29 sentyabr 2022 19:27
504

SOCAR və 4SİM-in təşkilatçılığı ilə Bakı Ali Neft Məktəbində keçirilən Hakaton uğurla başa çatdı

Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) və Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) birgə təşkilatçılığı ilə keçirilən “Enerji və Dördüncü Sənaye İnqilabı” hakaton müsabiqəsi uğurla yekunlaşdı. Üç gün davam edən müsabiqədə gənclər Azərbaycanda, xüsusilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında “yaşıl” və rəqəmsal enerji texnologiyalarının tətbiqi, bərpa olunan enerji resurslarından istifadənin genişləndirilməsi və enerji təhlükəsizliyinin gücləndirilməsi üçün innovativ ideyalarını təqdim etdilər. Müxtəlif ali təhsil müəssisələrinin tələbə və məzunlarından formalaşan komandaların qatıldığı gərgin mübarizədə iştirakçılar “enerji və əşyaların interneti”, “enerji və süni intellekt”, “enerji və rəqəmsal iqtisadiyyat” mövzularında öz bilik və bacarıqlarını nümayiş etdirdilər.

“İki sahil” xəbər verir ki, SOCAR-ın prezidenti Rövşən Nəcəf müsabiqənin qaliblərini təbrik edərək hakatonun mövzusunun ölkəmizin strateji hədəfləri istiqamətində müəyyənləşdirildiyini, bu xüsusda Azərbaycanda yeni və innovativ ideyaların formalaşmasına, bərpa olunan enerji mənbələrinin inkişafına, yüksəkixtisaslı kadr potensialının gücləndirilməsinə dəstək olmaq məqsədi daşıdığını bildirib. Qarabağın “yaşıl enerji” zonasına çevrilməsinin dövlət başçısının müəyyənləşdirdiyi müasir inkişaf strategiyasının əsas tərkib hissəsi olduğunu vurğulayan SOCAR prezidenti, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa olunan enerji resurslarının tətbiqi ilə regionda kiçik və orta biznes subyektlərinin inkişafına, məşğulluq səviyyəsinin yüksəldilməsinə və regionun enerji təhlükəsizliyinin gücləndirilməsinə dəyərli töhfə veriləcəyini söyləyib. SOCAR-ın enerji keçidi, rəqəmsallaşma və innovasiya kimi strateji təşəbbüslərindən bəhs edən Rövşən Nəcəf, alternativ enerji mənbələri, data analitika, süni zəka əsaslı qərarvermə, əşyaların interneti kimi sahələrdə gənclərin uğurlu çıxışından məmnunluğunu ifadə edib.

Mükafatlandırma mərasimində çıxış edən BANM-in rektoru Elmar Qasımov hakatonun istedadlı gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, innovativ ideyalarının təqdim olunması baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Yarışda innovativ düşüncələrə sahib gənclərin maraqlı layihələr təqdim etdiklərini diqqətə çatdıran Elmar Qasımov müsabiqənin həm yeni dostluqların yaranması, həm də bilik mübadiləsi üçün əlverişli mühit yaratdığını bildirib.

4SİM-in icraçı direktoru Tamerlan Tağıyev gənclərin layihəyə olan böyük marağını vurğulayaraq müsabiqənin əhəmiyyəti barədə danışıb. Qlobal iqtisadiyyatda Dördüncü Sənaye İnqilabının və rəqəmsallaşmanın diktəedici və həlledici rolundan bəhs edən 4SİM-in icraçı direktoru bu prosesdə Azərbaycanın mövqeyinin gücləndirilməsinin və aparıcı ölkələr sırasında yer almasının qarşıda duran məqsədlərdən olduğunu bildirib.

Tamerlan Tağıyev innovativ ideyalara malik istedadlı gənclərə dəstək olmaq, ölkəmizdə rəqəmsal bilik və bacarıqları, həmçinin innovasiya ekosistemini inkişaf etdirmək üçün belə layihələrin gələcəkdə də keçirilməsinin planlaşdırıldığını qeyd edib.

Uyğun sahələr üzrə mütəxəssislərdən ibarət münsiflər heyətinin dəyərləndirməsindən sonra “Hydroponics” komandası birinci, “Zəngəzur” komandası ikinci, “Generation Z” komandası isə üçüncü yerin qalibi olub. “Ən kreativ komanda” və “Ən əzmkar komanda” nominasiyaları üzrə həvəsləndirici mükafatlara “Outliers” və “DataMass” komandaları layiq görülüblər.

İlk üç yeri tutan komanda müvafiq olaraq 5000 manat, 3000 manat və 2000 manat məbləğində mükafatla təltif olunublar. Bundan başqa, həvəsləndirici mükafatlara layiq görülən iki komandaya 500 manat məbləğində mükafat verilib.  

Komandalara mükafatları SOCAR-ın prezidenti Rövşən Nəcəf, 4SİM-in icraçı direktoru Tamerlan Tağıyev və BANM-in rektoru Elmar Qasımov təqdim ediblər.

Eyni zamanda “Enerji və Dördüncü Sənaye İnqilabı” hakaton müsabiqəsində fəal iştirakına görə münsiflərə, mentorlara, könüllülərə və tədbirin təşkilatçılarına təşəkkürnamələr təqdim edilib.

Onlar arasında Bakı Ali Neft Məktəbinin əməkdaşları da var. I "Yüksəliş" müsabiqəsinin qalibi, SOCAR-ın Caspian Innovation Center  (Xəzər İnnovasiya Mərkəzi) şirkətinin Baş əməliyyat direktoru, həmçinin BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının müəllimi Orxan Quliyev, Ali Məktəbin  Karyera və tələbələrlə iş şöbəsinin rəisi Emil Aslanlı Hakaton yarışında təşkilatçı olaraq fəal iştiraklarına,  Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının müəllimləri Ramil Şükürov, Aygül Musayeva, İlkin Balazadə və Nicat Həsənov isə mentor olaraq göstərdikləri dəstək və səmərəli əməkdaşlığa görə təltif olunublar.