26 iyun 2022 09:00
879

Ordu ölkəmizin, xalqımızın, dövlətimizin dayağıdır

XX əsrin sonu Azərbaycan xalqının müqəddəratının həll olunduğu bir zaman idi desək yəqin ki, yanılmarıq. Ölkədə siyasi xaos, hərc-mərclik, iqtisadi geriləmənin olduğu dönəmdə mənfur qonşularımız tərəfindən torpaqlarımızın ard-arda işğal olunması Azərbaycan adlı məmləkətin yer üzündən silinməsi ilə nəticələnə bilərdi. Belə bir zamanda xalq öz xilaskarını axtarırdı və bu xilaskar ulu öndər, dahi şəxsiyyət Heydər Əliyevdən başqası ola bilməzdi. Azərbaycanın düşdüyü bu çətin, çıxılmaz vəziyyətdən çıxarılması üçün hakimiyyətə gələn, taleyüklü qərarlar verən ulu öndər Heydər Əliyevin səmərəli fəaliyyəti bir daha göstərdi ki, təşəbbüskarlıq, ardıcıllıq, qətiyyət, yorulmazlıq, prinsipiallıq ordu quruculuğuna rəhbərlik edən dövlət rəhbərinin ayrılmaz xüsusiyyətləri olmalıdır. 

Müstəqilliyin ilk illərində qanayan yaramız olan Qarabağın düşmən tapdağından tezliklə azad olunması qarşıda dayanan əsas vəzifə hesab edilirdi. Əlbəttə ki, belə olan halda ilk növbədə güclü iqtisadiyyat qurulmalı, bunun məntiqi nəticəsi olaraq da ordu quruculuğunda mühüm islahatlar aparılmalı, ordumuz dünyanın ən güclülərindən olmalı idi. Elə  Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şərəfli tarixi də məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Müasir Azərbaycan Ordusunun qurulması, inkişafı və möhkəmlənməsi Heydər Əliyevin yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsidir. Azərbaycan Ordusunun formalaşdırılması sahəsində ulu öndər Heydər Əliyevin tarixi fəaliyyyətinin ilk addımları Naxçıvanda atıldı. Bu böyük dövlət xadiminin muxtar respublikadakı qısa fəaliyyəti bir daha göstərdi ki, məsqədyönlü, milli maraqları qoruyan siyasət yeridilməsi, xalqın milli maraqlar ətrafında birləşdirilməsi ən mürəkkəb vəzifələri belə həyata keçirməyə imkan verir. Heydər Əliyev parlaq zəkası və bənzərsiz təşkilatçılıq qabiliyyəti ilə həm Naxçıvanın erməni təcavüzündən müdafiəsini, həm də burada milli hərbi hissənin sağlam əsaslar üzərində formalaşmasını təmin etdi və bununla da respublikanın iqtidarında olan qüvvələrə də dövlətçilik nümunəsi göstərdi.

Ordu quruculuğunun səmərəliliyinə nail olunmasının başlıca şərtlərindən birini Heydər Əliyev xalqın qüvvəsinə arxalanmaqda, xalqla vəhdətdə görürdü. O, xalqın gücü qarşısında hər cür qüvvənin sönük olduğunu təsdiq edir və öz fəaliyyətinə də ən böyük dəstəyi xalqın etibarında və etimadında görürdü. Ölkə həyatının ən böyük problemlərinin həllində də o, məhz xalqın gücünə arxalanırdı və ölkə həyatının mürəkkəb anlarında da xalqı ayağa qaldırmağı və milli mənafelər ətrafında onu səfərbər etməyi bacarırdı.

Azərbaycanda ordu quruculuğunun yeni əsaslar üzərinə qoyulmasının və qısa müddət ərzində yeni ordunun formalaşdırılmasının başlıca şərtlərindən biri də məhz Heydər Əliyev tərəfindən bütün xalqın bu prosesə cəlb edilməsi idi. Ölkədə mövcud olan ən müxtəlif mürəkkəbliklər arasından ulu öndər Heydər Əliyevin müstəsna fəaliyyəti ilə respublikanın siyasi böhran və girdabdan çıxarılması adi baxışdan inanılması bir qədər çətin olan bir möcüzəyə oxşayırsa, ordunun böhrandan çıxarılması həmin möcüzənin təkrarı idi. Bu sahədə mövcud olan problemlər son dərəcə çoxşaxəli idi və müəyyən hallarda qeyri-adekvat tədbirlərin həyata keçirilməsi zərurəti də son dərəcə aktual idi. Lakin bu problemlər də həll edildi. Ulu öndər Heydər Əliyev bu sahədə də bir möcüzə yaratdı, Azərbaycan Ordusunu məhv olmaqdan, dağılmaqdan xilas etdi, qısa müddət ərzində güclü və təşkilatlanmış bir ordu yaratdı, ordu quruculuğuna münasibətdə yeni bir baxış formalaşdırdı və Azərbaycan Ordusunu da Azərbaycanın müstəqilliyinin dəyərli reallıqlarından birinə çevirdi.

