29 sentyabr 2022 22:51
518

İctimai nəqliyyatda gediş haqqı artırılmalıdır, yoxsa?..

Son günlər sosial şəbəkələrdə ictimai nəqliyyatda gediş haqqının artırılacağı ilə bağlı xəbərlər yayılmaqdadır. Bildirilir ki, Bakıda və ətraf qəsəbələrdə sərnişindaşıma sektorunda fəaliyyət göstərən şirkətlər İqtisadiyyat Nazirliyinə kollektiv müraciət ünvanlayıblar. Onlar tariflərə baxılmasını, dövlətin ictimai nəqliyyata dəstək verməsi yollarının nəzərdən keçirilməsini və birgə görüşün keçirilərək yaranmış vəziyyətin müzakirə edilməsini xahiş ediblər.

Müraciətdə qeyd edilir ki, hazırda sərnişindaşımada mövcud olan gediş haqqı maliyyə xərclərinin qarşılanması üçün yetərli deyil. Vurğulanıb ki, ötən il dizel yanacağının qiyməti 33% artırılaraq 80 qəpik müəyyən edilib. Bu növ yanacağın bahalaşmasının sahibkarlara təsirinin neytrallaşdırılması üçün ayrılan subsidiyanın məbləği isə yanacağın bahalaşması səbəbindən yaranan əlavə vəsait itkisinin cüzi hissəsini əhatə edir. Bundan başqa, şirkətlər daşıdıqları sərnişin sayına görə toplanan vəsaitin 5%-ni “Bakıkart”a ödədiklərini və bunun kifayət qədər böyük faiz olduğunu vurğulayıblar.

Qeyd edək ki, gediş haqqının artırılması ilə bağlı hələlik rəsmi qərar verilməyib. İqtisadiyyat Nazirliyindən mətbuata bildirilib ki, sözügedən müraciətə baxılır və çox yaxın zamanda ictimaiyyətə bu barədə məlumat veriləcək.

Təkliflər hazırlanacaq

Tarif Şurası isə sözügedən məsələ ilə bağlı bildirib ki, sərnişindaşıma sahəsində fəaliyyət göstərən özəl nəqliyyat şirkətlərinin ictimai nəqliyyatda mövcud problemlərin aradan qaldırılması, nağdsız ödənişə tam keçidin sürətləndirilməsi və bu sahədə qiymət siyasətinə yenidən baxılması müraciəti ilə bağlı təkliflər hazırlanacaq.

Qeyd edilib ki, müraciətdə göstərilən məsələlərlə bağlı optimal qərarın verilməsində kompleks yanaşmanın tələb olunduğunu nəzərə alaraq, Nazirlər Kabineti tərəfindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə xidmətin davamlılığının və rəqabətin təmin edilməsi, xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə aidiyyəti dövlət qurumlarının, bu sahədə fəaliyyət göstərən iri təsərrüfat subyektlərinin nümayəndələrindən ibarət işçi qrupun yaradılması və qaldırılan məsələlərin həlli yollarının müəyyənləşdirilməsi üçün təkliflər hazırlanması tapşırılıb. Təkliflər hazırlanaraq hökumətə təqdim olunacaq.

Aparılan sorğular əsasında bu qənaətə gəlmək olar ki, sürücülər avtobus üçün zəruri olan ehtiyat hissələrinin bahalaşmasını əsas gətirərək bu təklifi müsbət qiymətləndirirlər. Onların sözlərinə görə, sürtgü yağları, şin və digər bütün növ ehtiyat hissələrinin qiyməti artıb. Bu səbəbdən mövcud gediş haqqı çəkilən xərcləri ödəmir. Sürücülərdən fərqli olaraq, sərnişinlər gündəlik istifadə etdikləri  ictimai nəqliyyatda xidmət haqqının artması xəbərindən narazıdırlar.

Hazırda ölkədə bir çox məhsulun, o cümlədən yanacağın, ehtiyat hissələrinin qiymətində bahalaşma müşahidə olunur. Təbii olaraq, yanacağın qiymətinin artması, eləcə də Tarif Şurasının müxtəlif sahələr üzrə qiymət indeksini dəyişməsi, öz növbəsində, bütün istehsal və xidmət sektoruna təsir edib. Çünki hər bir işin maya dəyəri mövcuddur.

