28 iyun 2022 15:53
2845

Siyasət aləminin divarlarından çöldə qalan cığal “saqqallı uşaq”

Cəlil Məmmədquluzadənin xırda-xuruş alverlə məşğul olan Kəblə Əzimin savadsızlığını “Saqqallı uşaq” hekayəsində necə ustalıqla təsvir etdiyini hekayəni oxuyan hər kəs çox gözəl bilir. Nədəndirsə, özünü ana müxalifət adlandıran Əli Kərimli hər dəfə danışanda, post paylaşanda adamın yadına bu hekayə düşür. Əli Kərimli məhz həmin Kəblə Əzimin siyasət aləmindəki prototipi, başqa sözlə desək,  siyasət aləminin 30 il bircə qarış da böyüməyən “saqqallı uşağı”dır.

Siyasət aləmi deyəndə, düzü bu “saqqalı uşaq” siyasət aləmininə daxil ola bilməyib, qalıb  divarlardan çöldə və orada xırda-xuruş “bazarlıqla” məşğul olur. Cığallığı ilə də ad çıxarıb. Cığallığı reallıqla barışa bilməməsindən irəli gələn Əli Kərimli bu dəfə də özünü lap biabır günə qoyub. Ümumiyyətlə, cığallıq eləmək uşaqların, xüsusən də oyunda uduzan uşaqların adətidir.

Deməli, bu “saqqallı uşaq” ölkə başçısının Kəlbəcərdə komando hərbi hissəsinin açılış mərasində səsləndirdiyi tarixi faktlardan necə narahat olubsa, canına titrətmə düşüb. Faktların xatırlanması Əli Kərimlinin xırda-xuruş bazarını alt-üst edir deyə narahat olur. Kəblə Əzim divarı cızan kimi bu da “Zükerbergin  divarında” cızma-qara edib. Yaxşı olardı ki, Əli Kərimli Gültəkin Hacıbəyli sayaq hikkə nümayiş etdirincə ya susar, ya da ki, tarixi faktlar qarşısında aciz olduğunu etiraf edərək Kəlbəcərin işğalında günahkar hakimiyyətin bir günahkar nümayəndəsi olduğunu dilə gətirərdi. İndiki statusunu ikrah hissi ilə qarşılayan insanlar  da olsun ki, onun bu etirafını haradasa mərhəmət hissləri ilə qarşılayardı.

Deməli, əslində Əli Kərimli faktlar qarşısında acizliyini, AXC-Müsavat hakimiyyətinin xəyanətini dolayısı  ilə etiraf edir və məlum statusunda günahı birbaşa Əbülfəz Elçibəyin üstünə atır. Belə də ki, neyləsin?! Xəyanət “siyasətinin” ana xəttidir axı! 

Bir də Əli Kərimli hər dəfə “33 batalyon ləğv edildi” deyib şüvən qoparır. Bu nə deməkdir? Özünü siyasətçi hesab edən biri necə belə savadsızlıq nümayiş etdirə bilər axı? Azərbaycanda nizami Ordunun yaradılması nə üçün hələ də Əli Kərimlini narahat etsin ki? 1993-cü ilin aprel ayında AXC-Müsavat hakimiyyətinin xəyanəti nəticəsində Ermənistanın işğal etdiyi Kəlbəcərin azad olunaraq orada müasir həbri birləşmənin yaradılması və tarixi faktların səsləndirilməsi görünür Əli Kərimlinin sifariş aldığı dairələrin maraqlarına uyğun olmadığı  üçün o belə narahatdır.

Anar Şahmuradov,

YAP Ağdaş rayon təşkilatın məsul əməkdaşı