25 iyun 2022 15:21
902

Kamran Bayramov: Azərbaycan beynəlxalq aləmdə NATO standartlarına uyğunlaşmış modern bir ordusunun olması ilə diqqəti cəlb edir

«1918-ci ildə  Əlahiddə Azərbaycan Korpusunun yaradılması ilə ordu quruculuğunun əsası qoyulsa da, Xalq Cümhuriyyəti süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesi dayanmış, ulu öndər Heydər Əliyevin 1969 - cu ildə birinci dəfə hakimiyyətə gəlişindən sonra müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi geniş vüsət almışdır. Qarşısına qoyulan hər hansı tapşırığı yüksək səviyyədə yerinə yetirmək iqtidarına malik Azərbaycan Silahlı Qüvvələri bu gün NATO standartlarına cavab verən səviyyədə formalaşmışdır. Bir mərkəzdən idarə edilən, vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu ümummilli lider Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır. Konkret desək, Azərbaycan beynəlxalq aləmdə güclü iqtisadiyyata malik bir ölkə kimi tanınmaqla yanaşı, həm də NATO standartlarına uyğunlaşmış modern bir ordusunun olması ilə də diqqəti cəlb edir.»

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, çox qürurverici haldır ki, Azərbaycan Ordusu üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə  qadir olduğunu nümayiş etdirdi.  son illər ərzində Azərbaycan hərbi potensialını xeyli artırıb. Ölkəmizə ən müasir silah-sursat, texnika, avadanlıq gətirilib. Hazırda maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusudur. Bunun sübutunu  44 günlük Vətən Müharibəsində hər kəs müşahidə etdi. Bu 44 günün hər birində şücaətli əsgərlərimiz şanlı tarix yazdılar. Canlarını Vətənə sipər edərək addım-addım, qarış-qarış irəlilədilər, yurdumuzu kənd-kənd, qəsəbə-qəsəbə, şəhər-şəhər azad etdilər, bayrağımızı zirvələrdə dalğalandırdılar.

K.Bayramov əlpvə edib ki, son 19 ildə Azərbaycan rəhbərliyi belə bir düsturu özünün əsas fəaliyyət prinsipinə çevirib ki, hər bir ölkənin uğurunu, inkişafını müəyyən edən amillər içərisində iqtisadi potensial və güclü ordunun mövcudluğu ön plandadır. Müasir səviyyədə qurulan ordu həm müstəqilliyin möhkəmlənməsində, həm də ölkənin bölgədə geopolitik güc mərkəzinə çevrilməsində önəmli rol oynayır.

Şəmsiyyə Əliqızı,

«İki sahil»