24 iyun 2022 23:56
659

“Ağıllı region”, “yaşıl artım”

Qarabağın və Şərqi Zəngəzurun əsas inkişaf istiqamətləri

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli Silahlı Qüvvələrimiz parlaq Qələbə qazandı. Bu möhtəşəm uğur milli iqtisadiyyatın gücləndirilməsi, ordu quruculuğunda həyata keçirilən islahatlar, qəhrəman zabit və əsgərlərimizin şücaəti, ən əsası isə Prezident İlham Əliyevin qətiyyəti sayəsində əldə edildi.

Hazırda düşməndən təmizlənən ərazilərdə bərpa-quruculuq tədbirləri həyata keçirilir, infrastruktur layihələri reallaşdırılır. Ziyanın hesablanması aparılır, şəhərlərin Baş planları tərtib olunur. Bütün bunlardan sonra isə sosial obyektlərin, inzibati binaların inşası, nəhayət, məskunlaşmaya başlanılması nəzərdə tutulur.

Xatırladaq ki, hazırda bərpa ilə əlaqədar kompleks yanaşmanı təmin etmək üçün dörd mərhələdə fəaliyyətin reallaşdırılması planlaşdırılır. Bu, ilkin mərhələdə idarəetmə və təhlükəsizliyi, infrastruktur məsələlərinin həllini, növbəti mərhələlərdə isə sosial xidmətlərin fəaliyyətini, iqtisadiyyatın yenidən qurulması və inkişafını özündə ehtiva edir.

Azad edilmiş torpaqlarda minatəmizləmə əməliyyatları ilə paralel olaraq əsas infrastruktur layihələri də həyata keçirilir. Ərazilərin elektrik təchizatının reallaşdırılması üçün xətlər çəkilir, yeni yarımstansiyalar tikilir. Hazırda Şuşa şəhərinin elektrik enerjisi ilə təminatında heç bir problem yoxdur. Artıq Daşkəsəndən Kəlbəcərə yeni ötürücü xətlər inşa edilir. Yol infrastrukturunun yaradılması ilə bağlı bütün istiqamətlər üzrə işlər gedir. Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Bərdə-Ağdam, Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yollarının tikintisi sürətlə aparılır. Bununla paralel olaraq Bərdə-Ağdam və Horadiz-Zəngilan-Ağbənd dəmir yolu infrastrukturu da yaradılmaqdadır. Bu yol Zəngəzur dəhlizinə gəlib çatacaq və artıq işlər cədvəl üzrə görülür.

Yaxın gələcəkdə içməli su, sanitariya və irriqasiya sistemlərinin də yenidən qurulması prosesinə başlanacaq. Bu isə insanların həyat səviyyəsinin yaxşılaşmasına və sonrakı mərhələdə iqtisadi baxımdan ailə-ev təsərrüfatlarının canlanmasına töhfə verəcək.

Göründüyü kimi, Prezident İlham Əliyev bərpa olunan yaşayış sahələrində müasir iqtisadi və texnoloji innovasiyaların tətbiqini xüsusi diqqət mərkəzində saxlayır. Bu isə Qarabağın və Şərqi Zəngəzurun yaxın gələcəkdə “ağıllı region” kimi dünyada tanınacağına əlverişli şərait yaradır. Bu baxımdan Zəngilan rayonunun Birinci, İkinci və Üçüncü Ağalı kəndlərində ilk olaraq “ağıllı kənd” layihəsinin həyata keçirilməsi mühüm önəm daşıyır.

İnşa ediləcək “ağıllı kənd”lərdə sakinlərin enerjiyə tələbatı yalnız alternativ enerji mənbələri hesabına ödəniləcək. Eyni zamanda, texnoloji innovasiyanın tətbiqi istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji kimi sahələrin inkişafını sürətləndirəcək.

Bir müddət bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də qlobal iqlim dəyişikliklərinin miqyasının azaldılması, təmiz ətraf mühitin təmin olunması və Azərbaycanın “yaşıl artım” ölkəsinə çevrilməsi kimi məsələlər yaxın onilliyin əsas strateji istiqaməti kimi göstərilib.

Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, hər bir bölgənin təbii ehtiyatları, ənənəvi iqtisadiyyat sahələri, nəqliyyat qovşaqları nəzərə alınaraq, müvafiq iqtisadi rayonun profili, ixtisaslaşması nəzərdə tutulub. Həmçinin bu işlərin görülməsi zamanı dövlət vəsaitlərinə qənaət edilməsi və investisiyaların səmərəliliyinin artırılması məqsədilə ayrı-ayrı sahələr üzrə dövlət-özəl sektor tərəfdaşlığından geniş istifadə edilməsi və xüsusi güzəştli iqtisadi rejimin tətbiqi planlaşdırılır.

Zahid Rza, “İki sahil”