13 avqust 2022 11:38
889

Məşhur aktrisa vəfat edib

Avtomobil qəzasında ağır xəsarət alan amerikalı aktrisa Enn Heç 53 yaşında həyatını itirib.

"İki sahil" xəbər verir ki, aktrisanın ailəsi Enn Heçin "ciddi anoksik beyin zədəsi" aldığını və komada olan Heçenin sağ qalma şansının az olduğunu bildirmişdi.

Xatırladaq ki, qəza ötən həftə Los-Ancelesin Mar-Vista bölgəsində günorta saatlarında baş verib. Aktrisa mavi rəngli “Mini Cooper” markalı avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirib və maşın yaşayış kompleksinin qarajına çırpılıb. Sakinlər aktrisanı maşından çıxarmağa çalışarkən avtomobil sürətlə geriyə doğru hərəkət edib və yaşayış evinə çırpılaraq yanğına səbəb olub. Yanğın genişmiqyaslı olduğu üçün bütün binanı bürüyüb. Nəticədə aktrisa Enn Heçe ağır yanıq xəsarətləri alaraq komaya düşmuşdü.

Qeyd edək ki, Enn Heç 1969-cu ilin mayın 25-də ABŞ-ın Ohayo ştatının Avrora şəhərində anadan olub. 1983-cü ildə QİÇS xəstəliyi səbəbindən atasını, bir il sonra isə baş vermiş avtoqəza nəticəsində aktyor karyerasına yeni başlayan özündən yaşca böyük olan qardaşını itirib. 1985-ci ildə Ennin 16 yaşı olarkən o, aktyorluq karyerasına yeni qədəm qoyacaq “Dünya necə fırlanır” adlı operada iştirak etmək üçün ilk təklifi alır. Lakin, anasının məsləhəti ilə ilk əvvəl məktəbi bitirməyi daha vacib hesab edərək bu təklifi rədd edir.

Məktəbi bitirər bitirməz Nyu-York şəhərinə köçən Enn burada “Başqa Dünya” adlı serialda çəkilmək təklifini qəbul edir və həmin serialda oynadığı rola görə “Emmy” mükafatına layiq görülür. 90-cı illərdə “Doni Brasko”, ”Vulkan”, “Mən bilirəm siz keçən yay nə etmisiniz”, “6 gün 7 gecə” adlı bir neçə uğurlu filmlərdə çəkilməsi kino sənayesində olan rəğmətini daha da artırıb.