08 avqust 2022 21:14
2681

Şöhrət İsa-zadə: SOCAR-ın təqaüd proqramının qaliblərindən olmağım şirkətdə əmək fəaliyyətimin başlanmasına müsbət təsir göstərib VİDEO/FOTO

“İki sahil”in müsahibi SOCAR-ın vitse-prezidentinin müşaviri, ikinci “Yüksəliş” müsabiqəsinin qalibi Şöhrət İsa-zadədir

-Şöhrət İsa-zadəni yaxından tanımaq istərdik. Özünüzü oxucularımıza necə təqdim edərdiniz?

-1990-cı ildə Bakı şəhərində anadan olmuşam. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarəedilməsi ixtisası üzrə bakalavriat, Sənayenin təşkili və idarə olunması ixtisası üzrə magistratura təhsili almışam. Hər iki təhsilimi fərqlənmə ilə bitirmişəm. İqtisadçı kimi neft sənayesinə dənizdə başlamışam. Neft sənayesinin müxtəlif sektorlarında- “Upstream”, “Downstream”, “Midstream”, Xidmət kimi sahələrdə fəaliyyət göstərmişəm. Eyni zamanda, SOCAR-da dəyər zəncirinin idarəedilməsində, qurulmasında yaxından iştirak etmişəm. Hazırda SOCAR-da vitse-prezidentin müşaviri vəzifəsində çalışıram. Vurğulaya bilərəm  ki, fəaliyyətim dövründə iqtisadi modelləşmə üzrə ixtisaslaşmışam. SOCAR-ın müxtəlif böyük layihələrində məsləhətçi şirkətlərlə işləmişəm.

-İkinci “Yüksəliş” müsabiqəsinin qaliblərindən birisiniz. Sizi təbrik edir və nailiyyətlərinizin davamlı olmasını arzulayırıq. Müsabiqədə güclü rəqibləriniz var idi. İntellektli şəxslərin müsabiqəsində seçilənlərdən, qaliblərdən olmaq çətin olmadı ki?

-“Yüksəliş” müsabiqəsi Azərbaycanda çox unikal yarışdır. Onun müxtəlif mərhələləri var. O mərhələlərdə də fərqli bacarıqlar tələb olunur. Amma düşünürəm ki, yarımfinal və final mərhələləri daha maraqlıdır. Çünki bu həqiqətən də Azərbaycanda yeni formatdır. Bütün səmimiyyətimlə deyə bilərəm ki, belə yarımfinal və final mərhələləri ilə həyatımda ilk dəfə rastlaşmışdım. Bu mərhələlərdə müxtəlif kompitensiyalar, səriştəliliklər ölçülürdü. Nəzərə alsaq ki, yarışda müxtəlif rəhbər şəxslər, idarəçilər iştirak edirdilər, buna görə də maraqlı məqamlar üzə çıxırdı. Əksər finalçılarda liderlik qabiliyyəti, strateji düşünmə, kommunikasiya bacarıqları, komandada işləmə, nəticələrə yönəlmə kimi bacarıqlar yüksək olduğundan, nəinki bizə öz bacarıqlarımızı göstərərək seçilmək maraqlı və çətin olurdu, eyni zamanda, iştirakçılar arasında seçim etmək ekspertlər üçün də rahat deyildi. Çətinlik yaradan məqamlardan da biri bu idi ki, biz komanda şəklində yarışsaq da, fərdi olaraq qiymətləndirilirdik.

Gənclərə məsləhət görürəm ki, hansısa uğursuzluq baş verəndə ruhdan düşməsinlər, səhvi başqalarında axtarmasınlar

 

Oynadığım komandaların birində komanda üzvləri arasında müxtəlif fikirlər yaranmışdı. Bu bizim vaxt darlığı çərçivəsində, komanda halında ümumi nəticəyə gəlməyimizə mane yaradırdı. Fikirləşdim ki, komandanın iki qütbü arasında necə əlaqə qura bilərəm? Onda maraqlı, əsaslı arqument gətirərək, bütün komanda üzvləri ilə razılaşdırdım. Müştərək şəkildə qərar verə bildik.

-Birinci “Yüksəliş” müsabiqəsində də iştirak etmisiniz. Amma bu dəfə qalib oldunuz. Maraqlıdır, hansı üstünlükləriniz sizi ikinci “Yüksəliş”in qaliblərindən biri etdi?

-Bəli, birinci “Yüksəliş” müsabiqəsində iştirak etmişəm. Həmin müsabiqənin finalçılarındanam. Birinci “Yüksəliş” müsabiqəsinin iyirmi yeddi qalibi olub. Mən iyirmi səkkizincilərdənəm. İndiki halda ikinci “Yüksəliş”in qalibiyəm. Düşünürəm ki, əzmkarlığım, özümüinkişaf keyfiyyətim sayəsində qalib oldum. Birinci müsabiqədən sonra öz səhvlərimi araşdırmağa başladım. Nə baş verdi ki, mən qalib ola bilmədim? Harada səhv etdim?

