27 sentyabr 2022 02:36
410

Po­pulist çağırışlar, boş «müstəqillik» xəyalları Ermənistanı məhvə sürükləyir

Prezident İlham Əliyevin «Laçın şəhəri, Zabux kəndi, Sus kəndi yenidən qurulacaq» sözləri erməni təxribatlarına qarşı ən güclü silahdır

Sentyabrın 16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində çıxış edən Prezident İlham Əliyev son aylarda bölgədə təxribatlarını davam etdirən erməni şovinizminin yaratdığı gərginliklərdən, ölkəmizin yaratdığı yeni geosiyasi reallıqlardan bəhs etdi. Bildirildi ki, ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malik Bakı Beynəlxalq Dəniz Ticarət Limanı olan, hava və dənizlə yükdaşıma imkanları artan Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verib. İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil və dəmir yolu çəkilib və bu sahədə inşaat işləri davam etdirilir. Düşməni narahat edən də bu inkişaf, qüdrətli Azərbaycanın diktə etdiyi reallıqlardır. Zəngəzur dəhlizi açıldıqdan sonra region ölkələrinin nəqliyyat imkanları daha da artacaq, marşrut boyu yerləşən bütün ölkələrin iqtisadiyyatı daha da inkişaf edəcək. Azərbaycanın Ermənistana təklif etdiyi ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan, bölgədə daimi sülhün təminatı üçün başlıca amil olan sülh müqaviləsinin beş əsas prinsipi ilə bağlı razılıq əldə olunduqdan sonra daha mühüm layihələr həyata keçiriləcək. Çox təəssüf ki, bu ilin sentyabrın 12-dən 13- keçən gecəə Azərbaycanla dövlət sərhədində erməni terrorçularının törətdikləri genişmiqyaslı hərbi təxribat, hələ də atəşkəsə əməl olunmaması iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesinə böyük zərbə vurur. Yaranan gərginlik üçün isə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən dörd qətnamənin şərtlərini 30 il ərzində yerinə yetirməyən, 10 noyabr 2020-ci ildə kapitulyasiya aktını imzalayan, 11 yanvar 2021-ci ildə Moskvada imzaladığı Bəyanatın şərtlərini yerinə yetirməyən, Belçikada təşkil olunan üçtərəfli görüşlərin nəticəsi olan «Brüssel gündəliyini» «unudan» Ermənistanın növbəti dəfə genişmiqyaslı təxribat törətməsi bölgədə sabitliyin təminatına ən ciddi təhlükədir.

İsmayıllı rayonunun Basqal qəsəbəsində olarkən Azərbaycan Televiziyasına müsahibəsində «Dəfələrlə Ermənistana xəbərdarlıq etmişdik ki, odla oynamasınlar, özlərini yaxşı aparsınlar, yeni reallıqları qəbul etsinlər və hərbi təxribatlara əl atmasınlar. Əfsuslar olsun ki, bu dəfə də onlara dərs verməli olduq. Ümid edirəm ki, bu dəfə bu dərs onların yaddaşında qalacaqdır» sözləri ilə işğalçıya həddini bildirən Prezident, Ali Baş Komandan İlham Əliyev bütün çıxışlarında qazanılan Qələbəni hər bir Azərbaycan vətəndaşının Zəfəri, Vətənə olan sədaqəti adlandırmışdır.
 Şuşanın azad edilməsində yüngül silahlarla, əlbəyaxa döyüşdə düşməni məhv edən, yüksək mənəvi-psixoloji hazırlığı bütün dünyaya nümunə göstərilən Silahlı Qüvvələrimizin əsgər və zabitləri «dəmir yum­ruq» ətrafında birləşərək ”Azərbaycanı bütün dünyada qalib ölkə kimi tanıtdırdılar.
 Ermənistan üzərində qazandığı tarixi Zəfərindən sonra yaratdığı reallaqların dünya birliyi tərəfindən dəstəklənməsi o deməkdir ki, Cənubi Qafqazda söz sahibi olan Azərbaycanın işğalçı dövlətə təklif etdiyi beş baza prinsipinin əsas məqsədi iki dövlət arasında normal münasibətlərin ya­radılmasıdır. İkinci Qarabağ müharibəsini Qələbə ilə başa vuran Azərbaycanın qazandığı ən böyük uğur Ermənistanın və işğalçını dəstəkləyən dövlətlərin diriltmək istədikləri status-kvo məsələsinə birdəfəlik son qoyulmasıdır. Artıq danışıqlarda sta­tusla bağlı söhbət belə gedə bilməz. Azərbaycanın ərazisi olan Qarabağda yaşayan ermənilərin hüquqlarının qorunmasını və təhlükəsizliklərinin təmin ediləcəyini diqqətə çatdıran Azərbaycan rəhbərliyinin Laçın yolunun inşasını qısa müddətdə başa çatdırması beynəlxalq aləmdə sülhə aparan yol kimi dəyərləndirilir. Dəyişilməz reallıq budur ki, beynəlxalq ictimaiyyət tərəfindən qınaq hədəfinə çevrilən Ermənistanın işğalçılıq siyasəti dinc erməniləri də təngə gətirib.

