01 sentyabr 2022 00:09
1705

“Ginnesin Rekordlar Kitabı”na daha nələr daxildir?

“Ginnesin Rekordlar Kitabı”insanlar tərəfindən göstərilən və təbiətdə qeydə alınan ən yüksək nəticələri ümumiləşdirən məcmuədir. İlk dəfə 1955-ci ildə İrlandiyanın "Ginness" pivə zavodunun sifarişi ilə nəşr olunub. Bu illər ərzində bu kitabda insanların ən qeyri-adi nailiyyətləri daxil edilib. Onlardan bəzilərini sizə təqdim edirik.

Ən çox uşağı olan kral

Mərakeş krallarından biri olan Muley İsmayılın (1672 - 1727) 548-i oğlan, 340-ı qız olmaqla cəmi 888 uşağı olub.

Almaları mişar ilə kəsən oğlan

London sakini olan Conni Strenj adlı cavan oğlan qeyri-adi rekorda imza atanların sırasına daxildir. Onun imza atdığı performansı qorxulu filmə bənzə də, lakin o, reallıqdır. Heç nədən qorxmayan bu oğlan almaları ağzında tutaraq onları mişarla kəsib. 2013-ci ilin oktyabr ayında Conni 8 dənə almanı dalbabal qısa müddət ərzində kəsərək dünya rekorduna imza atıb.

Ən uzunömürlü insan

Bu il venesuelalı 113 yaşlı Xuan Vinsente Mora dünyanın ən yaşlı insanı kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb.

Mora uzun ömür sürməsinin sirrinin "Allah sevgisi, ailə sevgisi və işə tezdən qalxmaq" olduğunu söyləyib. O, hər günə bir fincan qəhvə ilə başladığını və yemək vaxtlarını ailəsi ilə keçirdiyini də vurğulayıb.

Moranın 11 övladı, 41 nəvəsi, 18 nəticəsi və 12 kötükcəsi var. Mora bildirib ki, dostları və ailəsi onun ən böyük həyat yoldaşlarıdır.

Mora 1937-ci ildə Ediofina del Rosario García ilə evlənib. 60 il birlikdə yaşadıqdan sonra 1997-ci ildə həyat yoldaşını itirdiyini və son 20 ilin onsuz keçdiyini deyib. İlk fotoşəkilini 51 yaşında ağ-qara çəkdirdiyini ifadə edən Mora internet və televiziya kimi bir çox mühüm ixtiraların əvvəlini və sonrasını gördüyünü də vurğulayıb.

Dünyanın ən uzun toy duvağı

Əslən yunan Kiprindən olan Mariya Paraskeva adlı qız 2018-ci ildə eyni anda iki arzusunu yerinə yetirdi. O, həm evləndi və eyni zamanda, uşaqlıq arzusunu həyata keçirərək dünyanın ən uzun toy örtüyünün sahibəsi oldu. Qeyri-adi toy aksessuarı üçün o, təxminən on min metr parçadan istifadə edib. Onun toxuduğu gəlinlik fatası 6962 metrdir. Üç ay ərzində hazırlanan və futbol meydançası boyda olan örtük Mariyaya 4000 avroya başa gəlib.

Mariyanın “İnstagram”səhifəsində paylaşdığı videoda qızın bəylə futbol meydançasının ortasında dayandığı nümayiş olunub. 7 kilometrə yaxın uzunluğu olan duvağı da məcburən elə büküblər ki, həmin meydana yerləşsin.

Mariya müsahibəsində rekordlar kitabına düşmək istədiyini etiraf edib.
Onun sözlərinə görə, fatanı meydançaya uzatmaq üçün 30 könüllünün yardımından istifadə edib.