Gənclərə məsləhət görürəm ki, hansısa uğursuzluq baş verəndə ruhdan düşməsinlər, səhvi başqalarında axtarmasınlar. Səhvi özündə axtarmaq, zəiflikləri inkişaf etdirməklə istədiyin nəticəni əldə edə bilərsən. Mən şəxsən belə etdim. “Yüksəliş” müsabiqəsində bizə hesabatlar da verilirdi. Psixoloji testləri həll edirdik. Özümün müsbət və zəif cəhətlərimi görə bilirdim. Beləliklə də, ikinci “Yüksəliş” müsabiqəsində öz məqsədimə nail oldum.

-Müasir gənclik idarəçilik sistemini necə görür? Yüksək rəqabətli insan kapitalını formalaşdırmaq üçün hansı strateji məqsədlər təmin olunmalıdır?

-İndiki dövrdə müasir idarəçiliyin müxtəlif formaları var. Fikrimcə, indi bu dövrün tələblərinə uyğun çevik idarəçilik həyata keçirmək lazımdır. Bu günün qərarlarını verə bilmək lazımdır. Dünənin qərarlarında qalmalı deyilik. Mütləq şəkildə idarəçilər, strateji rəhbərlər ümumi böyük mənzərəni görə bilməlidir. Rəhbər kimi işləmə bacarığı mütləqdir.  Müasir idarəçilik, qərarın verilməsi prosesinin paylaşılmasını tələb edir. Onda işlər daha məhsuldar olur. Eyni zamanda, müasir idarəçilər səhvlərini qəbul etməyi və məsuliyyəti öz üzrələrinə götürməyi bacarmalıdırlar.

-“Yüksəliş” müsabiqəsi yeni nəsil idarəçilərin aşkar olunmasında, onların formalaşmasında əhəmiyyətli rol oynayıb. Bu kontekstdən yanaşaraq ölkəmizdə həyata keçirilən gənclər siyasəti ilə bağlı sizin də fikirlərinizi öyrənmək istərdik?

- Neft strategiyasının müəllifi ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev ilk gündən bu tezisi irəli sürdü: “ Neft kapitalını insan kapitalına çevirək!” Müxtəlif dövrlərdə Təhsil Nazirliyinin və Gənclər Fondunun xaricdə təhsil proqramları olub və indi də davam edir. Eyni zamanda, SOCAR-ın özündə xarici və daxili təqaüd proqramları var. Mən özüm SOCAR-ın təqaüd proqramının qaliblərindənəm və bu mənim SOCAR-da əmək fəaliyyətimin başlanmasına müsbət təsir göstərib. Bunu ona görə qeyd edirəm ki, bu müsahibəni oxuyan gənclər həvəslənsinlər və onlar üçün yaradılmış şəraitdən maksimum yararlanmağa çalışaraq uğura inansınlar.

Prezident İlham Əliyevin 2 fevral 2021-ci il Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”i təsdiq edildi.  Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritet reallaşdırılmalıdır. Bunlarda biri müasir təhsil, innovativ yeniliklərdir.  Bu da dövlətin XXI əsr təhsilinə göstərdiyi diqqət və qayğının sübutudur. Eyni zamanda, Prezident cənab İlham Əliyevin 2019-cu il 26 iyul Sərəncamı ilə təsis olunan “Yüksəliş” müsabiqəsi də ölkəmizdə yeni nəsil idarəçilərin aşkara çıxarılması, həmçinin perspektivli idarəçilərin dəstəklənməsi və təşviqi baxımından çox faydalıdır. Gənc idarəçilərə çox böyük imkan və şans verilir. Biz orada elə idarəçi rəhbərlərlə qarşılaşırıq ki, bəlkə də bu müsabiqə olmasaydı uzun illər karyeramızda heç bu şansları əldə edə bilməyəcəkdik. Şəxsən bu insanlarla tanış olmaq mənim üçün əvəzsiz imkan idi. “Yüksəliş” müsabiqəsinin nəticəsi olaraq mentorluq proqramı var. İdarəçi rəhbərlər bir il ərzində bizim idarəetmə qabiliyyətimizi daha da inkişaf etdirmək üçün proqrama cəlb edəcəklər. Düşünürəm ki, yüksəliş müsabiqəsi və ondan sonrakı bütün qeyd etdiyimiz məqamlar, bu uğurlu siyasətin tərkib hissəsidir.

Günel Eyyubova, “İki sahil”