10 avqust 2022 12:16
1816

Kamran Bayramov: İdmançılarımız beynəlxalq arenalarda ölkəmizi ləyaqətlə təmsil edirlər

"İdman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, olimpiya ideallarının təbliği, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, tikilmiş müasir idman kompleksləri və digər tədbirlər nəticəsində ölkəmiz son illərdə mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana, dünyanın idman mərkəzlərindən birinə çevrilib. Xüsusən son onillikdə Bakıda və Azərbaycanın regionlarında ən nüfuzlu dünya və Avropa yarışları təşkil olunub. İdmançılarımız beynəlxalq arenalarda ölkəmizi ləyaqətlə təmsil edirlər. Həm dünya, həm də Avropa çempionatlarında Azərbaycanın milli bayrağı dalğalanır, milli himni səslənir. Əlbəttə, bu, hər bir Azərbaycan vətəndaşında böyük sevinc və  fərəh hissi yaradır."

Bu fikirləri“İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.

K.Bayramov qeyd edib ki, qüdrətli iqtisadiyyatı olan və idman ölkəsinə çevrilən Azərbaycan 2017-ci ilin mayında 54 ölkənin iştirak etdiyi IV İslam Həmrəyliyi Oyunlarına da ev sahibliyi edib. Dövlətimizin başçısı bu gün Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının açılışında iştirak edib və estafeti qardaş ölkəyə təhvil verib: "Hazırda qardaş Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunları keçirilir. Hər dəfə mötəbər beynəlxalq yarışlar ərəfəsində Azərbaycan Prezidentinin idmançılarla görüşüb onlarla söhbətləşməsi artıq bir ənənə halını alıb. Bu ənənə isə Prezident İlham Əliyevin ölkəmizdə idmanın inkişafını hər zaman xüsusi diqqət mərkəzində saxladığının daha bir təsdiqidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Türkiyəyə işgüzar səfər çərçivəsində avqustun 9-da V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edən idmançılarla görüşləri idmançılarımızı daha böyük nailiyyətlərə ruhlandıran ən güclü stimul olacaq. Azərbaycan idmançıları V İslam Həmrəyliyi Oyunlarında əldə edəcəkləri nailiyyətlərlə bunu bir daha təsdiq edəcəklər."

Deputat sonda əlavə edib ki, ölkəmizdə idman sahəsinin inkşafı gənclərin sağlam və xüsusəndə vətənpərvər ruhda böyüməsində böyük rol oynamışdır. Sağlam və vətənpərvər ruhda böyüyən gənclərimiz İkinci Qarabağ müharibəsində böyük qəhrəmanlıq göstərərək, torpaqlarımızı işğaldan azad etdilər.