29 sentyabr 2022 12:56
379

Vətən müharibəsinin 3-cü günü

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. İgid döyüşçülərimiz 44 gün dayanmadan irəlilədilər və otuz il işğal altında qalan torpaqlarımızı azad edərək qəhrəmanlıq dastanı yazdılar.

“İki sahil” 44 günlük Vətən müharibəsinin gedişini xronoloji ardıcıllıqla təqdim edir.

Müharibənin 3-cü günü

•Səhər saatlarında cəbhənin Füzuli-Cəbrayıl istiqamətində yerdəyişmə etmək istəyən düşmənin 1 tankı, 1 avtomobil texnikası və 10 nəfərədək şəxsi heyəti artilleriya zərbəsi ilə sıradan çıxarılıb. Saat 07.00-08.00 radələrində cəbhənin Füzuli-Cəbrayıl istiqamətində Ermənistan qoşunlarının daha dörd tankı vurulub. Düşmənin Xocavənd rayonu ərazisində yerləşdirdiyi 3-cü “Martuni” motoatıcı alayı darmadağın edilib. Bu barədə Müdafiə Nazirliyində keçirilən brifinqdə məlumat verilib.

• Almaniya Kansleri Angela Merkel Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib. Dövlətimizin başçısı bildirib ki, Ermənistanın hərbi təxribatı ilə bağlı hadisələrin gələcək inkişafına görə məsuliyyət İrəvanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür. Azərbaycan Ordusu öz torpaqlarında vuruşur və Ermənistan ordusu Azərbaycan torpaqlarında olmamalıdır.

• Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramında Vətən müharibəsi ilə bağlı sualları cavablandırıb.

• Baş Prokurorluq Azərbaycan əhalisinin sıx yaşadığı ərazilərin düşmən tərəfindən atəşə tutulması nəticəsində 12 mülki şəxsin həlak olması, 35 nəfərin xəsarət alması ilə bağlı məlumat yayıb.