27 sentyabr 2022 02:15
621

Çillərdən xilas olmağın yolu varmı?

Piqment ləkələri və çillər dərinin ciddi tündləşməsidir. Həkimlər bildirirlər ki, bu həddən artıq çox melanin sintezi ilə əlaqədardır. Belə ki, çillər yaz aylarında, günəş şüalarının təsiri altında üzdə, sinədə, kürəkdə və yuxarı ətraflarda dəri üzərində əmələ gəlir. Bütün yay ayları ərzində dəridə qalan bu çillər payız və qış aylarında tədricən solur, bəzən isə tamamilə yox olurlar.

Çillər, adətən, saçları kürən və açıq rəngdə olan insanlarda daha tez-tez təsadüf edilir.

Bəzi insanlar çillərin üzə xüsusi gözəllik qatdığını düşünsələr də bir çoxu onlardan qurtulmağa çalışırlar. Lakin həkimlərin sözlərinə görə, təəssüf ki, çillərdən tamamilə qurtulmaq mümkün deyil. Xüsusi krem və maskalardan istifadə etməklə onları yalnız bir qədər soldurub nisbətən az nəzərəçarpan etmək olar.

Piqment ləkələri əksər hallarda böyük ölçülərdə olduqları üçün heç kimə gözəl görünmür. Piqment ləkələrinin əmələ gəlməsinin əsas səbəblərindən biri günəş şüalarıdır.  Xüsusilə açıq rəngdə dərisi olan insanlar günəş şüalarına qarşı daha həssas olurlar. Dəridə melanin ifraz edən melanosit hüceyrələri mövcuddur. Məhz bu hüceyrələr dərini yanmaqdan qoruyur. Günəş şüaları altında nə qədər uzun müddət qalırıqsa, oqranizmimizdə olan melanosit hüceyrələri bir o qədər  melanin ifraz edir və nəticədə dəri daha çox qaralır. Bəzən dəridəki melanosit hüceyrələr melanin maddəsini qeyri-bərabər və lazım olduğundan daha çox ifraz edirlər. Bunun nəticəsində isə dərinin qaralması bərabər şəkildə olmaq əvəzinə, onun üzərində bir sıra tünd ləkələr əmələ gəlir. Xoşagəlməz nəticələrdən uzaq olmaq üçün günəş şüaları altında düzgün qaralmaq qaydalarını bilmək lazımdır.

Həkimlərin sözlərinə görə, üz, boyun, qol, çiyin nahiyələrinin dərisi daha çox “yanma” hallarına məruz qalır. Buna görə də bu sahələrində daha çox günəşdən qoruyucu vasitələrdən istifadə etmək məsləhət görülür. Daha sağlam formada qaralmaq üçün kölgəlikdə və ya günəşdən qoruyucu çətir altında günəş vannası almaq lazımdır. Günorta saatlarında açıq günəş şüaları altında qaralmağa cəhd edən kimi, dərinin “yanması” baş verir ki, bu da hətta bir çox illərdən sonra da dəridə piqment ləkələrin əmələ gəlməsinə səbəb ola bilər.

Piqment ləkələrin əmələ gəlməsinin əsas səbəbi günəş şüalarının təsirinə artıq dərəcədə məruz qalmaqdır. Lakin onların digər səbəbləri də vardır. Hormonal dəyişikliklər, stress, orqanizmdə yaşa uyğun olan dəyişikliklər, dərinin düzgün təmizlənməməsi, vitamin B12 çatışmazlığı, kosmetik pilinqlərdən çox istifadə edilməsi,  dəriyə qulluq edilməsində zərərli vasitələrdən istifadə edilməsi, uzun müddət kontraseptiv həblərdən, antibiotiklərdən və vitamin A-dan istifadə edilməsi, genetik meyillilik, bəzi adamlarda dərinin istənilən travmatik zədələnməsi, donması, yanması və ya sadə sızanağın olması da piqment ləkələrin əmələ gəlməsinə səbəb ola bilir. Əksər hallarda piqment ləkələri hamiləlik vaxtı da əmələ gəlir. Bu ləkələrlə mübarizə aparmaq lazım deyil. Onları sadəcə olaraq günəş şüalarının təsirindən qorumaq lazımdır. Doğuşdan sonra bədənin hormonal fonu sabitləşdiyi üçün bu ləkələr də ən çoxu 1 il ərzində keçib gedir.

Röya Rasimqızı, “İki sahil”