09 avqust 2022 01:32
795

Qarabağ hər zaman Azərbaycan torpağı olub və belə də qalacaq

"Qisas" əməliyyatı işğalçı Ermənistana dərs, ABŞ dövlət katibi Antoni Blinkenin və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Prezident İlham Əliyevə zəng vurmaları, bölgədə yaranmış gərginliklə bağlı narahatlıqların bildirmələri ölkəmizin sülh siyasətinin beynəlxalq aləmdə dəstəklənməsidir

 Tərtər rayonunun Suqovuşan qəsəbəsində  Azərbaycanın  üçrəngli bayrağını qaldıran Prezident İlham Əliyev  «Bu sözləri deməklə, təkcə öz çirkin ağzını açaraq cəfəng sözləri deyən, naftalin qoxusu verən bir ünsürə cavab vermirəm. Bütün Ermənistanda onun kimilərə, bütün revanşist hisslərlə yaşayanlara müraciət edirəm - ağlınızı yığın başınıza. Dəmir yumruq buradadır, heç yerə getməyib, yerindədir. Bizi əsəbiləşdirməyin, özünüzü yaxşı aparın. Özünüzü yaxşı aparsanız, onda rahat yaşaya bilərsiniz. Yox, əgər bir daha bizə qarşı hər hansı bir təxribat, bəyanat, hərəkət olarsa, heç kimə baxmadan başınızı əzəcəyik. Heç kim də sizi müdafiə edə bilməz» bu sözləri ilə  məğlub, kapitulyant  Ermənistanın imzaladığı  üçtərəfli Bəyanatdan irəli gələn  məqamları da xatırlatdı.  Sənəddə qeyd olunurdu ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin geri çəkilməsinə paralel olaraq yerləşdirilir”. Başqa sözlə, atəşkəsin imzalandığı, Rusiya sülhməramlıları Azərbaycan ərazisinə daxil olduqları zaman ona paralel olaraq erməni silahlıları Azərbaycan ərazisini tərk etməli idi. Ancaq, bu baş vermədi. Deməli, üçtərəfli razılaşmanın şərtini Rusiya və Ermənistan tərəfi pozur. Nəzərə almaq lazımdır ki, Rusiya vasitəçi və təminatçı ölkə kimi bu müddəanın həyata keçməsinə məsuliyyət daşıyır.