2020-ci il sentyabrın 27- də Azərbaycana qarşı törətdiyi genişmiqyaslı təxtibatları ilə nəyəsə nail olacağını düşünən, illərdən bəri onu dəstəkləyən, silah-sursatla təmin edən havadarlarına , üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) bəslədiyi ümidləri doğrulmayan, kapitulyasiya aktını imzalamaqla bütün xəyalları puç olan Ermənistan Azərbaycan tərəfindən növbəti tərs şillə ilə üzləşdi. Ən çətin günlərimizdə xalqımızla birgə olan, mənəvi dəstəyini əsirgəməyən qardaş türklərin bir el məsəlini xatırlatmaq yerinə düşər: « Üç tabak ( boşqab) bir qaşıq, hamısı bir yerdə bulaşıq.» Doğrudanda da şeytani dövlətlərin oyuncağına çevrilən, dünya siyasətini başqalarının maraqlarına uyğun qarışdıran qaşıq olan Ermənistan hələ də bulaşıqlı tabaqların əsiridir. Yeni Laçın yolunun istifadəyə verilməsindən, Zəngəzur dəhlizinin inşasının sürətlənməsindən təşvişə düşən Ermənistan kimi, havadarları də «dəhliz müharibəsi»nə start veriblər. Əzəli havadarı Rusiyaya arxa çevirərək Qərbə, ABŞ-a, şər-böhtan yuvası Fransaya üz tutan Ermənistan hazırda çömçə rolunu oynayır. Qələbəmizdən sonra qısa müddətdə işğaldan azad edilmiş ərazilərdə, Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən mühüm layihələrin coğrafiyasının genişlənməsindən, hamını heyrətləndirən dəyişikliklərdən təşvişə düşən işğalçı və dəstəkçilərini ən çox təlaşlandıran Zəngəzur dəhlinin açılması, Azərbaycanın Türkiyə ilə əlaqələrinin daha da möhkəmlənməsidir.
 «Çünki müharibə başa çatandan dərhal sonra mən demişəm ki, bizə sülh lazımdır. Biz Ermənistanla sülh danışıqları­na başlamalıyıq. Hələ ki, müsbət cavab al­mamışıq, amma ümid edirəm ki, alacağıq. Delimitasiya komissiyası yaradılmalıdır. Ona da etiraz edirdilər, nəticədə razılaşdı­lar. Zəngəzur dəhlizi lazımdır, ona da etiraz edirdilər. İndi yaxın həftələrdə Zəngəzur dəhlizinin marşrutunu biz onlardan gözləyirik. Qarabağda yaşayan ermənilər, onlar da gördülər ki, Azərbaycandan onlara ancaq xeyir gələ bilər» söyləyən Prezident İlham Əliyevin siyasəti əsasında davam etdirilən yenidənqurma və bərpa-quruculuq işləri
ərazilərimizi özününküləşdirməyə cəhd edən Ermənistan da daxil olmaqla Cənubi Qafqazda söz sahibliyi uğrunda çarpışanların qarşısında qırmızı xətt çəkdi. Po­pulist çağırışların, hansısa «müstəqillikdən» danışmaq sərsəmlikdir. Çünki Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də ki, hansısa xüsu­si imtiyazı olacaq. Bütün azərbaycanlılar kimi, Azərbaycan vətəndaşlığını qəbul edən ermənilərin hüquqları da eyni səviyyədə qorunacaq. Əgər Ermənistanı sülh sazişini imzalamasa işğalçılar « Qisas» əməliyyatını unutmamalıdırlar.

