05 avqust 2022 03:09
4573

Avtomobillərin icbari sığortası: Yeni qayda və yeni qiymətlər

Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin müvafiq qərarı ilə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası” təsdiq edilib. Bununla da Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə sığorta haqqının yeni qayda ilə hesablanmasına 2022-ci ilin oktyabrın 1-dən başlanacaq.

Əvvəllər AVSMMİS haqqı mühərrikin həcminə və Bonus-Malus sisteminə əsasən hesablanırdısa, indi baza sığorta haqqı (50 AZN)saxlanılmaqla qiymətə müxtəlif faktorlara görə əmsallar da əlavə ediləcək. Buraya nəqliyyat vasitəsinin mühərrikinin həcminə görə əmsallardan başqa sürücünün yaşı və sürücülük təcrübəsi, avtonəqliyyat vasitəsinin daha çox istifadə olunduğu əraziyə, avtonəqliyyat vasitəsinin istismar müddətinə, avtonəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxslərin sayına görə əmsallar aiddir. Avtonəqliyyat vasitəsinin sahibi və ya mülkiyyətçisi hüquqi şəxs olduqda  buraya daha bir əmsal göstəricisi əlavə ediləcək.  

Sürücünün yaşı və sürücülük təcrübəsinə görə əmsallar 1-1,35 arasında dəyişir. Ən yüksək əmsal 16-25 və 65 yaşdan yuxarı yaş qrupuna və aid olub 2 ilədək, 26-29 yaş qrupuna aid olub 1 ildək sürücülük təcrübəsinə malik olanlara və 30-65 yaş qrupuna aid olub təcrübəsizlərə tətbiq olunacaq. Ən aşağı əmsal isə 26-65 yaş qrupuna aid olub 10 il sürücülük təcrübəsinə malik olanlara şamil olunacaq.    

Həmçinin avtonəqliyyat vasitəsinin daha çox istifadə olunduğu əraziyə görə əmsallar  0,95-1,1 arasında olacaq. Bakı şəhəri üzrə bu əmsal 1,1, Sumqayıt şəhəri və Abşeron rayonunda 1,05, Naxçıvan Muxtar Respublikası və Gəncə şəhərində 1, digər şəhər və rayonlarda isə 0,95 təşkil edəcək.     

Avtonəqliyyat vasitəsinin istismar müddətinə görə 1-1,1 arasında əmsal hesablanacaq. Belə ki, 1-10 il arasında istismarda olan avtonəqliyyat vasitələri üçün 1, 11-20 il üçün 1,05, 20 ildən çox müddətdə istismar edilənlərə görə 1,1 əmsal tətbiq ediləcək.

Avtonəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxslərin sayına görə tətbiq olunan əmsallar isə 1-1,15 arasında dəyişir.  Avtonəqliyyat vasitəsini yalnız bir şəxsin idarə etmək hüququ olduqda  1, iki və ya daha çox şəxsin idarə etmək hüququ olduqda -1,15 əmsal olacaq.

Avtonəqliyyat vasitəsinin sahibi və (və ya) mülkiyyətçisi hüquqi şəxs olduqda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi bağlanarkən ödənilməli olan bir illik sığorta haqqının hesablanmasında 1,40 əmsal tətbiq ediləcək.

Bir illik sığorta haqqı belə hesablanacaq: bir illik sığorta haqqı məbləği x avtonəqliyyat vasitəsinin növünə (mühərrikinin həcminə) görə əmsal x sığortalının sürücülük təcrübəsi və yaşına görə əmsal x avtonəqliyyat vasitəsinin daha çox istifadə olunduğu əraziyə görə əmsal x avtonəqliyyat vasitəsinin istismar müddətinə görə əmsal x  avtonəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxslərin sayına görə əmsal x (Hüquqi şəxslər üçün avtonəqliyyat vasitəsi sahibinin və (və ya) mülkiyyətçisinin hüquqi şəxs olmasına görə əmsal x)  Bonus-Malus əmsalı.

Bonus-Malus əmsalını nəzərə almasaq, fiziki şəxslər üçün ən yüksək sığorta haqqı 469,63 AZN olacaq.  Hazırda bu kateqoriya üçün ən yüksək sığorta haqqı (Bonus-Malus əmsalını nəzərə almadıqda) 250 manat təşkil edir. Hüqu şəxslər üçün isə bu məbləğ 300 manat idisə, dəyişiklikdən sonra bu məbləğ 657,48 AZN olacaq.

Hesab edilir ki, yeni qayda ilə risk səviyyəsinin artması sığorta haqqının məbləğini yüksəldəcək. Ancaq tətbiq ediləcək əmsalların təhlili onu deməyə əsas verir ki, aşağı riskli sürücü belə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda hərəkətdə olduğu üçün ödəyəcəyi sığorta haqqı əvvəlkindən fərqlənəcək. Yaşı 25-65, 10 il təcrübəyə malik, avtomobilinin istismar müddəti 10 ildən çox olmayan regionlarda hərəkətdə olan sürücünün isə yeni qayda ilə ödəyəcəyi sığorta haqqında artım olmayacaq.   

Yeni qayda avtomobillərin icbari sığortası bazarında keyfiyyət dəyişikliyi vəd etməsə də sığorta şirkətlərinin AVSMMİS üzrə yığımlarının kəskin artmasına səbəb olacaq. Cari ilin 6 ayında sığorta şirkətlərinin ümumi yığımının 9,85 faizi, o cümlədən icbari sığorta növləri üzrə toplanmış sığorta haqlarının 38,8 faizi bu sığorta növünün payına düşüb.

Ceyhun Piriyev, “İki sahil”