27 sentyabr 2022 09:23
304

Malayziyadakı Azərbaycan səfirliyi Anım Günü tədbiri keçirib

Bütün dünyada yaşayan həmvətənlərimiz tərəfindən böyük qürurla qeyd olunan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Malayziyadakı səfirliyimiz tərəfindən virtual tədbir təşkil edilib.

"İki sahil" xəbər verir ki, onlayn formatda təşkil edilmiş konfransın fəxri qonağı Qarabağ qazisi, YAŞAT Fondunun rəhbəri, ehtiyatda olan kapitan Elvin Hüseynov olub.

Tədbirin əvvəlində Vətən yolunda canından keçmiş Azərbaycanın qəhrəman övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycanın Malayziyadakı səfiri İrfan Davudov həmvətənləri salamlayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə təsis edilən Anım Gününün Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş əsgər və zabitlərə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsi olduğunu bildirib. Səfir qeyd edib ki, artıq iki ildir sentyabrın 27-də respublikamızın bütün şəhər və rayonlarında, o cümlədən azad edilmiş ərazilərdə anım mərasimləri keçirilir, xalqımız Vətən uğrunda canlarını fəda etmiş qəhrəman oğul və qızlarının xatirəsini qürurla yad edir. Diplomat ölkəmizin hüdudlarından kənarda yaşayan həmvətənlərimizin, eləcə də Azərbaycanın dostlarının da böyük ehtiram hissi ilə bu günə qatıldıqlarını qeyd edib.

İ.Davudov səfirliyin Malayziya ilə yanaşı, üç ölkəni - Tailand Krallığını, Myanma və Bruney Darüssəlamı da əhatə etdiyini nəzərə çatdıraraq, burada yaşayan həmvətənlərlə belə bir gündə toplaşmaq üçün virtual platformanın əhəmiyyətini qeyd edib.

Tədbirin fəxri qonağı, Qarabağ qazisi E.Hüseynov çıxış edərək Vətən müharibəsinin Azərbaycanın şanlı tarixindəki əhəmiyyəti barədə geniş məlumat verib. Onun Azərbaycan Silahlı Qüvvələrinin yüksək döyüş ruhu və fədakarlığı barədə ifadə etdiyi məqamlar, əsgər və zabitlərimizin igidliyi barədə müharibə qeydləri həmvətənlərimiz tərəfindən böyük rəğbətlə qarşılanıb.

E.Hüseynov, həmçinin Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə təsis edilmiş YAŞAT Fondunun fəaliyyəti və qarşıda duran vəzifələri barədə məlumat verib. Qeyd edib ki, YAŞAT Fondu Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş və hərbi əməliyyatlar ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçuların və şəhid olmuş şəxslərin ailə üzvlərinin, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət qurumlarının əməkdaşlarının və ya həlak olmuş əməkdaşların ailə üzvlərinin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün şəffaf, səmərəli və əlçatan platforma kimi öz fəaliyyətini davam etdirir.

Tədbirin sonunda E.Hüseynov həmvətənlərimizin suallarını cavablandırıb.