Bu günlərdə Laçına səfəri zamanı bu cənnətməkanda Azərbaycan Bayrağını qaldıran və Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərindən ətraflı bəhs edən Prezident İlham Əliyev igidlərimizin qartallar oylağı adlandırdıqları bu məkanın heç bir güllə atılmadan azad edilməsini tarixi hadisə, Azərbaycan diplomatiyasının , birlik və həmrəyliyimizin uğuru adlandırdı. Laçında həyata keçirilən layihələrdən, görülməsi nəzərdə tutulan işlərdən, nəqliyyat- kommunikasiya yeniliklərinin bölgə üçün əhəmiyyətindən, erməni vandallarının törətdikləri vəhşiliklərdən söz açan Prezident İlham Əliyev «Bu gün Laçın şəhərində, şəhərin mərkəzində, mərkəzi küçədə Azərbaycan Bayrağını qaldırmışam. Bu bayraq burada əbədi dalğalanacaqdır» sözləri ilə Ermənistanın Azərbaycanın sərhədində törətdiyi təxribatların qarşısının alınacağını qətiyyətlə bildirdi. 30 ilə yaxın işğal altında qalan ərazilər kimi, ermənilərin Laçında da viran qoyduqları evlərin, tarixi abidələrin tezliklə bərpa olunacağını söylədi. Havadarlarına arxayınlaşan qudurğan ermənilərin qanunsuz məskunlaşdırma siyasətinə göz yuman beynəlxalq təşkilatların, xüsusilə artıq tarixə qovuşan Minsk qrupunun ermənilərin işğalçılıq siyasətinə göz yummalarına, işğalçıya dəstəklərinə etirazını da ifadə etdi. İşğal müddətində qanunsuz məskunlaşma prosesinə artıq təqaüdə göndərilmiş Minsk qrupu başda olmaqla beynəlxalq təşkilatlar göz yummuşlar.

Azərbaycanın bölgədə sülhün yaranması üçün bütün imkanlardan istifadə etməsinə baxmayaraq İrəvanda hələ də revanşist çağırışlar səslənir. Sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə bilərəkdən əngəl törədilir. Laçın rayonu ərazisində 1400-dən çox yeni minanın basdırılması, Kəlbəcər kimi digər rayonlarda yerləşən Azərbaycanın mövqelərinə atəş açılması erməni vandalizminin davamıdır. Bu ilin sentyabr ayının 13-də erməni silahlı birləşmələrinin törətdikləri təxribatlar zamanı hərbi texnika və canlı qüvvə sarıdan xeyli itki verən düşmən yerində oturduldu.
 Düşmən gördü ki, torpaqları uğrunda mübarizə aparan Azərbaycan əsgərini heç kim və heç nə dayandıra bilməz. Heç kimin zəngi, heç bir bəyanat, heç bir təşəbbüs ərazilərini qoruyan Azərbaycanı haqq yolundan çəkindirmək qüdrətində deyil. Murov dağından Araz çayına qədər Azərbaycan-Ermənistan sərhədində əlverişli mövqelərdə yerləşən hərbçilərimizin üstünlükləri bütün ərazilərə vizual,
o cümlədən önəmli kommunikasiya xətlərinə nəzarət etməyə imkan verir. Bir sözlə, Azərbaycan tarixi ərazilərində möhkəmlənir. Erməni yalanlarının əsasız olduğu tarixi faktların, XIX, XX əslərdə bölgədəki mövcud vəziyyəti əks etdirən xəritələrin dili ilə sübut edilir.
Prezident İlham Əliyevin «Laçın şəhəri, Zabux kəndi, Sus kəndi yenidən qurulacaq» sözləri perspektiv deyil reallıqdır.
 Belə ki, laçınlıların birinci qrupu gələn ilin sonuna qədər ata yurduna qayıda bilərlər. « Zəfərimiz xalqın birliyi nəticəsində olmuşdur. Bu gün quruculuq-abadlıq işlərini apararkən bizi gücləndirən xalqın iradəsi, dəstəyidir» söyləyən Prezident İlham Əliyevin bu sözləri bütün təxribatlara qarşı ən güclü silahdır.

Xuraman İsmayılqızı, «İki sahil»