13 avqust 2022 01:28
766

 Bu kilsə deyil, Qubad İbrahimovun dağıdılmış evidir

Hərki-hərkinəliyin baş alıb getdiyi sosial şəbəkələrdə hər cür uydurma, yanlış və feyk xəbərlərə rast gəlmək olar. Burada ailə-məişət mövzusundan tutmuş ta siyasət və hərbi sahələrə aid "bilgilər" verməkdən əsla çəkinmirlər.

Kütləvilik daşıyan bu şəbəkələrdə hər hansı məlumatı yayanlar onun səhihliyini dəqiqləşdirməli, cəmiyyətə yoxlanmış, təsdiq olunmuş düzgün məlumatlar verməlidirlər. Əks halda "əlimizdəki düyünü dişimizlə açmalı oluruq. Bu günlərdə “Laçını tərk edən ermənilər kilsəyə belə ziyan vurur – VİDEO” başlıqlı xəbərlər yayan saytların və bunu eyni formada yaymış və ya yaymaq niyyətində olan telekanal, internet, “You Tube”kanallarının, qəzetlərlərin və s. KİV-in nəzərinə çatdırırıq ki, bu xəbəri verməmişdən əvvəl Laçın rayonu haqqında lazımi bilgilərə malik olmaq lazımdır.  

Bu rayon Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olduğu üçün tarixi abidələrlə zəngindir. Böyük türk hökmdarlarından və sərkərdələrindən biri olan əzəmətli Sultan Məhəmməd Alp Arslanın yüz min nəfərlik qoşunla Zəngəzura gəlməsi və Laçından keçməsi rayon üçün ən mühüm tarixi hadisələrdəndir. Maraqlıdır ki,  Alp Arslan bura ilk dəfə 1065-ci ildə yürüş edib və cəmi iki ildən sonra ikinci dəfə yenə də bu yerlərə gəlib.

Diqqətə çatdıraq ki, Laçının əvvəlki adı Abdallar olub. Sovet hakimiyyətinin ilk illərində Abdallar kəndinə rayon statusu verilərək adı dəyişdirilib. Görkəmli yazıçımız və dövlət xadimimiz Tağı Şahbazi Simurq rayon mərkəzinə Laçın adı qoyub. Bu ad ətrafdakı dağlardan birinin adıdır, mənası isə cəsarətlililik, cəldlik və qorxmazlıq bildirir.

Laçın rayonunun bir neçə kəndində tarixi abidələr, albanların dövründə yaşamış türk tayfalarımıza məxsus məbədlər olsa da,  istər Laçın şəhərində, istərsə də Zabux kəndində tarix boyu heç bir xristian, yaxud erməni kilsəsi olmayıb...  Bəyəm Laçında o dövrdə erməni var idi ki, məscidi də olsun?  Bunlar dünyada yeganə xəstə millətdirlər ki, qonaq kimi yaşadıqları yerlərin əvvəlcə adını dəyişdirməyə, sonra "özəlləşdirirməyə", yəni, erməniləşdirməyə cəhd edirlər. Həyasız ermənilər başqalarının himayəsi ilə iki yüz il  müddətində Azərbaycandan torpaq oğurlamaqla məşğul idilər. Nəhayət, 2020-ci ildə işğalçı Ermənistan əzişdirildi və kimliyi ona xatırladıldı. Artıq ermənilərin Azərbaycan ərazilərində 200 illik torpaq oğurluqlarına son qoyulub. Fəal işləyən mediamız, diplomatik korpuslarımız, diasporumuz bütün dünyaya ermənilərin ən çirkin sifətlərini açıb göstəriblər. Fikir verirsinizsə, artıq iki ilə yaxınlaşır ki, dünyanın ən nüfuzlu ölkələrində Ermənistanı nəinki əvvəlki kimi dəstəkləmirlər, ümumiyyətlə, sanki onu yaddan belə çıxarıblar. Ona görə ki, əsl həqiqəti öyrəndilər. Müharibə gedən günlərdə xarici ölkələrdən hirs-hikkə ilə gələn ermənipərəst telejurnalistlər Azərbaycan Prezidenti İlham Əliyevin "dərs"lərindən lazımi nəticə çıxardılar və Azərbaycan həqiqətlərini öz ölkələrində yaydılar. Fərəhlə qeyd etməliyik ki, dövlətimizin başçısının tarixə və həqiqətə söykənən çıxışları erməni yalanlarını tamamilə ifşa etdi. O günlərdə bütün dünya azərbaycanlıların öz torpaqlarının azadlığı üçün necə qəhrəmanlıqla döyüşdüyünü gördü.

Mövzuya qayıdaq. Konkret olaraq Laçın rayonunun Kosalar kəndi yaxınlığındakı məşhur Ağoğlan məbədi, eləcə də Minkənd, Hoçaz, Mirik, Qarıqışlaq və s. kəndlərdə rəsmən “alban xristian” abidələri kimi qeydə alınmış məbədlər, digər bir neçə kənddə isə qeydə alınmamış qədim türk tayfalarına məxsus kilsə qalıqları vardır. Bilmək lazımdır ki, bu yerlərdə əhalinin böyük ehtiram göstərdiyi ağır seyidlər olub. Bir neçə kənd isə seyidlər kəndi kimi tanınıb.

 Laçın şəhərində və Zabuxdakı erməni kilsələrini isə işğalçılar 1992-ci ildən sonra, yəni işğal dövründə tikiblər. Laçın rayonunun mərkəzindəki kilsə 1998-ci ildə, Zabux kəndindəki isə 2002-ci ildə qanunsuz olaraq tikilib. Bunu özləri də etiraf edirlər. Qeyd edək ki, Laçın şəhərindəki erməni kilsəsi konkret olaraq Azərbaycan Respublikası vətəndaşı, Laçın rayon sakini Qubad İbrahimova məxsus evin yerində tikilib. Yəni, ermənilərin haram yolla quraşdırdıqları Allah evi deyil, Qubad İbrahimovun uçurulmuş evidir.

Vəli İlyasov, "İki sahil"