29 sentyabr 2022 01:16
521

Prezident İlham Əliyev: Xoşbəxt adamam ki, Ata vəsiyyətini yerinə yetirdim

Bu günlərdə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şuşa şəhərindəki Yuxarı Gövhər Ağa məscidini ziyarət etmələri, digər obyektlərdə aparılan tikinti işlərinin gedişi ilə maraqlanmaları mədəniyyət paytaxtımızın inkişafına göstərilən diqqət və qayğının ifadəsidir

Prezident İlham Əliyevin 2022-ci ilin «Şuşa İli» elan edilməsi haqqında Sərəncamına uyğun nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə ölkəmizin mədəniyyət paytaxtı Azərbaycanın siyasi, diplomatik, humanitar platforması kimi də tanınır. Sərəncamda qeyd olunduğu kimi, təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamışdır. Bu baxımdan Qarabağın tacı olan Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Təkrarolunmaz görkəmini, xarı bülbülün xüsusi təravət verdiyi gözəlliyini qoruyan, yetirdiyi böyük şəxsiyyətləri ilə Azərbaycanın ədəbi, mədəni, elmi və ictimai fikir tarixini zənginləşdirən Şuşanın tərəqqisi, sosial-iqtisadi inkişafı «Azərbaycan üzük, Şuşa isə onun qaşıdır» sözləri bu şəhərin Azərbaycan üçün əhəmiyyətini yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Mədəniyyət paytaxtımızın inkişafı ilə bağlı mühüm qərarlar da Ulu Öndərin respublikaya rəhbərliyi dövründə qəbul edilmiş, quruculuq işləri geniş vüsət almış, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Ulu Öndərimizin bu xidmətlərini Prezident İlham Əliyev Şuşanın işğaldan azad olunmasından sonra bərpa edilən Vaqif Poeziya Günlərinin açılışındakı çıxışında xatırlatdı: «Təxminən 40 il bundan əvvəl, bax, bu yerdə atam durmuşdu, mən isə o tərəfdə durmuşdum. Şaxtalı-qarlı havada Vaqifin məqbərəsinin açılışı idi. Ondan sonra 1982-ci il iyulun 29-da atamla bərabər ikinci dəfə Şuşaya gəlmişdim. O vaxt Vaqif Poeziya Günləri keçirilirdi. Bu gün isə ikinci dəfə Vaqifin məqbərəsinin açılışını biz qeyd edirik. Vaqif Poeziya Günləri keçirilərkən atamın 59 yaşı var idi. Bu gün mənim 59 yaşım var. Bəziləri hesab edə bilər ki, bu, təsadüfdür. Ancaq mən hesab edirəm ki, burada böyük rəmzi məna var, tarix təkrarlanır. Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı və biz yenidən nəfəs almağa başlamışıq.»

 Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşanın işğaldan azad olunduğu gün - noyabrın 8-də Şəhidlər xiyabanından xalqa müraciətində verdiyi xoş xəbər, söylədiyi «Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!» sözləri Zəfər Günü kimi Azərbaycan tarixinə əbədi yazıldı.

«Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!» sözləri ilə xalqımızın 30 illik Şuşa həsrətinə son qoyulduğunu qürurla səsləndirdi. Dövlət başçımızın xüsusi diqqət və qayğı göstərdiyi Şuşa artıq dirçəlir, yenilənir. Şuşanın Baş planına uyğun Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, büstünün, Natəvanın, Bülbülün ev-muzeylərinin, Üzeyir Hacıbəylinin heykəlinin açılışları, «Qarabağ», «Xarıbülbül» otellərinin istifadəyə verilməsi, «Xarıbülbül» musiqi festivalının, Vaqif Poeziya Günlərinin keçirilməsi ənənəsinin bərpası kimi digər mühüm dəyişikliklər şəhərin mədəni, ictimai- siyasi həyatını daha da canlandırır. Prezident İlham Əliyevin Şuşanı rəsmən Azərbaycanın Mədəniyyət Paytaxtı elan etməsi bu qədim şəhərin özəlliklərindən qaynaqlanır. Hazırda Şuşanın Cıdır düzü tarixi hadisələrə şahidlik edir. Novruz bayramının Cıdır düzündə qeyd olunması ümumxalq sevincinə çevrildi. Paytaxtımızın Azadlıq meydanında keçirilən, Vətən müharibəsində qazandığımız Qələbəyə həsr olunmuş Zəfər paradında iştirak edən Azərbaycanın və qardaş Türkiyənin prezidentləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın Şuşa haqqında söylədikləri xoş sözlər, hər iki dövlət arasında Müttəfiqlik Bəyannaməsinin imzalanması mərasiminin bu unikal şəhərdə keçirilməsi də tarixi hadisələrdəndir.

