25 iyun 2022 13:24
826

Azərbaycan Respublikasının Silahlı Qüvvələri xalqın qürur mənbəyidir

26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələri gününü qeyd edəcəyimiz bu ərəfədə qürurla deyə bilərik ki, qalib Azərbaycan xalqının hər bir fərdi Müzəffər Ordusu ilə qürur duyur, əsgər, zabit adına xüsusi hörmət və rəğbət bəsləyir. Bir çox azyaşlı həmvətənlərimiz əsgər olacağı, Vətənin keşiyində qətiyyətlə, qürurla dayanacağı günü səbrsizliklə gözləyir. Əlbəttə ki, Azərbaycan Ordusunun 2020-ci ildə əldə etdiyi böyük Zəfərdən öncə də daima Azərbaycan gənci öz vətənpərvərliyi ilə seçilir, Vətən eşqi ilə fərqlənirdi. Mübariz İbrahimovun, Fərid Əhmədovun, Ramil Səfərovun, Pəncəli Teymurovun və digər bir çox qəhrəmanlarımızın simasında bu ülvi hisləri yaşadırdı. Ancaq xüsusilə 44 günlük Vətən müharibəsində Azərbaycan gəncinin öz Vətənini, torpağını canından belə çox sevdiyi, heç vaxt görmədiyi diyarlar üçün gözünü belə qırpmadan ölümə gedəcəyi sübut olundu. 44 günlük Vətən müharibəsi Azəbaycanın şanlı tarixinə qızıl hərflərlə həkk olundu. Müharibə həm Ordumuzun peşəkarlığının, cəsarətinin, qətiyyətinin, həm də hər bir Azərbaycan gəncinin vətənpərvərliyinin canlı təntənəsi olaraq çıxış etdi. Həmin günləri xatırlayarkən hər kəsin gözündə yalnız bir mənzərə canlanır: hər gün irəliləyən, qətiyyətlə ana torpağını düşməndən təmizləyən güclü Ordu, həmin Orduya qoşulmaq üçün könüllü olan minlərlə gənc, Orduya, Ali Baş Komandana dəstək olmaq üçün hər şeyə hazır olan,  hətta illərlə əziyyətlə qurub yaratdığı evini, malını-mülkünü itirsə belə “Təki Vətən sağ olsun!! Yalnız irəli” deyən bir xalq. Belə bir Ordunun, belə bir xalqın qarşısında təbii olaraq heç kim dayana bilməzdi. Cəmi 44 günə 28 illik işğalı sona çatdırmağın təməlində məhz bu amillər dayanırdı. Əlbəttə ki, qələbəni bir çox səbəblərə, o cümlədən, illərlə xüsusi diqqətdə saxlanılan zabit heyətinə, müasir silah-sursat və texnikaya, dinamik inkişaf edən hərbi sənayeyə, mükəmməl səviyyədə hazırlanan və vahid mərkəzdən idarə olunan hərbi taktikaya və s.  bağlamaq olar. Ancaq ilk növbədə qələbənin təməlində şanlı Azərbaycan əsgəri dayanır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşanın işğaldan azad olunması müjdəsini verdiyi 08 noyabr 2020-ci il tarixinə geri dönək. Sitat: “Torpaqlarımızı ancaq Azərbaycan əsgəri azad edir, Azərbaycan zabiti azad edir, sinəsini qabağa verərək, heç nədən qorxmayaraq, əlində bayraq, əlində silah düşməni qovan da əsgərdir, düşməni məhv edən də əsgərdir. Eşq olsun bizim əsgərlərimizə!”. Bəli, eşq olsun şanlı Azərbaycan əsgərinə. O əsgərə ki, Füzulidə 10 mərhələli istehkamları yardı keçdi, Cəbrayılda, Qubadlıda, Suqovuşanda düşmənlə çarpışaraq onu torpaqlarımızdan qazıyıb çıxardı, kiçik qüvvə ilə Zəngilanı azad etdi, Hadrutda 1500 erməni muzdlusunu qaçmağa məcbur etdi, o əsgərə ki “alınmaz qala” hesab olunan, hər bir daşı təbii istehkam rolunu oynayan Şuşanı cəmi 400 nəfərlə, yüngül silah-sursatla azad etdi. O əsgərə ki, Azərbaycan xalqının başını uca etdi, ona tarixə ərmağan olacaq böyük bir Zəfəri miras qoydu. Bu gün Qarabağ zəfəri sadəcə Azərbaycanın yox, bütün türkdilli dövlətlərin qürur mənbəyidir. Bir çox türk siyasətçisi, ziyalısı bu şanlı Zəfəri Türkiyənin Çanaqqala Zəfərindən sonrakı ən böyük Zəfər olaraq xarakterizə edir. Bu Zəfəri bizə gətirənlərə eşq olsun! Şanlı Azərbaycan Ordusuna, onun hər bir mənsubuna və ən əsası yalnız bir cəbhədə yox bütün cəbhələrdə savaşan Müzəffər Ali Baş Komandana eşq olsun!! İllər keçsə də bu Zəfər tarixdə qalacaq və daim xalqımız tərəfindən qürurla, fərəhlə xatırlanacaq.

Bu gün böyük zəfərdən iki il keçməsinə baxmayaq Silahlı Qüvvələrimizdə heç bir arxayınlıq yoxdur. Onlar hələ də Vətənin keşiyində ayıq-sayıq dayanır, öz şəxsi bacarıqlarını inkişaf etdirmək üçün var gücü ilə çalışır. Ali Baş Komandan tərəfindən Orduya göstərilən diqqət və qayğının nəticəsi olaraq əminliklə demək olar ki, hazırda Azərbaycan Silahlı Qüvvələri iki il əvvəlkindən daha güclüdür. Ötən dövrdə hərbi xərclərə ayrılan büdcənin daha da artırılması, müharibə dövründə istifadə olunan texnika və silah-sursatın yeniləri ilə əvəz olunması, “Komando” birliyinin yaradılması, ard-arda baş tutan təlimlər və s. bizə bunu deməyə əsas verir ki, Cənubi Qafqazın ən güclü Ordusu olan Azərbaycan Silahlı Qüvvələri qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirməyə qadir elit hərbi qüvvədir. Azərbaycan Ordusunun gücü beynəlxalq mətbu orqanları tərəfindən də dəfələrlə etiraf olunmuşdur. Ölkə başçımız tərəfindən də qeyd olunduğu kimi dünyanın aparıcı hərbi akademiyaları Vətən müharibəsindən sonra Azərbaycanın döyüş taktikasını öyrənmək üçün can atır, bunu zəruri hesab edirlər. Çünki, Azərbaycan 44 günlük Vətən müharibəsində V nəsil müharibə apararaq, hərb elminə yeniliklər gətirdi. Beləliklə, yalnız ölkəmizin tarixinə yox, dünya hərb elminə yeniliklər gətirən bu savaş şübhəsiz ki, tarixdə özünəməxsus yer tutacaqdır. Bu savaşın ölkəmiz üçün qalibiyyətlə nəticələnməsində rol oynayan hər kəs də xalqımızın qəlbində öz qəhrəmanlığı ilə yaşayacaqdır. Sonda bir daha Silahlı Qüvvələrimizin hər bir fərdini 26 iyun-Silahlı Qüvvələr günü münasibətilə təbrik edir, daima Vətənin keşiyində qürurla durmağı arzu edirəm. Yaşasın şanlı Azərbaycan Ordusu və onun qəhrəman övladları! Bayramınız mübarək!   

Xəyalə Cavanşirli

Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının

İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi