29 sentyabr 2022 12:10
391

Bir daha düşmənin bizim üçün təhdid yaratmasına imkan verilməyəcək

“Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 27 Sentyabr – Anım Günündə işğaldan azad olunmuş ərazilərə səfər etməsi rəmzi məna daşıyır. Füzuli rayonunun Qaraxanbəyli kəndində Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələrinin  qoyulması torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinə böyük ehtiramın nümunəsidir”.

“İki sahil” xəbər verir ki,  bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Qaraxanbəyli kəndi Vətən müharibəsinin ilk günündə işğaldan azad olunb və biz ilk şəhidlərimizi bu ərazidə vermişik. Dövlətimizin başçısı xatirə lövhəsinin qarşısında çıxışı zamanı  qeyd etdi ki, 44 günlük Vətən müharibəsi şanlı tariximizdir. Azərbaycan xalqı bütün gücünü səfərbər edib yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovdu. Bütün Azərbaycan xalqı sarsılmaz birlik və həmrəylik nümayiş etdirdi. Qəhrəman döyüşçülərimizin rəşadəti sayəsində işğaldan azad edilmiş ərazilərdə bu gün quruculuq işləri həyata keçirilir.

Millət vəkilinin sözlərinə görə, cənab Prezident çıxışında hərbçilərin qəhrəmanlığını xüsusi vurğulayıb. Dövlətimizin başçısı deyib: “44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi. Dayanmadan, durmadan, usanmadan hər gün qan tökərək, şəhidlər verərək irəliyə gedirdi, Zəfərə doğru gedirdi. Bir gün belə dayanmadı, bir gün belə geriyə addım atmadı, ancaq irəli getdi, düşməni qova-qova döyüş meydanında tarixi Zəfər çaldı. 44 gün ərzində 300-ə yaxın şəhər və kənd düşməndən azad edilmişdir. Düşmən məcbur olub kapitulyasiya aktını imzalayaraq məğlubiyyətini qəbul etdi və o vaxt hələ işğal altında olan torpaqlardan çıxmağa məcbur olmuşdur”.

“Cənab Prezident çıxışında bir daha qarşı tərəfə mesaj verib. Bu da ondan ibarətdir ki,  bir daha düşmənin baş qaldırmasına, bizim üçün təhdid yaratmasına imkan verilməyəcək. Əgər belə hal yaranarsa Azərbaycan lazımi cavab verəcək. Çünki ölkəmizin artan gücü, o cümlədən hərbi gücü müstəqilliyimizin, rahat həyatımızın qarantıdır. 12-13 sentyabrda Ermənistan tərəfindən törədilən hərbi təxribatın qarşısının layiqincə alınması buna sübutdur”,-deyə Sevinc Fətəliyeva vurğulayıb.