15 avqust 2022 12:18
491

Əliabbas Salahzadə: Vaxt uzatmaq Ermənistana heç nə verməyəcək

“Neft gəlirlərinin düzgün istiqamətləndirilməsinin mühüm nəticələrindən biri bu gün ümumi daxili məhsulda özəl bölmənin payının artmasıdır. Ən prioritet sahələrdən biri kimi aqrar sahənin inkişafına göstərilən diqqət və qayğı davamlıdır. Son illərdə ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına göstərilən diqqət də deyilənlərin təsdiqidir. Yeni hədəflər yeni sənədlərin qəbulunu, təkmil islahatları bir zərurət kimi ortaya qoyur. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının ardınca “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiqləndi. Artıq tarixi Zəfərimizin yaratdığı yeni reallıqları yaşayırıq. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri ilə yanaşı, bu torpaqların malik olduğu potensialdan səmərəli istifadə məsələlərinə də xüsusi diqqət göstərilir. Dövlət başçısı İlham Əliyev avqustun 12-də İsmayıllı və Ağsu rayonlarına səfəri çərçivəsində Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində bir daha diqqəti ərzaq təhlükəsizliyi məsələsinə yönəldərək bildirdi ki, bütün bölgələrdə, o cümlədən işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafına xüsusi diqqət göstərilir. Bu gün ərzaq təhlükəsizliyi ilə bağlı dünyada çox böyük narahatlıq var. O cümlədən Azərbaycan da bu istiqamətdə fəal iş aparır. Görülmüş və görüləcək işlər nəticəsində özümüzü bu sahədə də təmin etmiş ölkəyə çevirəcəyik. Düzgün aqrotexniki və digər tədbirlərin görülməsi nəticəsində məhsuldarlığı böyük dərəcədə artıra biləcəyik. Artıq azad edilmiş torpaqlarda da əkin işləri aparılmışdır. Gələcəkdə Qarabağda və Şərqi Zəngəzurda yetişdiriləcək məhsullar, o cümlədən ərzaq təhlükəsizliyimizin tam təmin edilməsində böyük kömək göstərəcək”.

“İki sahil” xəbər verir ki,  bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.

Deputat vurğulayıb ki, ölkənin davamlı inkişafında iqtisadiyyatın düzgün əsaslar üzərində qurulmasının böyük rola malik olduğu bugünkü reallıqlarımızdan bir daha aydın görünür: “İqtisadiyyatın şaxələndirilməsi siyasəti uğurla həyata keçirilir.  Əsas məqsəd budur ki, ölkənin hərtərəfli inkişafı təmin olunsun, ən əsası insanların sosial rifah halı daha da yaxşılaşdırılsın. Ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcminin ildən-ilə daha da artırılması, daxili investisiyaların xarici investisiyaları üstələməsi ölkəmizdə sahibkarlığın inkişafına dəstəyin bariz nümunəsidir. İnfrastruktur layihələrinin uğurlu icrası, müasir tələblər səviyyəsində təkmilləşməsi, yeniləşməsi də bu məqsədə xidmət edir. Rayonlar üzrə aparılan ixtisaslaşma hədəflərə yönəlib. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədilə ölkədə müasir aqroparklar yaradılır. Dövlət başçısı İlham Əliyev qeyd olunan səfər çərçivəsində “Ağsu Aqropark”ın fəaliyyəti ilə tanış oldu. Qeyd edək ki, ölkədə 44 aqropark fəaliyyətə başlayıb. Aqroparklar məşğulluq səviyyəsinin artırılmasında da mühüm rol oynayır. Statistik rəqəmlərə diqqət yetirsək görərik ki, hazırda aqroparklarda ümumilikdə 4491 işçi daimi, 6303 işçi isə mövsümi işlə təmin olunub. Gələcəkdə əlavə 4672 iş yerinin yaradılması nəzərdə tutulur”.

Ə.Salahzadə işğaldan azad edilmiş ərazilərdə mövcud iqtisadi imkanlardan bəhs etməklə yanaşı, bu günlərdə həyata keçirilən qısa müddətli, amma çox təsirli cəza tədbiri olan “Qisas” əməliyyatından  və onun Ermənistana ünvanladığı mesajlardan da bəhs edib: “Azərbaycan bir daha hansı imkanlara malik olduğunu, gücünü, qüdrətini dünyaya nümayiş etdirdi. Ermənistana bir daha bu mesaj çatdırıldı ki, yeni reallıqları qəbul etməlidir, oxşar təxribat təkrarlanarsa, cavab daha da sərt olacaq, daha da gur səslə imdad diləyəcək. 44 günlük İkinci Qarabağ müharibəsində işğalçı Ermənistanın dünya gücləri qarşısında yalvarışları çox da uzaq olmayan tarixin reallıqlarıdır. Döymədiyi qapı, yalvarmadığı ünvan qalmadı. Azərbaycan dəyişməz mövqeyini bir daha nümayiş etdirdi. Müharibəni sonadək apararaq hərbi-siyasi Qələbəmizin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtrəfli Bəyanatın imzalanmasına nail oldu.  “Qisas” əməliyyatından sonra da dövlət başçısı İlham Əliyevə edilən telefon zənglərinə diqqət yetirsək bir çox məqamları aydın görmək mümkündür. Prezident İlham Əliyev müsahibədə bir daha bildirdi ki, “Qisas” əməliyyatı Ermənistana göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz. Nə kiminsə bəyanatı, nə kiminsə açıqlaması, nə hansısa telefon zəngi. Heç nə və heç kim. Bunu Azərbaycan xalqı yaxşı bilir. İkinci Qarabağ müharibəsi bunu göstərmişdir. Əminəm ki, qarşı tərəf də bunu bilir”.

Deputat söyləyib ki, postmünaqişə dövrünün reallıqları fonunda Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən mövqeyi beynəlxalq səviyyədə dəstəklənir. Ölkəmizə qarşı ərazi iddialarından əl çəkməməklə vaxt uzatmaq Ermənistana heç nə verməyəcək.