Bu Bəyannamənin imzalanması Prezident İlham Əliyevin «Şuşa işğaldan azad ediləndən sonra düşmənin beli qırıldı, düşmən təslim olmağa məcbur qaldı. Şuşanın azad edilməsi tarixi hadisədir. Bizim Ordumuz, qəhrəman övladlarımız dağlardan, dərələrdən, meşələrdən, cığırlardan keçərək, sıldırım qayaları qət edərək, qayalara dırmaşa-dırmaşa Şuşaya qalxaraq orada əlbəyaxa döyüşdə düşməni məhv etdi, Azərbaycan bayrağını Şuşada qaldırdı» sözlərini də tarixiləşdirdi. Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın «Şuşanın dağlarının başındakı duman artıq dərdli deyil. Girov qalmış xarı bülbül artıq azaddır və daha gözəl açacaqdır. Köndələnçay artıq daha coşqun axacaq. Araz nəğməsini daha güclü oxuyacaq. Qarabağ şikəstəsini oxuyan nəfəslər daha yüksək, daha güclü olacaqdır» sözləri göstərdi ki, Şuşa azərbaycanlılar kimi, qardaş Türkiyə xalqı üçün də əziz məkandır. 44 günlük Vətən müharibəsinin dünyanın hərb tarixinə XXI əsrin döyüş təcrübəsi kimi yazılması, müxtəlif ölkələrin hərbi məktəblərində Şuşa uğrundakı hərbi əməliyyatların təcrübə kimi öyrənilməsi, qəhrəman əsgər və zabitlərimizin yüngül silahlarla sıx meşələrdən, dərin dərələrdən keçərək, qayalara, dağlara dırmaşaraq üzbəüz döyüşdə düşməni məhv etməsi rəşadətlik rəmzi adlandırılmaqla mütəxəssislər tərəfindən təhlil edilir. Yəni, Şuşa artıq dünyada mədəni, hərbi diplomatik mərkəz kimi diqqəti cəlb edir.