Qeyd edək ki, Azərbaycana idxal olunan avtobuslar da bahalaşıb. Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, 2022-ci ilin yanvar-iyul aylarında ölkəyə 38 140 ədəd minik avtomobili, 2 717 ədəd yük avtomobili, 329 ədəd avtobus idxal olunmuşdur.  2022-ci ilin 7 ayında Azərbaycana ümumilikdə 45 mln. 742 min dollar məbləğində avtobus idxal edilib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 9.1 dəfə çoxdur. Statistik məlumatlara əsasən, hesabat dövründə respublikaya ümumilikdə 329 ədəd avtobus (artım 5.1 dəfə) idxal olunub. İdxal olunan avtobusların məbləğ ifadəsi ilə miqdar ifadəsindən daha çox artması avtobusların bahalaşdıqlarına işarədir. Cari ilin 7 ayında bir avtobusun orta idxal qiyməti təxminən 139 min dollar (236 min manat) təşkil edib.

Bu bahalaşmaların fonunda sərnişindaşıma şirkətlərinə də əvvəlki qiymətlə xidmət göstərmək sərf etmir. Çünki maya dəyərini təmin edən iqtisadi komponentlərdə baş verən artım avtomatik olaraq maya dəyərinin  də artmasına səbəb olacaq. Belə olan halda, sərnişindaşıma şirkətləri göstərdikləri nəqliyyat xidmətinə görə aldıqları ödəniş maya dəyərini və bilavasitə əlaqəsi olmayan digər xərcləri qarşılamaya bilər. Bu halda həmin şirkətlər zərərlə üzləşəcək. Ona görə də qiymət dəyişikliklərinin sərnişindaşıma sektoruna təsirinin minimallaşdırılması üçün də müvafiq tədbirlər görülməlidir. Buraya alternativ yanacaqdan istifadənin genişləndirilməsi üçün dövlət-özəl sektor tərəfdaşlığı müstəvisində imkanların yaradılması, tarif tənzimlənməsindən sui-istifadəyə, əsassız qiymət artımına yol verilməməsi üçün nəzarət tədbirlərinin həyata keçirilməsi də aiddir.

Bununla yanaşı, ekspertlər hesab edirlər ki, bu məsələ dövlət tərəfindən edilən xüsusi kompensasiyalarla da həll oluna bilər. Dövlət özəl nəqliyyat şirkətlərinin üzləşdiyi xərclərin bir qismini xüsusi kompensasiyalarla əvəzləyə və qiymət artımının qarşısını ala bilər.

10 qəpik artırıla bilər

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı sözügedən məsələ ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, son vaxtlar baş verən qiymət artımı  daşıyıcı şirkətin zərərlə işləməsinə səbəb olur: “Məsələn, əvvəl 200 ABŞ dollarına alınan təkərin qiyməti indi 500 ABŞ dollarınadır. Avtobusların, ehtiyat hissələrinin qiymətləri bahalaşdı, işçi qüvvəsinin zəhmət haqları artdı. Biz daşıyıcı şirkətlərin qarşısına ən yaxşı xidmətin göstərilməsi üçün tələblər qoyuruq. Amma 30 qəpiyə... 300-400 min manatlıq avtobus alırlar və bu qiymətə sərnişin daşıyırlar. Ona görə də şirkətlərin ağır duruma düşməməsi, özlərini dirçəldə bilmələri üçün dövlətin də dəstəyi lazımdır.”

Həmsöhbətimizin fikrincə, mövcud vəziyyətdə Bakı Nəqliyyat Agentliyi tənzimləyici dövlət qurumu olaraq yaxasını qabağa verərək daşıyıcılarla dövlət arasında vasitəçi olmalı, onların dərdini dövlətə izah etməlidir.

İctimai nəqliyyatda gediş haqqının artması ilə bağlı məsələyə gəldikdə isə E.Muradlı vurğuladı ki, müəyyən miqdarda (10 qəpik)  gediş haqqının artırılmasına da getmək olar. Və daşıyıcı şirkətlərin özlərini dirçəldə bilmələri üçün digər xərclərin də bir hissəsi dövlət tərəfindən qarşılanmaqla bunu həyata keçirmək olar. Qiymət artımından sonra ictimai nəqliyyatın keyfiyyətinin də artırılmasına önəm vermək lazımdır. Metro şəbəkəsini inkişaf etdirmək, gündəlik xəttə buraxılan avtobusların sayını artırmaq vacibdir.

Qeyd edək ki, ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflər sonuncu dəfə 2018-ci ilin iyul ayının 30-da artırılıb. Belə ki, buna qədər avtobus marşrutları üzrə sərnişindaşıma xidmətlərinin tarifləri  11 il əvvəl - 2007-ci ilin 6 yanvar tarixində, metroda sərnişindaşıma xidmətinin tarifi isə 7 il əvvəl - 2011-ci ilin 24 noyabr tarixində artırılmışdı. 

Yaqut Ağaşahqızı, “İki sahil”