14 avqust 2022 18:09
809

Qarabağda yaşayan ermənilərin hüquqları da, təhlükəsizliyi də Azərbaycan dövləti tərəfindən təmin ediləcək

Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatına inteqrasiya etmiş iqtisadiyyatdır. Odur ki, dünya iqtisadiyyatında baş verən müxtəlif tendensiyalar təbii olaraq iqtisadiyyatımızda hiss edilir. Son dövrlər dünyada ərzaq mallarının bahalaşması da ölkəmizə təsir edir. Əslində ərzaq məhsullarının qiymətinin artması bir növ ölkəmizə idxal olunur. Bunun səbəbi isə ölkəmizin özünü 100 faiz ərzaq məhsulları ilə təmin edə bilməməsidir. Lakin ölkə başçısının müvafiq tapşırıqlarına əsasən bu istiqamətdə ardıcıl işlər aparılır. Dövlətin əsas məqsədi yerli istehsalı artırmaq və bununla da idxaldan asılılığın azaldılmasına nail olmaqdır.  Ərzaq təhlükəsizliyin təminatı istiqamətində həyata keçirilən bəzi tədbirləri  müvafiq rəqəmlərlə də ifadə etmək olar. Belə ki, bu gün Azərbaycan özünü ət məhsulları ilə 90 faiz, quş əti ilə 80 faiz, süd, süd məhsulları ilə 85 faiz səviyyəsində təmin edir. Növbəti 3-5 il ərzində bu yüz faiz səviyyəsinə çatacaq. Təəssüf ki, ölkəmiz özünü taxılla hələ uzun illər tam təmin edə bilməyəcək. Lakin bu sahədə işləri sürətləndirmək və stimullaşdırmaq məqsədilə artıq xüsusi proqram işlənib hazırlanıb, yeni növ subsidiyaların tətbiq edilməsinə start verilib. Təqribən 3-4 il ərzində ölkəmizin özünü ərzaqlıq buğda ilə 80 faiz səviyyəsində təmin etməsi hədəflənib ki, bu da böyük nəticə olacaqdır.

Prezident cənab İlham Əliyev avqustun 12-də İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində ölkəmizin ərzaq təhlükəsizliyi istiqamətində həyata keçirilən tədbirlər haqqında danışarkən bildirmişdir ki, ölkəmizi bütün problemlərdən tam sığortalamaq üçün praktiki işlər aparılır və aparılacaq. Növbəti illərdə həm bu gün mövcud olan əkin sahələrində daha bol məhsul götürmək üçün suvarma layihələri, düzgün aqrotexniki tədbirlərin görülməsi və digər tədbirlər, subsidiyalar nəticəsində məhsuldarlıq böyük dərəcədə artırılacaqdır. Azad edilmiş torpaqlarda da  artıq əkin-biçin işləri aparılır. Gələcəkdə Qarabağda və Şərqi Zəngəzurda yetişdiriləcək məhsullar, o cümlədən ərzaq təhlükəsizliyimizin tam təmin edilməsində mühüm rol oynayacaq.

Ümumiyyətlə, azad edilmiş ərazilərdə həm kənd təsərrüfatı, həm maldarlıq, həm  də bitkiçilik üçün çox münbit iqlim və təbii şərait var. Maksimum dərəcədə bundan səmərəli şəkildə istifadə olunmalıdır. Bu il 50 min hektarda taxıl əkilmişdir və artıq məhsul yığımı da sona çatmaq üzrədir. Növbəti illərdə məhsuldarlıq daha da artacaq, əkin sahələri artacaq. Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı rayonlarında taxılçılıq, o cümlədən üzümçülük, meyvəçilik, fındıqçılıq sahələri inkişaf etməlidir. Kəlbəcər, Laçın, Zəngilan rayonlarında heyvandarlığın çox böyük perspektivləri var.

