Zamanla Azərbaycana qarşı işğalçılıq və təcavüzkarlıq siyasəti aparan ermənilər müxtəlif dövrlərdə xalqımıza qarşı soyqırımlar, terror aktları törətmişlər. Ermənilərin 1905-1907 və 1918-1920-ci illərdə xalqımıza qarşı törətdikləri soyqırımlar, 1948-1953-cü illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 minə yaxın, 1988-ci ildə daha 300 minə yaxın azərbaycanlının deportasiya olunması, 1988-1994-cü illər ərzində xarici havadarları tərəfindən silahlandırılan Ermənistanın Azərbaycan ərazisinin 20%-ni işğal etməsi, işğal zamanı yaşayış məntəqələrinin dağıdılması, dinc əhalinin amansızcasına qətlə yetirilməsi, Xocalı şəhəri, Başlıbel, Ağdaban və Baqanis-Ayrım kəndlərində törədilmiş vəhşiliklər erməni faşizminin əsl simasını göstərir. Ermənistanın davamlı olaraq törətdiyi bu cinayətlərə görə isə bu ölkəyə qarşı beynəlxalq aləm tərəfindən heç bir təzyiq və ya təsir edilməmişdir. Azərbaycanın üzləşdiyi beynəlxalq ədalətsizlik Ermənistana cinayət tərkibli əməllərini davam etdiməyə fürsət verirdi.
2020-ci ildə Ermənistanın təxribatları daha intensiv və genişmiqyaslı xarakter alımışdı. Düşmən ordusu növbəti təxribata həmin ilin 27 sentyabr tarixində bir daha əl atarkən Azərbaycan Ordusu Ali Baş Komandan cənab İlham Əliyevin əmrinə əsasən əks-hücum əməliyyatlarına başladı. Cəmi 44 gün ərzində düşmənə layiqli cavab verən rəşadətli ordumuz torpaqlarımızı işğaldan azad etdi. Ordumuzun qarşısında diz çökən və ağır məğlubiyyətlərin acısını yaşayan düşmən ordusu müharibə cinayətləri törədərək hərbi əməliyyatlardan uzaq şəhər və rayonlarımızda dinc insanlara qarşı terror aktları törədirdirdi. Qadağan olunmuş raketlərlə Azərbaycanın şəhər və rayonlarını vuran Ermənistan ordusu terrorçu ordu olduğunu bu qanlı cinayətləri ilə təsdiq etmiş oldu. Lakin düşmənin bu qanlı cinayətləri xalqımızın və dövlətimizin qələbə əzmini, torpzaqlarımızı işğaldan azad etmək istəyini sarsıda bilmədi. Ölkəmiz xalq-Ali Baş Komandan-ordu birliyi sayəsində parlaq Zəfərə imza atdı.
Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qeyd etdiyi kimi ölkəmiz öz gücünə, Azərbaycan Ordusunun rəşadəti nəticəsində qəhrəman əsgər və zabitlərinin canı-qanı bahasına öz torpaqlarını işğaldan azad etdi. Qələbədən sonra Azərbaycan Prezidenti hər bir müharibə iştirakçısının xidmətlərini qiymətləndirmək, həmçinin Zəfərimizi əbədiləşdirmək üçün orden və medallar təsis etmişdir. Torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsini əbədiləşdirmək məqsədi ilə ölkə başçısının 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Vətən müharibəsinin başladığı gün - 27 sentyabr ölkəmizdə Anım Günü elan edilmişdir. Eyni zamanda ölkəmizdə hər bir şəhid ailəsinə və qaziyə dövlətimiz və Prezident cənab İlham Əliyev tərəfindən davamlı xüsusi diqqət-qayğı vardır. Şəhid ailələrinə fərdi evlərin və ya mənzillərin verilməsi, müharibə əlillərinin avtomobillərlə təmin edilməsi, onların müayinə və müalicələrinin dövlət hesabına həyata keçirilməsi, yaranan gündəlik qayğılarının qarşılanması, eləcə də şəhid ailələri və qazilərin yaranan problemlərinin operativ həllini təmin etmək üçün “YAŞAT” Fondunun yaradılması bu deyilənlərə əyani sübutdur. Bir sözlə, Azərbaycan şəhid ailələri və müharibə əlillərinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilər.
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz ölkəmizin ərazi bütövlüyü və suverenliyi təmin edib. Bu isə o deməkdir ki, şəhidlərimizin qanı yerdə qalmayıb, onların ruhları şaddır. Azərbaycan xalqı öz qəhrəman övladlarını heç zaman unutmayacaqdır.
Anar Şahmuradov,
YAP Ağdaş rayon təşkilatının əməkdaşı