27 sentyabr 2022 02:57
536

Faiz subsidiyası nədir və hansı sahibkarlara verilir?

İqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında bildirib ki, cari ilin sentyabr ayının 1-i tarixinə sahibkarların mövcud kreditlərinin faizlərinin subsidiyalaşdırılması mexanizmi üzrə kredit qalığı 850,3 milyon manat olan 5023 müraciət üzrə 69,4 milyon manat faiz subsidiyasının verilməsi barədə qərarlar qəbul edilib. O qeyd edib ki, artıq 5005 kredit üzrə sahibkarlara 65,9 milyon manat faiz subsidiyası ödənişi həyata keçirilib.

Faiz subsidiyası nədir və hansı sahibkarlara verilir?

Mövcud kreditlər üzrə subsidiya mexanizmi fəaliyyət növü 2020-ci il 10 mart tarixinə pandemiyadan zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növlərinə daxil olan sahibkarlıq subyektlərinə, zəruri ərzaq və ərzaqlıq buğda təchizatçılarına, eləcə də minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emal ilə məşğul olan mikro, kiçik və orta sahibkarlara şamil edilir. Bu mexanizm Sahibkarlığın İnkişafı Fondunun tərəfindən sahibkarlara dəstək tədbirlərindən biridir.

Nazirlər Kabinetinin 2020-ci il 9 iyul tarixli Qərarı ilə təsdiq edilmiş pandemiyadan zərər çəkmiş sahibkarlıq subyektlərinin kredit təşkilatlarından manatla aldıqları kreditlər, həmçinin müəyyən sahələrə alınacaq kreditlər üzrə hesablanmış faizlərə görə subsidiya verilməsi halları və qaydası müəyyən edilib.

Faiz subsidiyası müddəti və faiz dərəcəsindən asılı olmayaraq, məbləği hər bir sahibkarlıq subyekti üzrə 3 milyon manatadək olan kredit faizlərinin 10 faiz bəndinə qədər hissəsinin 12 ayadək subsidiyalaşdırılmasını nəzərdə tutur. Qeyd olunan məsələnin əhəmiyyətini nəzərə alaraq, Nazirlər Kabineti ölkədə ərzaq ehtiyatlarının yaradılmasının davam etdirilməsi məqsədilə zəruri ərzaq təchizatçılarına banklar tərəfindən verilmiş kreditlər üzrə hesablanan faizlərə görə verilən subsidiyanın müddətinin uzadılması barədə müvafiq Qərar qəbul edib. Qəbul edilmiş bu Qərara əsasən ərzaq təchizatçılarına banklar tərəfindən verilmiş kreditlər üzrə hesablanan faizlərə görə verilən subsidiyanın müddətinin 6 aydan 12 aya uzadılması təmin edilib.

Bu mexanizm çərçivəsində şəkər tozu, günəbaxan yağı, marqarin, kərə yağı, un və makaron məmulatlarının istehsalı ilə məşğul olan sahibkarların həmin fəaliyyət növləri üzrə xammal tədarükü ilə bağlı aldıqları kreditlər subsidiyalaşdırılır.

Qaydaya görə, sahibkar faiz subsidiyası almaq üçün kredit təşkilatına müraciət edir. Kredit təşkilatı lazımi sənədləri toplamaqla 10 iş günü ərzində Fonda təqdim edir. Fond isə 3 iş günü ərzində qərar verərək kredit təşkilatına məlumat verir. Kredit təşkilatı 2 iş günü ərzində Fondun qərarını sahibkara bildirir. Kredit təşkilatı tərəfindən vəsaitin köçürülməsi haqqında sənəd təqdim edildikdən 3 gün ərzində vəsait kredit təşkilatının hesabına köçürülür.

Subsidiyanı almaq üçün sahibkarlıq subyektinin müraciəti, o cümlədən məlumatların Fonda ötürülməsinə dair razılığı, ommersiya hüquqi şəxsin dövlət reyestrindən çıxarışının və ya fiziki şəxsin VÖEN-nin, onların qanuni təmsilçinin şəxsiyyət vəsiqəsinin surəti, sahibkarlıq subyektinin kredit hesabından çıxarış, kredit müqaviləsi və ödəniş qrafikinin surəti, kredit hesabatı və ona dair qısa məlumat tələb olunur.

Ceyhun Piriyev, “İki sahil”