30 sentyabr 2022 02:58
291

Qürurumuzun, mənliyimizin, mədəniyyətimizin beşiyi -  Şuşa

Azərbaycanin əsrarəngiz təbiəti, milli-mənəvi dəyərlərinin beşiyi kimi tanınan Şuşa əsrlərin çətin sınağından çıxaraq yüzilliklərin daş yaddaşında tarix yazıb.  Şuşa qalası uzun illər boyu Azərbaycanın Qarabağ xanlığının paytaxtı olub. Şuşa qalasının inşası 1750-1751-ci illərə təsadüf edir. Tarixi mənbələrə görə, 1750-ci ildə hündür, sıldırım dağ üstündə qalanın inşasına başlandı və 1756-1757-ci illərdə tikilib başa çatdırıldı. Qarabağ xanı Pənahəli xan Şuşanı paytaxt elan edib möhkəmləndirdi, Qala-şəhərə çevirdi.

Şəhər bir müddət Pənahəli xanın şərəfinə “Pənahabad”, sonradan isə “Şuşa qalası” və “Şuşa” adlandırılmışdır.

19-cu əsrin sonu və 20-si əsrin əvvəllərində isə Şuşa Qafqazın musiqi mərkəzinə çevrilmişdi. Şuşanı "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Zaqafqaziyanın konservatoriyası" da adlandırırdılar.

1992-ci il mayın 8-də Ermənistan hərbi birləşmələri tərəfindən işğal edilən Şuşa müzəffər ordumuz tərəfindən 2020-ci il  noyabrın 8-də  misli görünməmiş bir qəhrəmanlıqla 28 illik işğaldan azad edildi. Beləliklə, orada aparılan döyüşlər də dünya hərb tarixinə bir yenilik gətirdi. Məhz sıldırım qayaları, keçilməz dağ cığırlarını aşaraq burada düşmənin ən çevik ordu birləşmələrini darmadağın edən Azərbaycan hərbçiləri erməni vandallarının əlində olan Şuşamızda üçrəngli bayrağımızı dalğalandırdılar. Bu azadlıq həm də milli qürurumuzun, mənliyimizin, mədəniyyətimizin, incəsənətimizin və tariximizin azad edilməsini, hətta yeni yüksəliş mərhələsinə daxil olmasını təmsil edir. Şuşanın işğaldan azad olunması Qarabağın döyünən ürəyinin xilas edilməsi demək oldu.

Ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 8-də Şəhidlər Xiyabanından xalqa müraciətində Azərbaycanın tarixi şəhəri, bütün Qafqazın mədəniyyət mərkəzi hesab edilən, öz hərbi-strateji önəmi ilə yanaşı, həm də mənəvi əhəmiyyəti olan Şuşanın şanlı ordumuz tərəfindən azad edildiyini bildirdi. Şuşanın azadlığı ordumuzun gücünün, xalqımızın birliyinin, Ali Baş Komandanımızın sərkərdəlik qabiliyyətinin təzahürü oldu.

Prezident İlham Əliyev 2021-ci il  yanvarın 14-də  Şuşaya Zəfər yolu ilə səfər edərək illərdir didərgin həyatı yaşayan Natəvanın, Üzeyir bəyin, Bülbülün güllələnmiş büstlərini də öz doğma yerlərinə qovuşdurdu, onların da ruhları şad oldu. Dahi şəxsiyyətlərimizin büstlərinin Şuşaya - öz əzəli vətənlərinə qaytarılması Qələbəmizin daha bir sarsılmaz rəmzinə çevrildi. İki aydan sonra, yəni, martın 16-da dövlət başçısı yenidən Şuşaya gedərək Vaqifin məqbərəsində tezliklə yenidənqurma işlərinin, məscidlərin bərpasının başlayacağının, otuz il ərzində vandal ermənilərin qurutduqları bütün bulaqlarımızın bərpa ediləcəyinin və digər möhtəşəm planların müjdəsini verdi.

Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan edən Prezident İlham Əliyev ötən il “Xarıbülbül” festivalının açılışı mərasimindəki çıxışında onu da bildirmişdi ki, gələn il Şuşanın 270 illiyi qeyd ediləcək. Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub və o vaxtdan işğal dövrünə qədər bu şəhərdə həmişə azərbaycanlılar yaşayıblar: “Ermənilər nə qədər çalışsalar da, Şuşadan Azərbaycan ruhunu silə bilmədilər. Bəli, mənfur düşmən tərəfindən binalar dağıdıldı, məscidlərimiz dağıdıldı, tarixi abidələrimiz dağıdıldı. Ancaq Şuşa Azərbaycan ruhunu qoruya bildi.”

Ölkə baççısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu günlərdə  Anım Günün ikinci ildönümündə Şuşaya növbəti səfəri bu unikal şəhərimizin həyatında ən əlamətdar hadisədir. Prezident və birinci xanım Şuşa şəhərində inşa edilən yeni yaşayış kompleksinin, hotel və konfrans mərkəzinin, Mehmandarovlar malikanəsinin və Şuşa şəhərində yerləşən 1 saylı tam orta məktəbin binasında aparılan tikinti işlərinin gedişi ilə tanış oldular.  Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, həmçinin Şuşa şəhəri Dövlət Qoruğu idarəsinin mənzil-kommunal və təmir xidmətinin inzibati binasında bərpa işlərinin gedişi ilə də maraqlandılar.

Bəli, görülən işlərə nəzər yetirəndə görə bilirik ki, bu gün Şuşa durmadan inkişaf edir, tarixi əzəmətini geri qaytarır və sürətlə işğaldan əvvəlki  xoşbəxt çağlarına qovuşmağa çalışır. Şuşa ən böyük xoşbəxtliyini isə illərdir həsrətində olduğu doğma sakinlərinə qovuşanda yaşayacaq.

Röya Rasimqızı, “İki sahil”