29 sentyabr 2022 12:49
309

Hacıqabulda şəhidlərin xatirəsi anılıb - FOTO

Hacıqabul rayonunda Anım Gününə həsr olunmuş tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Hacıqabul rayon təşkilatının sədri Elnur Əmiraslanov, Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və qazilər iştirak ediblər.

Rayonun Şəhidlər xiyabanında keçirilən tədbirdə çıxış edən rayon icra başçısı Rüstəm Xəlilov Vətən müharibəsi şəhidlərinin valideynlərinə başsağlığı verərək onların göstərdikləri qəhrəmanlıqlardan söz açıb. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsində dünyanı heyrətə salan daxili və xarici siyasətindən, Ordumuzun Qələbəsindən, şəhid ailələrinə, müharibə iştirakçılarına və müharibədə sağlamlığını itirmiş vətəndaşlara ölkə rəhbərliyi tərəfindən göstərilən hərtərəfli diqqət və qayğıdan danışıb.

YAP Hacıqabul rayon təşkilatının sədri Elnur Əmiraslanov 44 günlük Vətən müharibəsində Hacıqabul rayonunun 24 şəhid verdiyini qeyd edib. O, dövlət başçısının tapşırığı ilə şəhid ailələrinə və qazilərə yüksək diqqət və qayğı göstərildiyini vurğulayıb.

Şəhid ailələri adından Xüsusi Təyinatlı Qüvvələrin kiçik giziri, “Qarabağ” ordeni ilə təltif olunmuş şəhid Şıxəliyev Mehdi Yalçın oğlunun anası Şəlalə Şıxəliyeva çıxış edərək övladı ilə fəxr etdiyini, onların problemlərinin həllinə həssas yanaşdıqları və hərtərəfli qayğı ilə əhatə olunduqlarına görə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirib.

Daha sonra şəhidlərin ruhuna dualar oxunub.

Sonda ağacəkmə aksiyası keçirilib, rayon Mədəniyyət evində şəhidlərin xatirəsinə həsr edilən rəsm sərgisi nümayiş olunub və ədəbi-bədii kompozisiya nümayiş etdirilib.