İşğalçı dövlət qərarlarını saymadığı BMT-yə və yenildiyi Azərbaycana hörmət göstərməyi vərdiş etməlidir
10 noyabr üçtərəfli Bəyanatının müddəalarının işğalçı Ermənistan tərəfindən yerinə yetirilməməsi məsələsi gündəmdə kəskin durmaqdadır.
Rəsmi Bakı qanunsuz erməni silahli birləşmələrinin ərazimizdən çıxarılmasını, eləcə də Laçın rayonunun və dəhlizin boşaldılmasını tələb edir. Zəngəzur dəhlizinin və digər kommunikasiyaların açılması, Naxçıvanla quru yol əlaqəsinin yaradılması, sərhədlərin tanınması, delimitasiya və demarkasiya işlərinin həyata keçirilməsi də Bəyanatda yer tutmuşdu. Ancaq az qala iki il keçməsinə baxmayaraq Ermənistan özünü məğlub kimi aparmır, vaxtla manipulyasiya edərək xahiş və müraciətlərlə məsələlərin həllini uzadır, bəzi hallarda isə tələb və iddialar irəli sürür, götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır. Bu manipulyasiyaların məkrli məqsədi aydındır. Bəzi Qərb dairələrinin şirnikdirici və ağılsız təkliflərinə uyan Ermənistan rəhbərləri Minsk qrupunun dirçəldilməsinə, keçmiş münaqişənin müzakirəsinə sıfır nöqtəsindən başlamağa meyilli olduqlarını dəfələrlə açıq bildiriblər. Ancaq qonşu “çırağına” ümid bəsləyən avantürist erməni başbilənləri indi "şamsız" qalıblar. Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə kəskin xəbərdarlığından düzgün nəticə çıxarmayan baş nazir Nikol Paşinyan və başının dəstəsi səhvə yol verdiklərini indi anlayırlar. Ancaq nə qədər ki, gec deyil, onlar danışıq masasına oturmalı, Azərbaycanın tələblərini yerinə yetirməli və sülhün bərqərar olunması üçün ağılla hərəkət etməlidirlər, yoxsa Ermənistanın yaxasını Azərbaycanın əlindən kimsə ala bilməz, bir dövlət kimi məhvedici sonu gələ bilər.
İndi ermənilərin taleyi öz əllərindədir. Əgər Ermənistan hakimiyyəti Azərbaycanın bu tələblərini yerinə yetirərsə, hərbi əməliyyatlar dayandırıla bilər. Yaxud, bunun əksi baş verərsə, yəni ermənilər yenə də şərtləri yerinə yetirməkdən imtina edərlərsə, onda necə deyərlər, "ağa durur, ağacan durur", “Qisas” əməliyyatı bölgədə qayda yaradılanadək davam edəcək. Xatırladaq ki, əməliyyatın ilk günlərində hərbi hissələrimiz düşməni bir neçə strateji nöqtədən, o cümlədən Sarıbaba və Qırxqız yüksəkliklərindən qovub çıxarıb, iyirmidən artıq erməni əsgəri öldürülüb və yaralanıb. Bir neçə haubitsa məhv edilib, xeyli döyüş sursatı ələ keçirilib.
"Qisas" əməliyyatının başlandığı iki-üç gün ərzində həm Ermənistanın daxilində, həm də separatçı qurumun nəzarətində olan ərazilərdə müəyyən çaxnaşmaya səbəb olub. Ermənilər yenə başlarını itirərək, xaotik surətdə ora-bura vurnuxur, ondan-bundan imdad diləyirlər. Özlərini sarsaq başlarının saldığı bəladan hər hansı vasitə ilə xilas etməyə çalışırlar. Nə edəcəklərini kəsdirə bilməyən ermənilər rabitəsiz və məntiqsiz hərəkətlərə yol verərək nala-mıxa vura-vura qalıblar.
