24 iyun 2022 20:27
792

İşğaldan azad olunmuş torpaqlarımızda bir daha erməni vandallığının şahidi olduq - Arzuxan Əlizadə

Ölkəmizin demokratik məzmunlu siyasi dialoq təcrübəsini zənginləşdirən siyasi partiya rəhbərlərinin işğaldan azad edilmiş ərazilərimizə növbəti səfərləri baş tutub. Bu dəfəki birgə səfərin ünvanı isə Zəngilan rayonu olub. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təşkilatçılığı  ilə təşkil olunan birgə səfərdə 40 siyasi partiyanın 46 nümayəndəsi təmsil olunub. 44 günlük Vətən müharibəsindən sonra əldə etdiyimiz möhtəşəm  Qələbənin nəticəsində regionda yaranmış yeni reallıqlar artıq beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş faktdır. Bu  yanaşmanın təşviqində siyasi partiyaların rolu çox vacibdir.

Mövzu ilə bağlı Azərbaycan  Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə “İki sahil”ə açıqlamasında bildirib ki, bu partiya sədrlərinin işğaldan azad olunmuş ərazilərə sayca 4-cü səfərləridir: “Ağdama 2, Şuşaya və bu gün isə Zəngilana səfər etdik. Zəngilan səfəri öz proqramı ilə kifayət qədər zəngindir. 2016-cı ild qəhrəman Azərbaycan əsgərinin işğaldan azad etdiyi Lələtəpə yüksəkliyi yaxınlığında dayandıq, orada ANAMA-nın  nümayəndələri minalardan təmizləmə prosesini əyani olaraq göstərdilər. Biz erməni vandallığının bir daha şahidi olduq. Zəngilana getdiyimiz yolboyu Cəbrayıl ərazisindən keçərkən 30 ilə yaxın müddət ərzində düşmən işğalında qalmış torpaqlarımızda ermənilərin hansı vandalizmi törətdiklərini gözlərimzlə gördük bir daha. Bundan əlavə Həkəri çayına balıqların buraxılması prosesində iştirak etdik. Sonra isə  üç Ağalı kəndini özündə ehtiva edən “Ağıllı kənd” ərazilərində olduq. Buraya kənd yox, qəsəbə, hətta şəhər də demək olar. Bu, Azərbaycanda analoqu olmayan bir layihədir. Burada sakinlərin məskunlaşacaqları təqdirdə onlar üçün yeni iş yerləri, digər infrastruktur layihələri nəzərdə tutulbdur. Əhalinin say tərkibinə uyğun olaraq Ağalıda evlər tikilib istifadəyə veriləcək.

“Həqiqətən də işğaldan azad olunmuş ərazilərə gəlmək insanda başqa bir hiss yaradır" deyən A.Əlizadə onu da qeyd edib ki, o, Zəngilana ilk dəfə səfər edib: “Səfərimizin yekunu olaraq meşə qoruğuna getdik. Təbiəti çox gözəl olan rayonlarımızdan biridir Zəngilan və çox təəssüflər olsun ki, işğal aıltında qaldığı 30 ilə yaxın bir zaman müddətində ermənilər burada öz xislətlərinə uyğun olaraq ancaq dağıntılar törədiblər. Azərbaycan xalqı, Azərbaycan əsgəri 30 il ərzində işğalla barışmayaraq öz iradəsini ortaya qoydu və biz öz haqqımızı əldə etdik. Arzumuz odur ki, digər tarixi torpaqlarımıza qayıdaq.”

Nilufər Mustafaqızı, “İki sahil”