29 sentyabr 2022 13:44
443

Ağdaşda üç şəhidin ildönümü qeyd olunub - FOTO

Azərbaycanın 44 günlük Vətən müharibəsində Ağdaş rayonunun şəhidləri -  Mustafayev Siyasət Akif oğlunun, Məmmədov Kənan Hüseyin oğlunun və İbrahimxəlilov Soyxan Eldəniz oğlunun şəhadətlərinin ikinci ildönümü qeyd olunub.

“İki sahil” xəbər verir ki, bu münasibətlə şəhidlərin doğulub-böyüdüyü və ailələrinin yaşadığı Pirəyir, Kotavan və Ağzıbir kəndlərində mərasimlər keçirilmişdir. Mərasimlərdə  Yeni Azərbayan Pariyası İdarə Heyətinin üzvü, millət vəkili Cavid Osmanov, YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov, Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin rəisi Nizami Heybətov  və partiya fəalları, İcra Hakimiyyətinin və rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları iştirak etmişlər. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirələri ehtiramla anılmış,  ruhlarına dualar oxunmuş, onların döyüş yolu barədə söhbət açılmış, valideyinlərinə başsağlığı verilmişdir.

Mustafayev Siyasət Akif oğlu 1996-cı il mayın 2-də Ağdaş rayonunun Abad kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun kiçik çavuşu olan Siyasət Mustafayev Tərtərin Talış kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezidentimiz, Ali Baş Komandanımız cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.

Məmmədov Kənan Hüseyin oğlu 17 iyul 1993-cü ildə Ağdaş rayonunun Kotavan kəndində anadan olmuşdur. Azərbaycan Ordusunda müddətdən artıq hərbi qulluqçu kimi xidmət edən gizir  Kənan Məmmədov 2016-cı ilin Aprel döyüşlərində də şücaətlə iştirak etmişdir.  28 sentyabrda Cəbrayıl uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”,  “Cəbrayılın azad olunmasına görə”,   “Hərbi xidmətlərə görə”   və  “Füzulinin azad olunmasına görə”  medalları ilə təltif olunmuşdur.

İbrahimxəlilov Soyxan Eldəniz oğlu 6 avqust 2001-ci ildə Ağdaş rayonunun Ağzıbir kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Söyxan İbrahimxəlilov Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə vuruşaraq şəhid olmuşdur. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”,  “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”   və  “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.