Vətən bir millətin varlığının, şüurunun birləşdiyi məkandır. Bir insan üçün Vətən sadəcə coğrafi məkan deyil, dədə-babalarımızın illərlə öz qanları bahasına qoruyub bizə miras olaraq ötürdükləri müqəddəs yerdir. İnsan mənəviyyatını müəyyən edən əxlaqi prinsiplərdən biridir Vətən sevgisi. Vətən ana qədər sevilməli, ana namusu kimi qorunmalıdır.
Vətənimiz zaman-zaman işğallara, hərbi təcavüzlərə məruz qalmış, dövlətçiliyi müstəqillik, suverenlik uğrunda böyük mübarizələr apararaq formalaşmış, çoxsaylı faciələr, qanlı-qadalı hadisələr yaşamış, şəhidlər vermişdir. Lakin bunlar xalqımızın mübarizə əzmini qırmamış, əksinə düşmənə qarşı nifrət və qisas hissini daha da artırmışdır. Ermənistan daim doğma torpaqlarımıza göz dikmiş, fürsət yaranan kimi müxtəlif təxribatlar törətməklə torpaqlarımızı işğal etmiş və insanları öz dədə-baba yurdlarından didərgin salmışdır. Azğın düşmən qoca, körpə demədən soydaşlarımızı vəhşicəsinə qətlə yetirməklə çox sayda bəşəri faciələr törətmişdir. Ermənistan 28 il torpaqlarımızı işğal altında saxlamış, bununla da BMT qətnamələrini kobud şəkildə pozmuşdur.
İşğalçı ordu atəşkəsi pozmaqda davam edirdi. Belə ki, Aprel döyüşlərindən sonra düşmənin növbəti təxribatı 2020-ci ilin iyul ayında baş verdi. Tarixə “ Tovuz döyüşləri” adı ilə daxil olan bu hərbi qarşıdurmada da ordumuz misilsiz qəhrəmanlıq göstərdi. Tovuz döyüşlərində xüsusi şücaət və sərkərdəlik nümayiş etdirən general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev qəhrəmancasına şəhid oldular. Elə məhz bu hadisələr bardağı daşıran son damla oldu və xalqımızda qisas hissini daha da artırdı.
27 sentyabr 2020-ci il... 2 il bundan öncə, həmin gündə Azərbaycanın tarixində, qəhrəmanlıq salnaməsində yeni səhifə açıldı. Bu səhifə Azərbaycan əsgərinin şücaəti, zəfər yürüşü, ordumuzun Vətən uğrunda savaşı ilə yazıldı. O gün Ermənistanın növbəti hərbi təxribatı, bütün cəbhəboyu ağır artilleriyadan istifadə etməklə hücuma keçməsi və birbaşa mülki əhalini hədəfə alması nəticəsində Azərbaycan Ordusu Vətən uğrunda ölüm-dirim savaşına qalxdı. 28 il ağrılı-acılı ömür yaşayan Azərbaycan xalqı başda Ali Baş Komandan İlham Əliyev olmaqla özünü toparlayıb Vətən torpaqlarının bütövlüyünü bərpa etdi. Bu günləri bizə sarsılmaz iradəyə sahib xalqımızın dövlətlə birliyi, ölkəmizin iqtisadi gücü və müzəffər ordumuz qazandırdı.
Ali Baş Komandan İlham Əliyevin hər zaman bildirdiyi haqq mübarizəsinə başlamaq əmri xalqın sevincinə, coşqusuna səbəb oldu və böyük qürurla qarşılandı. Elə ilk gündən düşmən üzərində qazandığımız hərbi uğurlar xalqımızın qələbə əhval-ruhiyyəsini daha da artırdı. Bütün xalq öz rəhbəri ətrafında sıx birləşdi. Minlərlə igid, cəsur oğullarımız mənfur düşmənlə vuruşmaq üçün səfərbərlik şöbələrinə müraciət etdi. Xalq Ali Baş Komandanın ətrafında dəmir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirdi.
Qələbə arzusu ilə irəliləyən mərd, qorxmaz əsgərlərimiz düşmənin işğal etdiyi torpaqlarımızdakı hərbi hissələrini, istehkamlarını, mövqelərini, döyüş texnikalarını, canlı qüvvəsini darmadağın etdi, bizə aid olan kəndlərimizi, strateji yüksəklikləri tez bir zamanda düşməndən təmizlədi. Bu gün artıq düşməndən təmizlənmiş torpaqların hər bir qarışı əziz olduğu qədər də müqəddəsdir. Çünki orada əsgərlərimizin cəsarəti, şəhidlərimizin qanı var. Xalqımız hər gün bir rayonun işğaldan azad ediləcəyi xəbərini səbirsizliklə gözləyir, bir gün o torpaqlara gedəcəyi günü arzu edərək nisgilli qəlbinə təskinlik verirdi. Hər dəfə bir rayonumuzun işğaldan azad olunması ilə bağlı verilən xəbərlər xalqımızda yüksək əhval-ruhiyyə yaradırdı. Azərbaycan torpaqları qarış-qarış, kənd-kənd işğaldan azad edildi. 44 gün ərzində Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavəndin böyük hissəsini, Laçın rayonunun kəndləri daxil olmaqla 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər işğaldan azad olundu. Üçrəngli şanlı bayrağımız yenidən doğma torpaqlarımızda ucaldıldı.
