30 sentyabr 2022 00:25
481

Vətən müharibəsi şanlı tariximizdir

2020-ci il sentyabrın 27-də işğalçı Ermənistanın Qarabağda növbəti təxribatına cavab olaraq əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusu 44 günlük Zəfər yürüşü ilə ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Silahlı Qüvvələrimiz hər bir kənd, qəsəbə, şəhər, yüksəkliyin düşməndən təmizlənməsi uğrunda rəşadətlə mübarizə apardı, böyük tarixi nailiyyətlərə imza atdı. Vətən müharibəsi Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, iradəsi, müzəffər Ordumuzun rəşadəti və qəhrəmanlığı nəticəsində zəfərlə başa çatdı. Bu tarixi Qələbə əbədiyaşar şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazanıldı və Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazıldı.

Sentyabrın 27-dən başlayıb noyabrın 10-da bitən 44 gün ərzində 30 illik həsrət və nisgil bitdi, Azərbaycan döyünən ürəyinə, bir parçasına qovuşdu. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər  Ali Baş Komandan cənab İlham Əliyev və Milli Ordumuz Azərbaycan tarixində yeni salnamə yazdı.

Ölkə başçısının fəaliyyəti dövründə hər zaman xalqımıza müraciətlərində Qarabağdan söhbət açıb, onun bir gün geri qaytarılacağını əminliklə söyləyib. Beynəlxalq təşkilatların kürsülərində, xarici qonaqlarla görüşlərində eyni fikirlər hər dəfə səslənib.

Qarabağ müharibəsi onu təsdiq etdi ki, xalq-dövlət birliyindən güclü qüvvə ola bilməz. Elə bu qüvvə də qələbəmizin səbəbkarı oldu. Bu gün ölkə başçısının rəhbərliyi ilə işğaldan azad edilən ərazilərdə görülən genişmiqyaslı işlər bu torpaqlara yenidən həyatı qaytarır.

Azərbaycan torpaqları qarış-qarış, kənd-kənd işğaldan azad edildi. Uzun illərdən sonra doğma torpaqlarımızda yenidən üçrəngli şanlı bayrağımız ucaldıldı. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, ordumuzun şücaəti hesabına qazandıq... Ona görə 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq.

Qeyd etmək istəyirəm ki, son bir neçə ilin statistikasına əsasən, ölkəmiz müasir silahlanmaya görə, Avropada 2-ci, dünyada 3-cü yerdə qərar tutub. Şübhəsiz ki, bütün bu uğurlar dövlətimizin başçısının həyata keçirdiyi məqsədyönlü ordu quruculuğu siyasəti sayəsində mümkün olub.

Əgər belə olmasaydı, hazırda Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etmək üçün BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalan 4 qətnaməsini təkbaşına reallaşdıra, hərb meydanında düşmənə qalib gələ, cəbhə xəttinin bütün istiqamətlərində əməliyyat şəraitinə tam nəzarət edə bilməzdi.

Azərbaycanda ordu quruculuğu məsələləri daim nəzarətdədir. Rəşadəti ilə düşməni və onun havadarlarını vahiməyə salan yenilməz ordumuz bundan sonra da güclənəcək, hələ uzun illər dövlət rəhbərliyinin diqqət mərkəzində qalacaqdır. 44 günlük Vətən müharibəsində parlaq qələbənin əldə olunmasında digər ordu birləşmələrimizlə yanaşı, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin xüsusi təyinatlı qüvvələrinin də rolu yüksək və danılmazdır.

Vətən müharibəsindəki qələbəmizə həsr olunan zəfər paradında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin söylədiyi kimi bu 44 günlük döyüşün hər bir anı bizim şanlı tariximizdir.

Azərbaycan Prezidenti həmişə bəyan edib ki, ölkəmizin ərazisində ikinci erməni dövlətinin yaradılmasına heç bir zaman imkan verməyəcəkdir. Bunun üçün müxtəlif təxribatlara əl atan düşmən və sığındığı qüvvələr tərəfimizdən daim susdurulub. Artıq Azərbaycan öz dəmir yumruğunu düşmənin başına qətiyyətlə endirdi və dövlət başçısı xalqımızın tarixi zəfəri ilə öz sözünün sahibi olduğunu təsdiq etdi.

“Qarabağ Azərbaycandır və nida işarəsi” ifadəsini qələbəmizin rəmzinə çevirən Prezident, Ali Baş Komandan İlham Əliyevin fəxrlə söylədiyi bu ifadə həyatda təsdiqini tapdı.

Binyamil Qüdrətov,
2 saylı Bakı ASAN xidmət mərkəzinin böyük məsləhətçisi