Dünyanın ən çox gəlir gətirən filmi

“Ginnesin Rekordlar Kitabı”na ən çox gəlir gətirən film kimi daxil olan “Küləklə sovrulanlar” Marqaret Mitçellin 1936-cı ildə Pulitser mükafatına layiq görülmüş eyniadlı romanı əsasında, 1939-cu ildə çəkilmiş epik tarixi sevgi filmidir. Film “Selznick International Pictures”dən Devid O. Selznik tərəfindən istehsal edilmiş və Viktor Fleminqin rejissorluğu ilə çəkilmişdir. 1940-cı ildə baş tutmuş XII Oskar mükafatlarının təqdim edilməsi mərasimində “Küləklə sovrulanlar” on üç nominasiyadan onu üzrə (səkkiz müsabiqə, iki şərəf mükafatı) mükafata layiq görülmüşdür. Filmin qazandığı mükafatlar arasında ən yaxşı film, ən yaxşı rejissor (Viktor Fleminq), ən yaxşı uyğunlaşdırılmış ssenari (ölümündən sonra Sidney Hovard üçün), ən yaxşı aktrisa (Vivyen Li) və ikinci dərəcəli rolda ən yaxşı aktrisa (Hetti MakDeniel, Oskar mükafatı almış ilk afro-amerikan olmuşdur) nominasiyaları da olmuşdur. Həmin dövrdə nominasiyalar və mükafatların sayına görə film rekord göstəriciyə nail olmuşdur. Film çox böyük populyarlıq qazanaraq həmin dövrə kimi çəkilmiş filmlər arasında ən çox gəlir gətirən ekran əsəri sayılmış və bu nəticəni uzun müddət saxlaya bilmişdir. İnflyasiya göstəriciləri nəzərə alındıqda film bu gün də kassa gəlirlərinə görə, kino tarixinin ən uğurlu əsərlərindən biri olaraq qalmaqdadır.225.7 milyon bileti satılan bu film 7.2 milyard dollar toplayaraq tutduğu yüksək pilləni hələ də qoruyub saxlamaqdadır.

Ən davakar uşaq

Braziliyalı məktəbli Tobiaz Kuso bir həftə ərzində məktəbdə fərqli səbəblərdən ötrü 120 yoldaşını döyərək rekord qırıb. Ən davakar uşaq olaraq rekordlar kitabına düşən Tobiaz bu günə qədər 20 fərqli məktəb dəyişib.

Ən yaxşı siçan ovçusu

Tovser adlı üçrəngli pişik “Ginnesin Rekordlar Kitabı”na “Bütün zamanların ən yaxşı siçan ovçusu” kimi düşüb. O, həyatı boyu 30 minə yaxın siçan tutub. Tovser1987-ci ildə ölüb.

Sancaq üçün yastıqçaya bənzəyən qadın

Dünyanın ən çox pirsingi olan Eleyn Devidson sancaq üçün yastıqçaya bənzəyir. Braziliyada yaşayan Eleyn ilk pirsingini 1977-ci ildə edib. 2006-ci ildə 4225 pirsinq sahibəsi olaraq “Ginnesin Rekordlar Kitabı” na daxil olan qadın tez-tez sırğalarını dəyişərək təzələri ilə əvəz edir.

“LEGO”nu sürətlə toplayan yeniyetmə

2021-ci ildə 12 yaşlı amerikalı Haddon Haste minlərlə parçası olan “ LEGO Star WARS Falcon” mikro döyüşçülərini sürətlə bir araya gətirməklə rekorda imza atıb. Luisvildən olan yeniyetmə 1 dəqiqə 59 saniyə ərzində konstruktoru toplayaraq “Ginnesin Rekordlar Kitabı”na daxil olub. Hastenin sözlərinə görə, karantin dövründə, hamı evdə olarkən,o darıxdığından müxtəlif “ LEGO”ları toplamağa başlayıb.

Paraşütsüz yüksəklikdən düşən stüardessa

Əslində bu rekordun təkrarlanması çox da arzuolunan deyil. Bu rekorda imza atan Vesna Vuloviç ötən əsrin yetmişinci illərində JAT Yugoslav Airlines 367 təyyarəsində stüardessa işləyirdi. Uçuşların birində təyyarədə bomba partladı. Vesna paraşütsüz təyyarədən yerə düşərək 10160 metr hündürlükdən yıxılaraq sağ qalmağı bacardı. Qeyd edək ki, bu dəhşətli fəlakətdən sağ çıxan yeganə insan məhz o idi. Qəzadan sonra komaya düşən düşən 22 yaşlı bu qız kəllə sümüyünün, üç fəqərənin, hər iki ayağının və çanaq sümüyünün sınığı da daxil olmaqla, bir çox zədələr almışdı.

Vesna Vuloviçin sözlərinə görə, özünə gələndən sonra ilk istədiyi şey siqaret çəkmək olmuşdu. Sonra isə pişiyinin və itinin harada olduğunu soruşmuşdu.

Müalicə 16 ay davam etdi. Həmin müddətin 10 ayı boyunca, Vuloviçin bədəni qurşaqdan ayaqlarınadək iflic vəziyyətində idi.

O mübarizə apardı və tam sağala bildi. Bu qəzadan xatırlatma olaraq yalnız kiçik bir axsaqlıq qaldı. Vesna Vuloviç xatirələrində qəza anını xatırlamadığına görə, qorxu hissi yaşamadığını qeyd edirdi. Buna görə də tam sağalandan sonra onu Yugoslav Airlines şirkətində stüardessa işinə qaytarmaq cəhdi oldu. Lakin o, aviaşirkətdə ofis xarakterli vəzifədə çalışmağa başladı.

Vesna Vuloviçin adı yalnız 1985-ci ildə “Ginnesin Rekordlar Kitabı” na daxil oldu.

Çəkisi cəmi 15 kq olan insan

Dünyanın normal boylu ən arıq insanının çəkisi 15 kiloqram olub. O, 1977-ci ildə 83 yaşında vəfat edib.

Ən çox şar şişirən oğlan

Kolorado ştatının Allenspark şəhərində anadan olan Hunter Yuen bir saat ərzində şişirdiyi şarların sayına görə rekord qıraraq “ Ginnesin Rekordlar Kitabı” na daxil oldu. Hunter 60 dəqiqədə 910 şar şişirib. Çox maraqlıdır ki, oğlan bu qədər şarları şişirsə də əslində qlofobiyadan yəni şar qorxusundan, əziyyət çəkir. O, qorxusunu aradan qaldırmaq üçün bu rekorda imza atmağı qərara verdi. Uzun müddət məşq etdi və uğur qazana bildi. Şarları şişirdiyi zaman baş gicəlləmədən əziyyət çəksə də, istədiyinə nail ola bildi. Nəticə bütün gözləntiləri üstələdi!

17 il ayaqüstə dayanaraq rekord qırıb

Hindistanlı Suami Maujgiri Maharji adlı şəxs 1955-ci ildən 1973-cü ilin noyabr ayına qədər 17 il boyunca ayaq üstə dayanaraq rekord qırıb. O,17 il boyunca, sadəcə, yuxusu gəldiyi zaman bir yerə söykənib yuxusunu alıb.

“Yahoo” şirkətinin qeyri-adi rekordu

Yaradılmasının 20-ci ildönümünü qeyd edən “Yahoo” şirkəti ABŞ-ın Kaliforniya ştatındakı binasının həyətində bütün işçilərini bir araya toplayıb.

Şirkətin qurucuları Cerri Yanq, David Filo və şirkətin CEO – su Marissa Mayerin də iştirak etdikləri bu tədbirdə 3432 nəfər xorla yodel ifa ediblər. Onu da bildirək ki, Amerika folklorunda mahnı oxuma tərzlərindən biri “Yodel” adlanır. “Yahoo” – nun reklam musiqisini bəstələyən Wylie Gustafsonun rəhbərliyi ilə 3432 nəfərin oxuduğu mahnı “Dünyada eyni zamanda ən çox insan tərəfindən ifa edilən yodel” olaraq rekordlar kitabına daxil edilib.

Samirə Tağıyeva, “İki sahil”