Ölkə başçısının Azərbaycan Televiziyasına verdiyi müsahibədə diqqət çəkən məqamlardan biri də Ermənistana ünvanlanmış ciddi açıqlamalar və xəbərdarlıqlar oldu. Prezident cənab İlham Əliyev müsahibəsində “Qisas” əməliyyatının mahiyyətindən danışaraq bu əməliyyatın bir neçə saat ərzində davam edən cəza tədbiri olduğunu bildirdi. Ermənistan birdəfəlik yeni reallıqları qəbul etməli və odla oynamamalı, təxribatlara əl atmamalıdır. Erməni silahlı birləşmələri Qarabağı birdəfəlik tərk etməlidir. Bu, Ermənistanın öhdəliyidir, 10 noyabr 2020-ci ildə Ermənistan tərəfindən imzalanmış kapitulyasiya aktında təsbit edilib və Azərbaycan buna nail olacaq.

Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev qəti formada bəyan etdi ki, Ermənistan  qanunsuz məskunlaşmış insanları Laçın şəhərindən, Zabux və Sus kəndlərindən çıxarlımalıdır. Onların orada qalması hərbi cinayətdir. Çünki o, Cenevrə konversiyalarının qaydalarına ziddir. İşğalçı ölkə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz. Bu, hərbi cinayətdir. Qanunsuz məskunlaşmış insanların bu ərazilərdən çıxarılması üçün Ermənistana vaxt verilib və onlar oradan çıxarıldıqdan sonra Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı yaxın zamanlarda öz doğma yerlərinə qayıdacaqdır. Ümumiyyətlə, Azərbaycan üzərinə götürdüyü bütün öhdəliklərinə sadiqdir. Lakin Ermənistan isə, sadəcə olaraq, yenə də fitnəkarlıqla məşğuldur. Vaxt uzatmaq  cəhdləri bu ölkəyə heç nə verməyəcək.

Qarabağda yaşayan ermənilərin isə Azərbaycan vətəndaşları olduqlarını qeyd edən Prezident cənab İlham Əliyev bildirdi ki, onlar bunu birdəfəlik dərk etməlidrlər. Qarabağda yaşayan ermənilər düzgün addım atmalıdırlar, başa düşməlidirlər ki, onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Qarabağda yaşayan ermənilərin hüquqları da, təhlükəsizliyi də Azərbaycan dövləti tərəfindən təmin ediləcək.  Qarabağ Azərbaycanın tarixi nöqteyi-nəzərdən, beynəlxalq hüquq nöqteyi-nəzərindən ayrılmaz tərkib hissəsidir. Bu gün danışıqlar masasında hər hansı bir statusdan, ümumiyyətlə, söhbət belə getmir. Qarabağda yaşayan ermənilərin nə statusu, nə müstəqilliyi, nə də ki, hansısa xüsusi imtiyazı olacaq. Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycan vətəndaşlarının, ölkəmizdə yaşayan xalqların hüquqları necə qorunursa onların da hüquqları elə qorunacaqdır.

İkinci Qarabağ müharibəsindən  təxminən iki il vaxt keçir. Bu müddət ərzində çox böyük dəyişikliklər baş verib. Azərbaycan dövlətinin Qarabağ və Şərqi Zəngəzurda gördüyü böyükmiqyaslı işlər göz qabağındadır. Azərbaycan Prezidentinin apardığı uğurlu siyasət nəticəsində şüurda da böyük dəyişikliklər baş verib. Hərbi əməliyyatlar bitdikdən dərhal sonra Azərbaycan Ermənistanla sülh danışıqlarına başlamaq təklifini irəli sürmüşdü. Həmçinin bölgənin inkişafına və regionda dayanıqlı sülhə töhfə olacaq Zəngəzur dəhlizinin açılması tələbi də Azərbaycanın yaratdığı yeni reallıqlardandır. Düzdür, Ermənistan bütün bunlara etiraz edirdi. Lakin  yaxın həftələrdə Ermənistan tərəfindən Zəngəzur dəhlizinin marşrutunun təqdim edilməsi gözlənilir.

Cavid Osmanov, 
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı