Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Laçın rayonuna səfəri zamanı Laçın şəhərində Azərbaycan Bayrağının ucaldılmasından sonra çıxışında bir daha bəyan etdi ki, bu torpaqlarda üçrəngli bayrağımız ədəbi dalğalanacaq
Tarixi Zəfərimizdən iki ilə yaxın vaxt keçsə də onun yaratdığı reallıqlar, 10 noyabr tarixli üçtərəfli Bəyanatda əksini tapan müddəalardan irəli gələn öhdəliklərin Azərbaycan və Ermənistan tərəfindən hansı səviyyədə yerinə yetirilməsi müzakirə olunmaqdadır. Azərbaycan bütün öhdəliklərə sadiqdir və onların yerinə yetirilməsi istiqamətində səylər göstərir. Ermənistan isə hər vasitə ilə bu öhdəliklərin icrasından yayınır, sülh müqaviləsinin imzalanmasının uzanmasında maraqlı olduğunu nümayiş etdirir.
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hər bir çıxışı, işğaldan azad edilmiş ərazilərimizə hər bir səfəri bu reallıqların fonunda gələcəklə bağlı müəyyənləşdirilən hədəflərin təqdimatıdır. Sentyabrın 21-də Laçın rayonuna səfər edən cənab İlham Əliyev Laçın şəhərinin mərkəzində Azərbaycan bayrağını ucaltdı. Üçrəngli bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda dalğalanması tarixi Zəfərimizin rəmzidir. Bu Zəfərə Vətən oğullarının canı, qanı bahasına nail olmuşuq. Dövlət başçısı İlham Əliyev Azərbaycan Bayrağının ucaldılmasından sonra çıxışında bu məqamı xüsusi qeyd etdi ki, biz şəhidlərimizin canı, qanı bahasına, qəhrəman əsgər və zabitlərimizin fədakarlığı sayəsində bu gün bu torpaqlardayıq. Heç kim bu torpaqları bizə bağışlamayıb, heç kim bu torpaqları bizə danışıqlar yolu ilə qaytarmayıb.
44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında olduğunu təsdiqlədi. Vətən müharibəsinin sonunda Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu və beləliklə, Azərbaycanın tarixi Zəfəri təsdiqləndi. Bu kapitulyasiya aktının nəticəsində Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğal edilmiş hissəsindən öz qoşunlarını çıxarmalı idi və buna əməl etdi. Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixdə Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları Bəyanatın müddəlarına uyğun olaraq ermənilər noyabrın 15-də Kəlbəcəri, 20-də Ağdamı və dekabrın 1-də isə Laçını təhvil verməli idi. Kəlbəcərin boşaldılması noyabrın 15-i üçün nəzərdə tutulsa da Ermənistan Rusiya Prezidentinin vasitəçiliyi ilə Azərbaycandan əlavə vaxt istədiyi üçün noyabrın 25-də təhvil verildi. Azərbaycan humanist dövlət olduğunu sözdə deyil, əməldə bir daha təsdiqlədi. Digər tərəfdən, Azərbaycan dövləti hər zaman bu xatırlatmanı da edir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrini 44 gündə təkbaşına icra etdiyimiz kimi, Bəyanatdan irəli gələn vəzifələrin də yerinə yetirilməsinə nail olmaq imkanında olduğumuz unudulmasın. Dövlət başçısı İlham Əliyev bütün çıxışlarında bu məqamı bəyan edir ki, biz nəyi nə zaman etmək lazım olduğunu bilirik. Digər çağırış isə Vətən müharibəsinin rəmzinə çevrilən «Dəmir yumruğ»un yerində olmasıdır. Azərbaycan istər döyüş meydanında, istərsə də informasiya cəbhəsində sübut etdi ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Azərbaycanlılar yox, məhz ermənilər bu torpağa gəlmədir. 30 ildə həqiqətləri görməzdən gələn dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar 44 gündə ölkə Prezidentinin 30-a yaxın müsahibəsi əsasında bu reallıqları öyrənməyə məcbur oldular. Hazırda yaşadığımız postmünaqişə dövrünün reallıqları da dünya gücləri tərəfindən qəbul edilir və fəaliyyətlərini bu istiqamətdə qururlar.
Laçın 1992-ci ilin mayında işğal edildi. Prezident İlham Əliyev Laçının işğalından bəhs edərək bildirib ki, Ermənistan hərbi birləşmələri tərəfindən Laçının işğalından sonra özlərində belə bir inam yaratmağa çalışdılar ki, bu yerlərdə əbədi yaşayacaqlar, Qarabağın yeni sahibi onlardır. Bu, mənfur düşmənin 44 günlük İkinci Qarabağ müharibəsinə qədər özləri üçün qurduqları xəyallar idi. Baxmayaraq ki, Vətən müharibəsinə qədər Azərbaycan Ordusu 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Günnüt əməliyyatında Ermənistana dərs vermişdi. Dövlət başçısı İlham Əliyev çıxışında bu məqamı diqqətdən kənarda saxlamadı: «Aprel döyüşlərindən sonra Ermənistan qorxuya düşmüşdü və faktiki olaraq işğal edilmiş torpaqlardan qoşunları çıxarmağa hazır idi, hətta buna söz vermişdi. Ancaq ondan sonra sözünü tutmadı. Aprel döyüşləri onlar üçün dərs olmadı. Ondan iki il sonra Naxçıvanda “Günnüt” əməliyyatı keçirildi, strateji yüksəkliklər nəzarətə götürüldü. Bu da onlara dərs olmadı.»
Bu və ya digər dövlətlərin maraqlarının həyata keçirilməsində bir vasitə kimi istifadə edilən ermənilər görünür aldıqları dərsləri tez unutmaq məcburiyyətində qalırlar. Nəhayət, İkinci Qarabağ müharibəsi Ermənistan ordusunun tamamilə darmadağın edilməsi ilə nəticələndi və müzəffər Azərbaycan Ordusu öz doğma torpaqlarını azad etdi. Düşünürdük ki, Azərbaycan Ordusu qarşısında diz çökən Ermənistan silahlı qüvvələri aldıqları dərsdən nəticə çıxarar. Çünki Ermənistan ordusu tamamilə dağılmış vəziyyətdədir. Müharibə dövründə 10 min fərarisi olan ölkə nə fiziki, nə də mənəvi cəhətdən müharibə aparmaq iqtidarındadır. Azərbaycan Ordusunun məhv etdiyi, yaxud qənimət kimi götürdüyü hərbi texnikasının say tərkibinə və dəyərinə diqqət yetirmək kifayətdir. Ermənistan kimi kasıb ölkənin belə hərbi texnikaya malik olması, ən əsası məhv edildikcə yenilərinin əvəzlənməsi maraq doğurmaya bilməz. Münaqişənin həllinin 30 il uzanmasında belə ikili siyasətlərin rolu inkaredilməz idi. Bir tərəfdən Ermənistana maddi və mənəvi dəstək göstərilir, silahlandırılır, işğalçı dövlət olduğu dilə gətirilmir, digər tərəfdən də münaqişənin sülh yolu ilə həllinin mümkünlüyü barədə fikirlər söylənilirdi. Bu gedişlərin nəticəsi göz önündədir. «Beynəlxalq təşkilatlar, o cümlədən BMT, onun Təhlükəsizlik Şurası, ATƏT işğalçı dövləti məcbur edib buradan çıxarmalı idi» söyləyən dövlət başçısı İlham Əliyev çıxışında bildirdi ki, Ermənistana qarşı sanksiyalar tətbiq edilməli idi. Bunların heç biri görülmədi. Əksinə, bu işğalı əbədiləşdirmək üçün Ermənistan, dünya erməniliyi və onların xaricdəki havadarları birləşərək bu çirkin niyyəti həyata keçirmək istəyirdilər: «Mən isə həmişə deyirdim ki, Azərbaycan xalqı buna heç vaxt razı olmayacaq. Həmişə deyirdim ki, məsələ sülh yolu ilə həll olunmasa, bunu hərb yolu ilə həll edəcəyik və etdik. Cəmi 44 gün ərzində Ermənistan ordusunu darmadağın etdik. Alınmaz qala sayılan Şuşanı azad etdik. Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını, Hadrutu, Xocavəndi döyüş meydanında azad etdik. Düşmən diz çökdü və Laçını, Kəlbəcəri, Ağdamı tərk etməyə məcbur oldu. Bu gün Laçın şəhərində olarkən haqlı olaraq qürur hissi keçirirəm ki, qədim Azərbaycan torpağında bizim üçrəngli Bayrağımız dalğalanır.»
Bir məqamı da qeyd etmək istərdik ki, 10 noyabr üçtərəfli Bəyanatından irəli gələrək Laçını tərk edən ermənilər ölkəmizin onlar üçün yaratdıqları şəraitdən, göstərdiyi humanizmdən bəhrələrək Kəlbəcərdə törətdikləri barbarlığı, vəhşiliyi burada da təkrarladılar. Evlərə, meşələrə od vuran ermənilər revanşizm ideologiyasına sadiq olduqlarını açıq şəkildə nümayiş etdirdilər. Dövlət başçısı İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizə səfərləri zamanı şahidi olduğu dağıntılardan bəhs edərkən hər zaman bildirir ki, dünya bu günədək necə vəhşi ilə üz-üzə olduğumuzu görsün. Kəlbəcərin və Laçının boşaldılması zamanı edilən vəhşiliklər də onların əsl simalarının təqdimatında mühüm rol oynayır. Reallıq budur ki, Ermənistan işğalçı tərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməlləri həyata keçirmişdir. Onların torpaqlarımızı boşaldarkən törətdikləri cinayətlərə dünyanın susması artıq Azərbaycan ictimaiyyəti tərəfindən təəccüblə qarşılanmır. Çünki 28 ildən artıq dövrdə ikili siyasətin nəticələrini yaşamışıq, işğala məruz qalan Azərbaycan olsa da Ermənistanın başına çəkilən sığallardan sanki belə qənaət yaranırdı ki, dünya ümumiyyətlə hüquq anlayışından xəbərsizdir. Lakin bütün hallarda Azərbaycan artıq 30 illik işğal dövrünün Azərbaycanı olmadığını ədalətin və beynəlxalq hüququn öndə saxlanılması fonunda həm döyüş meydanında, həm də informasiya cəbhəsində ermənilərə və onlara havadarlıq edən dövlətlərə çatdırır. Bir daha sübut olundu ki, beynəlxalq münasibətlərdə güc və hüquq anlayışları əsasdır.
Dövlət başçısı İlham Əliyev çıxışında onu da bildirdi ki, Laçın şəhərinin böyük hissəsi tamamilə viran qoyulub, dağıdılıb. Ancaq yenə də bəzi yerlərdə qanunsuz məskunlaşma aparılmışdır. Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar, o cümlədən bu məsələ ilə birbaşa məşğul olan Minsk qrupunun həmsədrləri buna, sadəcə olaraq, göz yumurdular. Halbuki dəfələrlə bu mənzərəni görürdülər. Görürdülər ki, Azərbaycan toponimləri sıradan çıxarılır, tarixi, qədim Azərbaycan torpağı olan Laçın erməniləşdirilir: «Ancaq buna göz yumurdular, sanki bununla razılaşırdılar. Biz Azərbaycan xalqı isə bununla heç vaxt razılaşa bilməzdik. Mən hər dəfə deyirdim ki, heç vaxt imkan verə bilmərik bizim torpağımızda ikinci erməni dövləti yaradılsın.»
Zabuxun və Susun boşaldılması zamanı yaşanan vandallıq onu deməyə əsas verdi ki, ermənilər yüz illiklər keçsə də belə xislətini dəyişmək imkanında deyil. Bir reallığı qəbul etmək istəmirdilər ki, qanunsuz məskunlaşmış ermənilər mütləq şəkildə Azərbaycan torpaqlarını tərk etməlidir. Dövlət başçısı İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində bildirmişdir ki, avqustun 5-i olmasın, 25-i olsun, sentyabrın 1-i olsun böyük fərq etmir. Eyni zamanda, Qarabağda yaşayan ermənilər bizə müraciət etdilər ki, Ermənistan sərhədinə birləşdiriləcək nöqtəyə qədər 4 kilometr qrunt yolu da Azərbaycan tiksin. Ona da biz razılaşdıq. Amma əlbəttə ki, Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış insanlar çıxarılmalıdır. Bu, təbiidir. Onların orada qalması, əslində, hərbi cinayətdir. Çünki o, Cenevrə konversiyalarının qaydalarına ziddir. İşğalçı ölkə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan istədiyinə kimin hansı mövqedə olmasından asılı olmayaraq, nail olur və biz bir nöqtəyə vururuq və nəticə də hasil edilir. Biz Laçına qayıtdıq. Dövlət başçısı İlham Əliyev avqustun 26-da rəsmi «Twitter» səhifəsində Laçınla bağlı paylaşımında bu qayıdış münasibətilə bütün laçınlıları və Azərbaycan xalqını təbrik etdi. « Yaşasın Laçın! Yaşasın Azərbaycan!» söyləyən dövlət başçısı «Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq» bəyan etdi. Eyni zamanda, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Prezident İlham Əliyevin azərbaycanlıların Laçına qayıdışı ilə bağlı tvitini paylaşaraq bildirdi ki, “Qarabağ Azərbaycandır!!!”.
Sentyabrın 21-də cənab İlham Əliyevin Laçın rayonuna səfəri isə daha mühüm məqamlarla yadda qaldı. Belə ki, Müzəffər Ali Baş Komandan Azərbaycan Bayrağını Laçın şəhərində ucaltdı, bu məkanın yenidən qurulması, bərpası istiqamətində addım atdı. Cənab İlham Əliyevin bugünədək işğaldan azad edilmiş ərazilərimizə səfərlərinə diqqət yetirsək görərik ki, onların hər biri Böyük Qayıdışın daha da tezləşdirilməsinə xidmət edən addımlarla zəngindir. Eyni ab-hava dövlət başçısının Laçın rayonuna səfəri zamanı da yaşandı. Belə ki, dövlət başçısı İlham Əliyev Laçın rayonuna səfəri zamanı Kəlbəcər-Laçın avtomobil yolunun 35-ci kilometrliyində Laçın Beynəlxalq Hava Limanına 2400 metr uzunluğunda giriş tunelinin inşası ilə tanış oldu, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Laçın şəhərində inşa ediləcək 110/35/10 kV-luq “Laçın” Qovşaq Yarımstansiyasının təməlqoyma mərasimində iştirak etdi. «İndi isə vaxt gəlib çatıb ki, biz Laçın şəhərini bərpa edək» söyləyən dövlət başçısı bildirdi ki, artıq buna hazırlıq işləri görülür. Avqustun 26-dan dərhal sonra Laçına bir neçə qrup göndərilib. Bütün yaşayış fondunun təhlili, uçotu aparılacaq, dəymiş ziyan hesablanacaq. Eyni zamanda, təxirəsalınmaz işlərin görülməsi üçün təkliflər hazırlanacaq. Laçın şəhəri, Zabux və Sus kəndləri yenidən qurulacaq: «Əminəm ki, biz buna tez bir zamanda nail olacağıq. Çünki Vətən müharibəsindən sonra bu günə qədər keçən dövr ərzində gördüyümüz işlər - genişmiqyaslı quruculuq və bərpa işləri göstərir ki, biz öz diyarımızı, Vətənimizi öz hesabımıza bərpa edirik və edəcəyik.»
Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə səfərləri zaman bu məkandan Ermənistana mühüm mesajlarını çatdırır. Nəzərə alaq ki, Azərbaycan dünya hərb tarixində bəlkə də birinci olar ki, belə bir addımı atdı. Tarixi Zəfərimizdən sonra Ermənistana sülh təklifinin edilməsi ölkəmizin humanist siyasətinin tərkib hissəsidir. Hansı mənfur düşmən 30 il torpaqlarımızı işğal altında saxladı, soydaşlarımız qaçqın və məcburi köçkün həyatını yaşadılar, bu torpaqlarda bütün tarixi və dini abidəlrimiz dağıdıldı, məscidlərimizdə doğnuz saxlanıldı, törədilən hərbi təxribatlar nəticəsində nə qədər itkilərimiz oldu. Azərbaycanın sülh müqaviləsinin imzalanması təklifi bunları unutmaq anlamına gəlmir. Yeni dövrün reallıqlarına uyğun olaraq bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin yaradılması mütləqdir. Lakin təkcə son iki aya diqqət yetirsək, Ermənistan silahlı qüvvələrinin sərhəddə təxribat törədərək itkilərə səbəb olduqlarını görərik. «Dəmir yumruğ»un davamı olaraq «Qisas» və «Qətiyyətli cavab» əməliyyatları Ermənistana layiq olduğu yeri göstərdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev bir daha Laçından Ermənistana bu mesajı ünvanladı: «Əgər düşmən bizə qarşı təxribat törədəcəksə, layiqli cavabını verəcəyik. Bu gün Ermənistan yaxşı fikirləşməlidir. Bizimlə heç kim ultimatum dili ilə danışa bilməz və heç kimə də bel bağlamasınlar. Mən bir daha demək istəyirəm ki, bizi heç kim və heç nə dayandıra bilməz. Biz haqqın, ədalətin, beynəlxalq hüququn tərəfdarıyıq.»
Yeganə Əliyeva, «İki sahil»