrin formalaşması əsasən 1995-ci ildən sonraya təsadüf edir və Ümumilli Liderin adı ilə bağlıdır. Qısa müddət ərzində uyğun olaraq hər iki ölkənin səfirliklərinin fəaliyyətə başlaması ölkə rəhbərlərinin qarşılıqlı səfərləri bu münasibətləri möhkəmləndirən faktorlardan olmuşdur. Ümumilli liderin bu cür tarixi xidmətlərini qardaş özbək xalqı və dövləti də görmüş, bunu yüksək qiymətləndirmişdir. Tədadüfi deyil ki, hələ 2010-cu ildə Daşkənddə Heydər Əliyev muzeyi yaradılmışdı. 

İyunun 21-də Cənab Prezidentin Özbəkistana səfəri çərçivəsində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş Meydanın açılışı da Özbəkistanda böyük liderin şəxsiyyətinə ehtiramın göstəricisi oldu. Bu onun göstəricisidir ki, Ulu Öndəri bütün Türk dünyası öz müdrik şəxsiyyəti hesab edir. 
Bundan əlavə mədəni əlaqələrin digər göstəricisi Füzuli şəhərində Özbəkistan hökümətinin hədiyyəsi kimi orta məktəb tikintisinin başlanmasıdır.  Tikinti işləri artıq başlayıb və yaxın gələcəkdə məktəb istifadəyə veriləcək. Gələcəkdə də qardaşlığımızın rəmzinə çevriləcək bu məktəbin açılması təşəbbüsünü biz də xoş niyyətlə qarşılayır və yüksək qiymətləndiririk.

Özbəkistanda cənab prezidentin özbək ictimaiyyəti və mədəniyyət xadimləri qarşısında Azərbaycan dilində danışması və bunu qardaşlığımızın əlaməti kimi xüsusi vurğulaması bu baxımdan əhəmiyyətlidir. 

Belə nəticə çıxarmaq olar ki, bundan sonra da hər iki dövlət siyasi birliyimizlə yanaşı, mədəni birliyimizin möhkəmlənməsi üçün daha böyük işlər görəcək. 
Bu isə bütünlükdə Türk dünyasının mədəniyyət birliyini, fikir birliyini formalaşdıran əsas amil olacaq.

Gülər Rəhimova,
"EKOL Mühəndislik Xidmətləri" QSC-nin əməkdaşı