İkinci Qarabağ müharibəsində 30 il əsir olan yurd yerlərimizin azadlığı uğrunda canını fəda edən igidlərdən biri də Azərbaycan Silahlı Qüvvələrinin leytenantı Zaur Vaqif oğlu Hüseynovdur. Masallı rayonunun Hişkədərə kəndində dünyaya göz açmış bu vətən sevdalısı ömrünün 25-ci ilində haqq savaşımızın Füzuli döyüşlərində şəhidlik zirvəsinə ucalır. Milyonların ürəyində yurd-yuvan quran Zaurun adı dillərdən düşmür, hər zaman böyük ehtiramla xatırlanır. Dövlət tərəfindən layiq görüldüyü “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, eləcə də digər medalları yağıya qarşı döyüşlərdə göstərdiyi şücaətin nişanəsidir.
Masallı camaatı yığışıb öz qəhrəman oğlunun doğum gününü qeyd etdilər. Doğma kəndində məzarını ziyarət edib, önünə tər güllər düzdülər. Yeni Azərbaycan Partiyası Masallı Rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinin məsləhətçisi Nurlan Muradov, Yeni Azərbaycan Partiyası Masallı Rayon təşkilatının ərazi partiya təşkilatı sədrləri və fəalları da ziyarətçilər arasında idilər.
Hişkədərəlilər üçün and yerinə dönən məzarı başında çıxış edənlər Zaurun Vətəninə, xalqına olan halal sevgisindən danışdılar, adı ilə hər yerdə, hər zaman fəxr etdiyini bildirdilər.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü