22 sentyabr 2022 22:53
294

Yolların kabusu: Ucuzvari "Prius"lar

Cari ilin yanvar-iyun aylarında ölkədə 817 yol-nəqliyyat hadisəsi baş verib

Son zamanlar dünyada yol qəzaları geniş vüsət alıb. Yol-nəqliyyat hadisələrinin sayının artması və çoxsaylı insanın bu qəzaların qurbanlarına çevrilməsi olduqca ciddi problemdir. Təəssüflə qeyd etməliyik ki, hər il dünyada orta hesabla 1,3 milyon insan yol qəzaları nəticəsində dünyasını dəyişir. Proqnozlara görə, 2030-cu ilədək yol-nəqliyyat qəzaları nəticəsində baş verən travmalar ölüm səbəbinə görə beşinci yerdə qərarlaşacaq və hər il 2,4 milyon insanın həyatına son qoyacaq. 

Bəs ölkəmizdə bununla bağlı statistika nə deyir?

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin yanvar-iyun aylarında ölkədə 817 və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,1 faiz çox yol-nəqliyyat hadisəsi baş vermiş, bu qəzalar nəticəsində zərər çəkən şəxslərin sayı 12,2 faiz artaraq 1109 nəfər olmuşdur. Onlardan 336-sı həlak olmuş, 773-ü isə yaralanmışdır. Hadisələrin 48,8 faizi gündüz, 37,1 faizi gecə, 14,1 faizi isə toran vaxtı törədilmiş , 29,6 faizi həftənin şənbə və bazar günlərinə təsadüf etmişdir. Yol-nəqliyyat hadisələrinin 84,1 faizi yaşayış məntəqələrində baş vermiş, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 10,3 faiz artaraq 235 nəfər, yaralananların sayı isə 7,9 faiz artaraq 696 nəfər olmuşdur.

Belə halların nəzərəçarpacaq dərəcədə artmasının səbəbləri nədir?

İlk baxışdan bir-birinə oxşayan qəzalar müxtəlif səbəblərdən baş verə bilər. Təbii ki, yol-nəqliyyat hadisələrinin artmasının əsas səbəbi və günahkarı yol hərəkəti iştirakçılarıdır. Məsələn,  təcrübəsiz şəxsin sükan arxasına keçməsi, yol və hava şəraitinə uyğun tədbir görülməməsi, ehtiyatsızlıq, avtomobili sərxoş vəziyyətdə idarə etmək, hərəkət zamanı sürət həddini aşmaq, yol-hərəkəti qaydalarına əməl etməmək, piyadaları yol haqqından məhrum etmək və s. baş verən qəzaların əsas səbəbləridir. Lakin qəzalar zamanı piyadaların da günahı az olmur. Yol hərəkəti qaydalarına əməl etməmək, qırmızı işıqda keçmək, nəqliyyat vasitəsinin qəfildən qarşısına və ya arxasından çıxmaq, piyada keçidlərinə etinasızlıq kimi hallar qəzaların baş verməsinə səbəb olur. Ömrünü başa vurmuş, texniki cəhətdən nasaz, heç bir göstəricisinə görə müasir tələblərə cavab verməyən avtomobillər də yol qəzalarına  səbəb olur, onların ucbatından yolda yaranan problemlər digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atır.

Yol-nəqliyyat hadisələrinin baş verməsinin digər mühüm səbəbi də “Toyota Prius” (hibrid) və digər kiçik mühərrikli  avtomobillərin sayının əvvəlki illərə nisbətən daha da artmasıdır. Son zamanlar  bu avtomobillərin iştirakı ilə törədilən qəzaların sayının artması  da  göstərir ki, onlar yolların kabusuna çevriliblər. Demək olar ki, hər gün qeyd edilən avtomobil növü ilə avto qəza baş verir.

Son dövrlər Bakıda geniş yayılmış gündəlik maşın icarəsi bir çox işsizin qısa müddətli gəlir yerinə çevrilib. Sahibkar ucuz qiymətə və yanacaq sərfiyyatı az olan maşınları xaricdən gətizdirərək taksi sürücülərinə gündəlik icarəyə verir. Sürücülər belə avtomobillərdən əsasən taksi kimi istifadə edirlər. Taksi xidmətlərində daşınmalar mobil tətbiq vasitəsilə həyata keçirildiyinə görə sürücülər telefonlara mobil tətbiq yükləyirlər və  əsas diqqətləri bu cihazda olur. Həm də taksi fəaliyyəti ilə məşğul olan sürücülərin bir qismi heç də təcrübəli deyil və  paytaxt yollarına uyğun taksi idarəetməsini bilmirlər. Bu qəzalar  əksər hallarda mobil tətbiqə başı qarışan bu cür  təcrübəsiz sürücülərin ucbatından baş verir.

Yol-nəqliyyat hadisələri arasında avtobus qəzalarının üstünlük təşkil etməsi xüsusilə narahatlıq doğurur. Belə qəzaları qaçılmaz edən əsas səbəblər avtobusun çox vaxt yüksək sürətlə idarə olunması, başqa nəqliyyat vasitələri ilə aparılan ötmə əməliyyatı və sürücülər tərəfindən kobud şəkildə pozulan digər yol hərəkət qaydalarıdır. Sükan arxasında oturan şəxsin özü ilə bərabər onlarla insanın həyatı üçün məsuliyyət daşıdığını hiss etməməsi sonda kimlərinsə həyatı bahasına başa gəlir.

Mütəxəssislər problemin həllini nədə görürlər?   

Nəqliyyat eksperti Elməddin Muradlı sözügedən mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, yol-nəqliyyat hadisələrinin sayında baş verən artım  çox ciddi narahatlıq doğurur: “Bir neçə nəfərin ölməsi  və ya yaralanması ilə nəticələnən ağır qəzaların tez-tez baş verməsi  bizi  ciddi şəkildə narahat edir. Bu cür hadisələrə qarşı sistemli şəkildə mübarizə aparmaq lazımdır. Sözlə, şüarla sözügedən problem həll oluna bilməz. Ciddi təbliğat işlərinin təşkilinə ehtiyac var. Kütləvi informasiya vasitələrində, sosial  şəbəkələrdə sistemli və fasiləsiz təbliğat işləri aparılmalıdır.      Eyni zamanda, təhsil ocaqlarında şagird və tələbələr üçün  yol hərəkəti qaydaları haqqında maarifləndirici söhbətlər təşkil edilməlidir.”

 Həmsöhbətimiz xatırlatdı ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda bir sıra istiqamətlər üzrə tədbirlər nəzərdə tutulub ki, bunlardan biri də yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin və yol şəbəkəsinin qorunmasının təmin edilməsi məqsədilə avtomobil yollarının layihələndirilməsi, tikintisi, təmiri və yenidən qurulması zamanı təşkilatlararası əlaqələndirmə, yolların istismarına nəzarət və təhlükəsizlik dərəcəsinin qiymətləndirilməsidir: “Həmin proqramda qeyd edilib ki, yol-nəqliyyat hadisələrinin sayın ən azı 30 faiz azaldılmalıdır. Amma təəssüf ki, azalma yoxdur, əksinə artım var. Aidiyyəti  qurumlar problemə  səthi yanaşaraq Proqrama uyğun çox cüzi işlər görüblər. Düzdür, pandemiya və müharibə səbəbindən proqramın icrasında müəyyən ləngiləmələrin olması normaldır. Zənnimcə, bu təsiri nəzərə alaraq Proqramın icra müddətini iki il də artırmaq olar.

E.Muradlı sözügedən problemin həlli üçün ilk olaraq yollardakı qüsurların aradan qaldırılmasını zəruri hesab edir: “Yolları işıqlandırmaq lazımdır. Yol hərəkəti təhlükəsizliyinə cavabdeh olan qurumlar işlərini doğru, düzgün və ciddi şəkildə yerinə yetirməlidir. Nişanlanma xətləri vaxtında yenilənməlidir.

Psixoloqların qənaətinə görə, avtomobil qəzalarına daha çox diqqətsizlik, sərxoş halda avtomobil idarəetmə, sürət həddi, yol hərəkəti və digər psixoloji pozuntular da səbəb ola bilər.  Bəzi qəzalar uzun yollarda daha çox baş verir. Çünki yollarda çəkilmiş xətlər insanları hipnoz edir, sürücülər sürət həddini itirir və qəza törədilir. Bu kimi hallar daha çox axşam saatlarında baş verir. Qəzalar daha çox 31-35 yaşlı şəxslər tərəfindən törədilir. Çünki bu yaşlarda insanların ailəvi problemləri daha çox olur. Onlar yollarda qarşılaşdıqları problemlərə qarşı daha aqressiv olurlar. Bundan əlavə, yorğunluq,  yuxusuzluq, fikrin başqa yerdə olması, diqqətsizlik yol qəzalarına səbəb ola bilər.
Avtomobil idarə etməyə bədənlə yanaşı, ruh da hazır olmalıdır.

Mütəxəssislər tövsiyə edirlər ki, sürücü idarəetmədən diqqətini yayındırmamalı, təhlükəsizlik kəmərindən istifadə etməli, hərəkət istiqamətində təmkinli olmalı, normal sürət həddi seçməli, ara məsafəsini düzgün saxlamalı və yolboyu qoyulmuş nizamlayıcı texniki vasitələrini, yol nişanlarını nəzərə almalı, dairəvi hərəkət təşkil edən ərazilərdə qoyulan tələbləri düzgün yerinə yetirməlidir ki, ən azı qəza hadisəsi olmasın. Özünə və başqa hərəkət iştirakçılarına da xəsarət və ya maddi zərər yetirməsin. Sükan arxasında əyləşərkən mobil telefondan istifadə  hallarına yol vermək olmaz. Sürücülər qaydalara əməl etsin ki, gedəcəyə ünvana qəzasız-bəlasız çatsın.

Yaqut Ağaşahqızı, “İki sahil”