Artıq ölkə daxilində Rusiya əleyhinə irimiqyaslı mitinqlərə və nümayişlərə başlamaq barədə məlumatlar dolaşır. İrəvandakı bu dolaşıq zamanda revanşistlər, daşnak və "Qarabağ klanı"na xidmət edən müxalifətçi qüvvələr isə son hadisələrdən öz məqsədləri üçün Paşinyan komandasına qarşı istifadə etməyə calışırlar. Onların arasında elə qruplar var ki, Rusiyaya qarşı çağırışlar edir, kölgəsində gəzdikləri Rusiya sülhməramlılarının və bu ölkənin hərbi bazalarının Ermənistandan çıxarılmasını tələb edirlər. Həmin qüvvələrin əvvəllər Rusiyanın bayrağını ayaqlayıb yandırmaları, bu ölkə əleyhinə şüarlar səsləndirmələri yaddaşlarda qalıb.
Bu arada Rusiyadan Ermənistana tərs şillə vurulub. Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının təcili keçirilən yığıncağında bildirib ki, 2020-ci ilin 10 noyabr üçtərəfli Bəyanatının bütün bəndləri yerinə yetirilməlidir. Görünür, Kremldə başa düşüblər ki, Azərbaycanın mövqeyi qətidir və Ermənistana daha heç bir şans verməyəcək.
Yalanlarına və riyakarlığına "stop" qoyulan, qısaca desək, hər tərəfdən nəfəsliyi kəsilən baş nazir Nikol Paşinyan və başının dəstəsi çıxılmaz duruma düşüb. Paşinyana o qalıb ki, ona deyilənləri icra etsin. Yoxsa "ya qulaq, ya bilək" kəsiləcəkdir. Ermənilər bizim zərb-məsəlləri yaxşı bilirlər. Ona görə də bunun nə demək olduğunu qanırlar. Sadə ermənilər belə ucadan deyirlər ki, İlham Əliyev Paşinyan deyil, nə deyirsə, onu da edir.
Növbəti kötəyin öldürücü olacağını hiss edən Nikol Paşinyan hökumət rəhbərliyinin yığıncağında Azərbaycana müraciətlə deyib: “Bu gün də biz deyirik: gəlin, Ermənistan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş qaydada gedin, Ermənistan Respublikasının sərhədini keçin və Naxçıvana gedin. Biz bu gün bunu təmin etməyə hazırıq. Ötən ildən bizdə gömrük və sərhəd xidməti məntəqəsi var və biz Azərbaycana bildirdik ki, onlar Naxçıvandan Ermənistan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada keçib gedə bilərlər. Mən rəsmən elan edirəm ki, bu gün Azərbaycan tərəfi Ermənistan Respublikasının sərhədini bir neçə nöqtədən keçərək Naxçıvana gedə bilər. Azərbaycanın ən qərb bölgəsi Qazax rayonudur, biz hazırıq, gəlsinlər, keçsinlər, Naxçıvana getsinlər, biz bu hərəkətin təhlükəsizliyini təmin edəcəyik. Yalnız Qazax vasitəsilə yox, Vardenisdə (Basarkeçər), Sisyanda, Yerasxda (Arazdəyən), Gorusda da təmin edə bilərik", - deyə Nikol Paşinyan vurğulayıb.
Bax, belə Nikol, indi oldun bir ağıllı oğlan, yoxsa donuz ağlına uyub darı zəmisində nə gəzirdin? Bilmirdinmi zəminin sahibi bir gün gələcək? Uzun illər özünü qudurğan kimi aparan, sonra ağzı əzilən Ermənistan nəhayət, qərarlarını yerinə yetirmədiyi BMT-nin və Azərbaycan dövlətinin hüquqlarını tanımalı və ona hörmət göstərməyi öyrənməlidir. Həm də bu hörməti yalnız quyruğu qapı arasında qalanda yox, həmişə etməlidir.
Vəli İlyasov, "İki sahil"