«Şuşa İli» çərçivəsində həyata keçirilən ən mühüm tədbirlərdən biri də mədəniyyət paytaxtımızda Dünya Azərbaycanlılarının Zəfər Qurultayının keçirilməsi, tədbirdə çıxış edən dövlət başçımızın xalqları sülhə, həmrəyliyə, birliyə, ədalətə çağıran təşəbbüslərinin dəstəklənməsidir. Azərbaycan Şuşanın simvolunda bölgədə yaratdığı reallıqları ilə buraya gələnləri heyrətləndirir. İşğaldan azad edilən Şuşa Baş plan əsasında yenidən qurulur, tarixi əzəməti bərpa edilir. Əsas odur ki, həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdətinə uyğun tamamlanır. Yeni tikiləcək komplekslərin, yaşayış binalarının yerləri müəyyənləşdirilir, bərpa olunan tarixi abidələr əvvəlki görkəmlərinə qaytarılır. Sakinlərin doğma yurdlarına qayıtması üçün şəhərdə üç, dörd və beşmərtəbəli yaşayış binalarının tikilməsi planlaşdırılır. Mövcud yollarla yanaşı, genişzolaqlı yolların inşası da nəzərdə tutulur. Yaşıllıqlar qoruyub saxlanılmaqla yeni salınacaq istirahət mərkəzlərinin coğrafi landşaftı, relyefi müəyyənləşdirilir. «Yaşıl enerji» layihələri üzrə dəhlizlərin salınacağı ərazilər seçilir. Baş plana əsasən Şuşada ümumi sahəsi 46.765 kvadratmetr olacaq yeni yaşayış massivi 6 məhəllədən ibarət olacaq və məhəllələr üzrə əhali sayı 2020 nəfər nəzərdə tutulur. Şəhərin elektrik təsərrüfatı bərpa edilir. Füzulidən yüksək gərginlikli xətlər çəkilib, yarımstansiya tikilib. Şuşanı tərk edərkən su xətlərini partladan, 17 bulağı qurudan erməni vəhşilərindən fərqli olaraq qurucu Azərbaycan inşaatçılarının səyi ilə doğma şəhərin su təssərufatı bərpa edilib. İndi iki mənbədən Şuşaya su gəlir. Tarixi dini-mədəni abidələrdə, üç məsciddə təmir-bərpa işləri aparılır.
«Kompleks tədbirlər onu göstərir ki, Şuşanın dirçəldilməsi sürətlə gedir və şuşalılar Şuşaya qayıdırlar. Həm qrup-qrup öz doğma şəhərinə gəlib ziyarət edirlər, eyni zamanda, burada artıq açılmış obyektlərdə şuşalılar işlə təmin edilir. Beləliklə, biz Şuşanı yenidən dirçəldəcəyik» söyləyən Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın dəfələrlə bu şəhərdə olmaları, çoxsaylı jurnalistlər ordusunun, diplomatik korpus nümayəndələrinin Ermənistan tərəfindən dağıdılmış ərazilər kimi Şuşaya səfərlərinin təşkili bu şəhərin şöhrətini daha da artırır.

Bu günlərdə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şuşa şəhərindəki Yuxarı Gövhər Ağa məscidini ziyarət etmələri, Heydər Əliyev Fondu tərəfindən ötən ildən başlanılan yenidənqurma və bərpa işləri ilə tanış olmaları da bu şəhərə diqqətdən qaynaqlanır. Bərpa işləri ilə tanışlıq zamanı bildirildi ki, Şuşa şəhəri işğal altında olduğu müddətdə ermənilər tərəfindən dağıdılmış Yuxarı Gövhər Ağa məscidində konservasiya və bərpa işləri ilkin memarlıq üslubuna uyğun olaraq Azərbaycan, İtaliya və Türkiyə şirkətlərinin konsorsiumu tərəfindən və «Paşa Holdinq»in maliyyə dəstəyi ilə həyata keçirilir. Bərpa prosesi Avstriyanın «Wehdorn Architekten»” şirkətinin nəzarəti ilə aparılır. Məscidin daxilindən götürülən məhlul, suvaq, təbii daş, kərpic, ağac və boya nümunələrinin təhlil və düzgün konservasiya üsullarını əldə etmək məqsədilə Türkiyədəki Fatih Sultan Mehmet Vəqfi Universitetinin nəzdindəki Ahmet Refik Ersen Restavrasiya və Konservasiya laboratoriyasına aparılması da Türkiyə- Azərbaycan birgə əməkdaşlığının nəticəsidir. Bərpa işlərinin 2023-cü ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulan məscidin yeni görkəmdə istifadəyə verilməsi təkcə şuşalılar üçün deyil, bütün xalqımıza ən böyük töhfə olacaq.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində inşa olunan yeni yaşayış kompleksində, Şuşa hotel və konfrans mərkəzində aparılan tikinti işləri ilə, Azərbaycan Respublikasının Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin binasında yaradılan şəraitlə, Mehmandarovların malikanə kompleksində, yenidən qurulan hoteldə aparılan təmir-bərpa işlərinin və Şuşa şəhəri 1 saylı tam orta məktəbin binasında tikinti işlərinin gedişi ilə tanış oldular. Dövlətimizin başçısına və birinci xanıma Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mənzil kommunal və təmir xidmətinin inzibati binasında görüləcək əsaslı təmir işləri barədə də məlumat verildi.

Xuraman Məmmədova, «İki sahil»