29 sentyabr 2022 23:43
480

Vətən uğrunda savaşanlar hər cür qayğıya layiqdirlər

Postmüharibə dövründə sosial dəstək tədbirləri şəhid ailələri üzvləri, müharibə iştirakçıları və erməni terrorundan zərər çəkənlərdən ibarət 100 minədək şəxsi əhatə edib

Azərbaycan Ordusu Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində 5 şəhəri, 4 qəsəbəni, 286 kəndi işğaldan azad etdi, bir çox hərbi əhəmiyyətli yüksəkliklər ələ keçirildi. Prezident, Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu, qətiyyətli siyasət nəticəsində Kəlbəcər, Laçın, Ağdam rayonları bir güllə atılmadan, heç bir şəhid verilmədən Azərbaycana qaytarıldı.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olmuş hərbçilərimizin ailə üzvlərinə və qazilərimizə böyük ehtiram göstərir. Dövlət başçısının müvafiq Fərmanı ilə Azərbaycan Ordusunun tarixi Zəfəri münasibəti ilə təsis edilmiş orden və medallar müharibənin iştirakçılarına göstərilən diqqət və qayğının bariz nümunəsidir. Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə qəhrəman döyüşçülərimiz orden və medallarla təltif olunublar.

Belə ki, dövlət başçısının müvafiq Fərmanı əsasında Vətən müharibəsində Qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenləri, “Vətən Müharibəsi Qəhrəmanı” adı təsis edilib. “Vətən Müharibəsi Qəhrəmanı” adı Azərbaycanda ən ali fərqlənmə dərəcəsidir. Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunun 2-ci maddəsinə “Qızıl Ulduz” medalından (Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanı) əvvəl “Vətən Müharibəsi Qəhrəmanı”, “İgidliyə görə” medalından sonra isə “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalları əlavə olunub.

Ötən dövrdə Vətən müharibəsi şəhidlərinin 8 minədək ailə üzvünə 16 minədək sosial ödəniş (Prezident təqaüdü, müavinət və ya pensiya) təyin olunub, 3 min 151 müharibə iştirakçısına əlillik və bununla bağlı sosial ödəniş verilib. Cari ildə “Müharibə veteranı” adı verilmiş 81 min 856 şəxsə Prezidentin aylıq təqaüdünün təyinatı prosesi yekunlaşdırılıb. Ümumilikdə 93 min nəfərə 104 min sosial ödəniş təyin olunub. Sosial ödənişlər vətəndaşların müraciəti olmadan, elektron sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Şəhid ailələri, müharibə əlilləri üçün sosial ödənişlərin məbləği 2021-2022-ci illərdə orta hesabla 60 faiz artırılıb. 2021-ci il yanvarın 1-dən Vətən Müharibəsi Qəhrəmanlarına, 2022-ci il yanvarın 1-dən isə Vətən müharibəsinin veteranlarına Prezidentin təqaüdü təsis olunub. Mühüm sosial dəstək tədbirlərindən biri də şəhid ailələrinin, müharibə əlillərinin mənzil və fərdi evlə təminatıdır. Həmin proqram 2021-ci ildə 5 dəfə genişlənib. Ötən il şəhid ailələri və müharibə əlillərinə 3 min, 2022-ci ilin əvvəlindən daha 587 mənzil, postmüharibə dövründə isə 3587 mənzil verilib. Ümumən ötən dövrdə 12 min 500-dən çox şəhid ailəsi və müharibə əlili mənzil və ya fərdi evlə təmin edilib.

Dəstək tədbirləri çərçivəsində müharibə əlillərinin avtomobillə təminatı işləri də davam etdirilib. Postmüharibə dövründə 264 müharibə əlilinə avtomobil verilib. İndiyədək həmin kateqoriyadan olan 7 min 450 şəxs avtomobillə təmin olunub. Bu dövrdə şəhid ailələri üzvləri, müharibə iştirakçıları, erməni terrorundan zərər çəkən şəxslər də daxil olmaqla 13 mindən çox şəxsin aktiv məşğulluq proqramlarına, o cümlədən 7,8 min şəxsin özünüməşğulluq proqramına cəlb olunması təmin edilib. Bu il iyulun 1-dək “Məşğulluq marafonu”na qoşulan 649 işəgötürənin təqdim etdiyi vakansiyalar üzrə 2 min 423 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub. Həmçinin 9 mindən artıq şəxsə 28,5 minədək sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib, 1456 müharibə əlilinə 20 min 766 reabilitasiya vasitəsi verilib. Dövlət başçısının göstərişi ilə 2020-ci ilin dekabrından müharibə əlillərinin yüksək texnologiyalı protezlə təminatına başlanılıb. Həmin proqram çərçivəsində Vətən müharibəsinin 200 hərbçisi, ümumilikdə 300 müharibə əlili yüksək texnologiyalı son nəsil protezlərlə təmin olunub.

Şəhid ailələrinə, müharibədə yaralanmış hərbi qulluqçulara mərkəzi və rayon (şəhər) icra hakimiyyəti orqanları tərəfindən 26 istiqamətdə xidmətlərin “bir pəncərə”dən, operativ, şəffaf, vətəndaş məmnunluğu prinsipi əsasında təqdim edildiyi vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib. Sosial dəstək çərçivəsində birdəfəlik maddi yardımla, ərzaq dəstəyi ilə təminat işləri də aparılıb.

Bu qayğılara dəstək olaraq dövlət başçısı İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə “YAŞAT” Fondu yaradılıb. Bu Fonda indiyədək 75 milyon manata yaxın vəsait toplanıb. Bu vəsait şəhid ailələri və qazilərin sosial vəziyyətinin yaxşılaşdırılmasına, eləcə də onların sağlamlığının bərpasına sərf olunur.

Ümumilikdə, postmüharibə dövründə indi də davam edən sosial dəstək tədbirləri 2022-ci il iyulun 1-dək şəhid ailələri üzvləri, müharibə iştirakçıları və erməni terrorundan zərər çəkənlərdən ibarət 100 minədək şəxsi əhatə edib, onlara 191 min xidmət göstərilib.

Cavid Əkbərov, “İki sahil”