 Son günlərdə  Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycanın hərbi birləşmələrinin  mövqelərinə qarşı törətdiyi terrorlar, təxribatlar göstərir ki, hələ də lazımi dərsini almayan Ermənistan  Azərbaycandan fərqli olaraq   Bəyanatda üzərinə götürdüyü  öhdəlikləri  yerinə yetirmir.  Adı sülhməramlı olsa da, erməni quldur dəstələrinin törətdikləri təxribatları görmək istəməyənlər də həmçinin. Nəticə də  Milli Ordumuzun əsgərləri şəhid oldular. Amma şəhidlərimizin qanı yerdə qalmadı.  «Qisas» əməliyyatı ilə   Ermənistana  daha öldürücü zərbələr vuruldu, xeyli silah-sursatları, avadanlıqları, texnikaları məhv edildi.   Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba, Buzdux dağı və ətrafındakı yüksəkliklər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Ermənistanın qanunsuz  silahlı cinayətkar dəstələri  regional və  qlobal miqyasda təhlükə mənbəyi olduğu kimi, üçtərəfli Bəyanatın ruhuna və müddəalarına ziddir.
«Bu öhdəliklər orada açıq-aydın göstərilir. Onlardan biri erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılmasıdır. Bu günə qədər bu məsələ öz həllini tapmayıb. Biz dəfələrlə məsələ qaldırmışdıq, ancaq Ermənistan bunu uzadır. Eyni zamanda, biz Rusiyanın hərbi rəhbərliyi qarşısında bu məsələni qaldırmışdıq və bir neçə ay bundan əvvəl Rusiyanın Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxsi Azərbaycanda səfərdə olarkən bizim Müdafiə Nazirliyinə söz vermişdi ki, iyun ayına qədər erməni silahlı birləşmələri Qarabağdan çıxarılacaq. Ancaq bu gün artıq iyulun ortasıdır, bu məsələ öz həllini tapmayıb. Ermənistan 10 noyabr Bəyannaməsinə zidd olaraq bu öhdəliyi yerinə yetirmir. Rusiya sülhməramlıları - Rusiya tərəfi də 10 noyabr Bəyannaməsini imzalayıb - necə deyərlər, onları buna məcbur etmir. Əlbəttə ki, bu, dözülməz vəziyyətdir. Çünki erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində qalması tamamilə qəbuledilməzdir. Biz qalib ölkəyik, biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. Əgər Ermənistan Azərbaycan ərazisindən öz silahlı birləşmələrini çıxarmaq istəmirsə, onda bizə bunu açıq desin, biz də işimizi bilək. Bizim cavabımız nə olacaq? Onu bəlkə də indi demək yersizdir. Ancaq bu, 10 noyabr Bəyannaməsinin kobudcasına pozulması deməkdir» söyləyən Prezident İlham Əliyev    Rusiya sülhməramlılarının  öhdələrinə düşən vəzifələri yerinə yetirmədiklərindən arxayınlaşan erməni quldurlarının
 hələ də Azərbaycan ərazisində yerləşməsini beynəlxalq hüquq normalarına etinasızlıq adlandırır.  «Qisas» əməliyyatı ilə həmişə həqiqəti  yalanları ilə ört-basdır etməyə çalşan  Ermənistanın baş naziri   Nikol Paşinyanın Azərbaycan ərazisi olan Qarabağda Ermənistan ordusunun  olmadığı yalanları ifşa olundu. Güya «könüllülərdən ibarət dəstə»” adlandırılan və muzdlulardan ibarət  formalaşdırılan terrorçuları maliyyələşdirən, silah-sursatla  təchiz edənlər üçün Cənubi Qafqazda sabitliyin bərpasının maraqlı olmadığı  təsdiqləndi.