Nəticədə, xalqın mübarizlik, dönməzlik əzmi orduya da sirayət etdi, şəxsi heyətin mənəvi əhval-ruhiyyəsi kifayət qədər sağlamlaşdırıldı, yeni-yeni ehtiyat hissələr təşkil edilərək cəbhəyə göndərildi, döyüşçülərin və onların ailələrinin sosial qayğı ilə əhatə edilməsində canlanma yarandı.

Bütünlükdə, ulu öndər Heydər Əliyev ordu quruculuğuna münasibətdə cəmiyyətdə yeni bir təfəkkür formalaşdırdı, insanlarda orduda xidmətə yeni bir münasibət yarandı, əvvəlki dövrlərdə orduya olan etimadsızlıq, ordunın ayrı-ayrı qruplarının fəaliyyətindən doğan ehtiyatlılıq və nigarançılıq aradan qaldırıldı, ordunun xalqın bir parçası olmasının real anlamı cəmiyyətdə bərqərar olundu. Ulu öndər Heydər Əliyevin bu sahədəki misilsiz fəaliyyəti xalqda orduya inamı geri qaytardı, xalq da ordunu özünün bir parçası kimi qəbul etdi və orduya qayğı ümummilli dəyər aldı, ordu da vahid rəhbərlik altında birləşərək xalqın iradəsini əks etdirdi və erməni təcavüzünə qarşı mübarizəyə səfərbər oldu.

Hərb tariximizin şanlı səhifəsi sayılan 104 illiyini təntənə ilə qeyd etdiyimiz Azərbaycan Ordusunda vahid komandanlığın yaradılması, ordumuzun nizami ordu kimi formalaşması və hərbi quruculuq məsələlərinin prioritet məsələ kimi irəli sürülməsi xalqımızın ümummilli lideri Heydər Əliyevin bu istiqamətdə atdığı cəsarətli addımlarının nəticəsidir. Ulu öndə Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusuun yarandığı gün- 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri yarandığı gün elan olundu və hər il bu tarix  rəsmi dövlət bayramı kimi qeyd edilir. Heydər Əliyev hərbi təhsil sisteminin inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərb Akademiyanın yaradəılması haqqında Fərman imzalamışdır.

Ulu Öndərin siyasi kursunu ordu quruculuğu sahəsində uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sayəsində  bu gün ordumuz dünya orduları ilə müqayisə ediləcək səviyyəyə çatdırılıb. Bu hər birimizi sevindirir və qürurlandırır. Ali Baş Komandan cənab İlham Əliyevin göstərdiyi yüksək diqqət və qayğının nəticəsidir ki, ölkəmizin müdafiə qabiliyyəti gündən-günə artaraq, xalq, dövlət, ordu birliyi monolit birliyə çevrilib.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Ermənistan silahlı birləşmələrinin təxribatlarına qarşı başlayan əks-hücum əməliyyatlarında - 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın müddətdə düşmən işğalında olan tarixi torpaqlarımızı azad etdi. Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti, ordumuzun gücü sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. İşğaldan azad olunmuş tarixi torpaqlarımızda bu gün üçrəngli bayrağımız əzəmətlə dalğalanır.

2020-ci ilin dekabrın 10-da Azadlıq meydanında təşkil olunan Vətən müharibəsində əldə etdiyimiz böyük qələbəyə həsr olunmuş möhtəşəm Zəfər paradı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında gündən-günə qüdrətlənən Azərbaycan Ordusunun yenilməzliyinin bir daha təsdiqidir. Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin buna müvafiq olaraq hərbi imkanları da genişlənir.

Nilufər Mustafaqızı, “İki sahil”