Noyabr ayının 8-də isə Qarabağın tacı sayılan, mədəniyyət paytaxtımız olan Şuşa şəhəri erməni işğalçılarından azad edildi. Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələri 7 noyabrda qayalıqları dırmaşaraq, yüngül çaplı silah-sursat ilə Şuşaya daxil oldular, əlbəyaxa döyüşərək düşməni vahiməyə saldılar və geri çəkilməyə məcbur etdilər. Noyabrın 8-də Şuşanın azad edilməsi ilə Azərbaycan hərbçiləri müzəffər ordunun gücünü, qüdrətini, cəsarətini, Vətən sevgisini dünyaya göstərərək qəhrəmanlıq dastanı yaratdılar. Həmin gün Azərbaycan tarixinə Zəfər Günü kimi düşdü.
2 gün sonra, 10 noyabr gecəsi Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev: "Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır” deyərək doğma xalqını böyük Zəfər xəbəri ilə müjdələdi. Həmin o 10 noyabr tarixi 30 il davam edən Dağlıq Qarabağ münaqişəsinə nöqtənin qoyulduğu gün oldu. Haqq savaşımız əzmkar oğullarımızın sarsılmaz iradəsi sayəsində cəmi 44 gün ərzində qələbə ilə başa çatdı, tarixi ədalət bərpa olundu. Azərbaycan parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Anım Gününün ikinci ildönümündə Füzuliyə, savaşın ilk günündə azad edilən Qaraxanbəyli kəndinə səfər edərək orada Vətən uğrunda şəhid olan qəhrəmanlarımızı hüznlə və ehtiramla yad etdilər. Bu kədər ehtiramı həm də qürurlu idi. İkinci Qarabağ savaşının şəhid qəhrəmanları Azərbaycan tarixində bundan sonra dünya durduqca ucalığını, möhtəşəmliyini qoruyub saxlayacaq Qələbə və qürur abidəsi yaratdılar. Prezidentin şəhidlərimizin şərəfinə ucaldılan bu abidəni ziyarət etməsi həm də simvolik xarakter daşıyırdı. Abidə önündə çıxış edən dövlət başçısı Vətən müharibəsi və ondan sonrakı dönəm üçün hər bir Azərbaycan vətəndaşının missiyasını açıq ifadə etdi.
Ali Baş Komandan kimi “Azərbaycan əsgəri, Azərbaycan zabiti bu müdafiə xəttini və bundan sonrakı müdafiə xətlərini yarmaq üçün ölümə gedirdi, öz canını fəda edirdi ki, üçrəngli Bayrağımız Şuşada və o vaxt işğal altında olan digər bütün torpaqlarda dalğalansın”, deyə ordumuzun qəhrəmanlığını ifadə edən İlham Əliyev Prezident kimi də hər bir vətəndaşın üzərinə məsuliyyət qoyur:
“Bu gün şəhidlərimizin əziz xatirəsini yad edərək, bir daha hər birimiz özünə söz verməlidir, vəd verməlidir, and içməlidir ki, biz müstəqilliyimizin keşiyində əbədi duracağıq, biz ərazi bütövlüyümüzün keşiyində əbədi duracağıq.”
Prezidentin son Füzuli səfəri tarixi əhəmiyyəti ilə yanaşı, dünya birliyinə, Azərbaycan cəmiyyətinə bir sıra mühüm mesajları özündə ehtiva edirdi. Prezidentin çıxışında hər zamankı kimi Azərbaycana və dünyaya bəyan edilən əminlik mesajı var idi. Bir daha düşmənin baş qaldırmasına, ölkəmizin suverenliyinə hər hansı bir təhdidə imkan verilməyəcəyini inamla söyləyən Prezident əks təqdirdə ölkəmizin gərəkli addımları atacağını bir daha bəyan etdi.
İndiki dönəmdə, Ermənistanın hərbi-siyasi xaos içində olduğu bir zamanda Prezident İlham Əliyevin Füzuli səfəri müharibənin fərqli nəticələrini də ortaya qoymuş oldu. Ermənistanda öz xalqından gizlənən Paşinyanı gördüyümüz zaman Azərbaycanda dövlət başçısı İlham Əliyevi qalib komandan kimi həm Anım Günündə, həm də Zəfər Günündə işğaldan azad olunmuş bölgələrdə müzəffər ordu, xalq ilə birgə görürük. Siyasətdə və cəbhədə, diplomatiyada və hərbi strategiyada üstünlük qazanmış Prezident İlham Əliyev savaşdan sonra yeni Zəfər tarixi yazır.
Röya Rasimqızı, “İki sahil”