 Digər məqamlara  da diqqət yetirək.  Ermənistan beynəlxalq hüquq norma və prinsipləri əsasında formalaşan və tərəflər arasında daimi sülhün bərpasını təmin edəcək  Azərbaycanın beş prinsipdən ibarət   təkliflərini  qəbul etdiyini bildirsə də, son günlərdə  erməni terrorçularının törətdikləri təxribatlar  bu razılığın  pərdəarxası məkrli məqamlarından xəbər verir. Son aylarda Amerika Birləşmiş Ştatları ,   Avropa İttifaqı ilə  Azərbaycan arasında  intensivləşən münasibətlər, «Brüssel sülh gündəliyi»  ilə bağlı danışıqlar, Avropa Komissiyası ilə   enerji sahəsində strateji  əməkdaşlığa dair Anlaşma   Memorandumunun imzalanması  ilə  ölkəmizin beynəlxalq səviyyədə  əməkdaşlıq  formulu  təkmilləşib.  Yeni  sazişlər üzərində işlər davam etdirilir.
 Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşlərində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, bölgədə sülhün təminatına yönələn ölkəmizin  təklifləri dəstəklənib. Eyni zamanda, Amerika-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində önəmli addımlar atılmış, yüksək vəzifəli şəxslərin qarşılıqlı səfərləri təşkil edilmişdir. Belə ki, xarici siyasəti dəstəklənən, hər zaman sözünün sahibi olan, mövqeyini açıq bildirən  ölkəmizin   əsas güc mərkəzləri, nüfuzlu  beynəlxalq təşkilatlarla əlaqələri
yüksələn xətlə inkişaf edir.  Ölkəmiz siyasi, iqtisadi uğurları,  möhkəmlənən nüfuzu,  faydalı təşəbbüsləri, humanitar çağırışları ilə dünyada müsbət beynəlxalq fon yaratmağa nail olub.
 ABŞ dövlət katibi Antoni Blinkenin və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Prezident İlham Əliyevə zəng vurmaları, son hadisələr nəticəsində   bölgədə yaranmış gərginliklə bağlı narahatlıqlarını bildirmələri ölkəmizin  sülh naminə göstərdiyi səylərinin dəstəklənməsidir. Hər iki telefon danışığında  yaranmış gərginliyə görə bütün məsuliyyətin rəsmi İrəvanın üzərinə düşdüyünü bildirən Prezident İlham Əliyev qeyd edib ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən hərbi təxribat törədilib və nəticədə Azərbaycanın hərbi qulluqçusu həlak olub. Brüssel sülh gündəliyinə uyğun olaraq Avropa İttifaqının regionda davamlı sülh və sabitliyin təmin olunması istiqamətində səylərin davam etdiriləcəyi vurğulanıb.  Azərbaycan tərəfinin bu hərbi təxribatın qarşısını almaq üçün zəruri cavab tədbirlərini həyata keçirdiyini bildirən dövlət başçımız 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarında qeyd olunan  Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni hərbi birləşmələrinin ərazilərimizdən çıxarılması məsələsini xatırladıb.  Göründüyü kimi,  Ermənistan tərəfindən bu öhdəlik yerinə yetirilmir, müxtəlif bəhanələr və ziddiyyətli bəyanatlar səsləndirilir. Dövlət başçımız Azərbaycan tərəfindən Laçın dəhlizinə alternativ yolun inşasının başa çatmaq üzrə olduğunu deyib və vurğulayıb ki, bu yol hazır olandan sonra üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq Rusiya sülhməramlı qüvvələrinin kontingenti həmin yola dislokasiya ediləcək. Laçın yolunun Ermənistan ərazisində yerləşən hissəsində hələ də  tikintiyə başlanılmadığı kimi, Zəngəzur dəhlizinin Mehri hissəsində tikiləcək dəmir yolunun texniki-iqtisadi əsaslandırılması da  yoxdur. Aylar tələb edən texniki-iqtisadi əsaslandırma olmadan isə  heç bir layihə icra edilə bilməz.   Bu məsələlər dəfələrlə qarşı tərəfin  diqqətinə  çatdırılsa da,  Ermənistan hələ də kimlərdənsə  məsləhət gözləyir. Nəqliyyat marşrutu ilə bağlı danışıqların gecikdirildiyinin səbəblərini  «Bu günə qədər bizə marşrut verilmir. Orada cəmi 40 kilometr məsafədir. Bunun bir çox marşrutları ola bilməz. Özü də aydın məsələdir ki, orada bütün mövsümlərdə və günün 24 saatında istifadə edə biləcək yolların marşrutları da o qədər də çox deyil. Deməli, bu marşrutun bizə verilməməsi, bu istiqamətdə işlərin aparılmaması, texniki-iqtisadi əsaslandırmanın hazırlanmamasının bir səbəbi var - Ermənistan bu öhdəliyi də yerinə yetirmək istəmir, ancaq bunu etiraf etmir. Ona görə biz haqqımızı tələb edirik» bu sözləri ilə  diqqətə çatdıran dövlət başçımızın vurğuladığı kimi,  təxribatlar, ara-sıra status ifadələrinin işlədilməsi bu cür infrastruktur layihələrinin həllini yubadır.  Amma unudurlar ki,  qalib dövlət  olduğunu  Ermənistana qəbul etdirən Azərbaycan xalqını Qələbəyə aparan ən başlıca amil milli ruh, ləyaqət, Vətənə sevgi  duyğularıdır.  Vətənə olan bağlılıq nəticəsində  Qarabağın tacı, alınmaz qala olan  Şuşada üçrəngli bayrağımızı ucaltdıq. Hadrutda, Kəlbəcərdə komando hərbi hissəsi təşkil olundu. Bu gün  də Azərbaycan Ordusu  güclənir. Revanşist qüvvələrin hərəkətləri nəzarətdə saxlanılır.  «Qisas» əməliyyatı da  sonuncu deyil. Ermənistan unutmasın ki,  Qarabağ hər zaman Azərbaycan torpağı olub - işğal dövründə də, müharibə dövründə də, müharibədən sonra da və bu gün də. Qarabağ Azərbaycandır!

Xuraman İsmayılqızı, «İki sahil»