27 sentyabr 2022 01:14
469

Əbədi olaraq Qarabağ Azərbaycandır!

İki il əvvəlin bu günü... Yəqin şəkili Hikmət babanın bir neçə gün sonra əlləri titrəyə-titrəyə ayağında cırıq ayaqqıbısı ilə pensiyasını Azərbaycan Ordusuna Yardım Fonduna köçürmək üçün banka üz tutacağı ağlına da gəlmirdi. Dünən axşama kimi sakitlik idi, həmişə olduğu kimi, nisbi sakitlik. Gözlərim Vətənə sarı yol çəkirdi. Qulaqlarım səsdəydi. Paytaxt Bakıdan 120 km-ə qədər uzaqlaşıb, cəmi bir neçə saat sonra yeri-göyü titrədəcək, düşmənin bağrını partladacaq sevmədiyimiz, ancaq məcbur qaldığımız müharibənin qorxunc səsinə də bir o qədər məsafədə yaxınlaşmışdım. Dan yeri bir başqa qızarmışdı, səhər bir azdan baş verəcəklərdən xəbərdarmış kimi qorxa-qorxa açılırdı. Və qəflətən raketlərin, mərmilərin ta uzaqlardan səhərin səssizliyini yara-yara dayandığım yerə qədər özünü yetirən partlayış səslərinə sevindim. Füzuli tərəfdən gəlirdi. Həm də dayanmadan, get-gedə daha da gurlaşaraq. Səhərədək yatmağa qoymayan hisslərim məni yanıltmamışdı. Başlayırdı! Başlamışdı! O an sevinc qarışıq kədərlə düşündüm ki, müharibənin başlamasına da sevinmək olarmış, ilahi!  

Gənc həmkarımız, Vətən müharibəsi iştirakçısı Nicat İsmayılov “Facebook” səhifəsindən iki il əvvəlin bu günündən bir gün əvvəl çəkilmiş şəklini paylaşaraq yazır ki, həmin vaxt xidmət etdiyim hərbi aviabaza həmişə olduğu kimi döyüşə tam hazır vəziyyətdə idi: “Bayraktar”lar üçün stansiyalar qurulmuş, bombaları gətirilmiş, Su-25 təyyarələrinin mühərrikləri sazlanmış, pilotlarımız gecə-gündüz təlim uçuşları həyata keçirmiş, biz əsgərlərsə böyük həyacanla verilən texniki tapşırıqları icra etmişdik.

150 kq-lıq raketləri anqardan çıxarmağa başladıq. Müharibənin ayaq səslərini eşidirdik. Artıq başlayırdı...

Baş verənləri əsgər yoldaşlarıma “Namiq Paşa (İslamzadə) aviabazadan çıxmırsa deməli “Vur!” əmri gözləyir", - deyə şərh edirdim.

Və axşam, anamla danışdım,  həzin səsi məni kövrəltdi, heç nə deyə bilmədim. Deyə bilmədim ki, ana, bəlkə bu səninlə kəsdiyim son kəlmədir.

Gözlərinə vurulduğum bir qız var idi, sonra o gəldi ağlıma. Nömrəsi olsaydı onu da yığardım, yığa bilmədim. Gözlərini gətirdim ağlıma, bir az dincəldim.

Və gecə “Qalx!” komandasına oyandım! “Həyəcan siqnalı” verildi! Döyüş başlamışdı!

... Bəlkə də indi anam telefon əlində, televizorun qarşısını kəsdirib qorxu və həsrətlə fəryad edir, o qızsa şəhidlərin şəkillərinə diqqətlə baxaraq göz yaşları içində məni axtarırdı.

Ağır və şərəfli günlərdi!..”

Bu gün Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, 30 ilə yaxın düşmən işğalında inləyən tarixi torpaqlarımızı azadlığa qovuşdurmaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə başladılan Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günüdür! 2908 igidin! 2908 cənnət ətirli, nur üzlü övladımızın, qardaşımızın, bacımızın!

Onlar bu haqq savaşına cəsarətlə, qeyrətlə, hünərlə, əzmlə atıldılar. Onlar Vətənin yarasına məlhəm olmaq üçün sinələrini düşmən güllələrinə sipər etdilər. Onlar bütün dünyaya Vətən və torpaq sevgisinin nə olduğunu göstərdilər!

Bu gün ikinci ildir ki, azadlığı uğrunda canından keçmiş qəhrəman övladlarının, fədailərinin ürəklərdə əbədiyaşar xatirəsini anır Vətən...

Bu gün dinindən, etiqadından milliyyətindən asılı olmayaraq hər kəs “Vətən!” deyərək canını qurban vermiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir. Azərbaycanın bütün dini məbədlərində mərasimlər keçirilir, dini ayinlər icra olunur, dualar oxunur...

Nur üzlü şəhidlərimiz – rəşadəti, şücaəti, fədakarlığı artıq dastana çevrilmiş, qürur mənbəyimiz qəhrəman əsgər və zabitlərimiz anılır...

Təskinliyimiz odur ki, qisasları alınıb və biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq.

Ruhunuz şad olsun, şəhidlərimiz!

Sayənizdə daha və əbədi olaraq Qarabağ bizimdir!

Qarabağ Azərbaycandır!

Mahir Rəsuloğlu, “İki sahil”